HEYHAT MİNNA ZİLLƏH!
N 167
Zilhiccə-2 - 1425
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
HƏCCİN FƏLSƏFƏSİ
Mübarək Zilhiccə ayındayıq. Bu günlərdə dünyanın hər yerindən olan zəvvar karvanları Beytullaha - Məkkeyi-Mükərrəməyə üz tutur. Qəlbləri İlahi eşqlə şö'lələnən, yüksək mə'nəvi durum halında bulunan insanlar, Rəbbləri ilə razu-niyaz etməyə, əhdlərini təzələməyə can atırlar.
Sovet rejimi dağılandan sonra, Allahın sonsuz lütfü ilə, müqəddəs Kə'bə evini ziyarət etmək səadəti bizim həmvətənlərimizə də nəsib oldu. Lakin, əfsuslar olsun ki, həmvətənlərimizin həcc yolu, digər zəvvarlarda olduğu qədər hamar deyildir. Bu sahədə mövcud olan problemlər hamıya bəllidir. Lakin, hazırki yazıda məqsədimiz bu problemlər və digər mənfi halların üzərində dayanmaq deyildir. Bu dəfə biz heç də ondan yazmaq istəmirik ki, Vətənimizdə həcc ziyarətinin təşkili həddən artıq yarıtmaz bir şəkildədir, və bu baxımdan bu il də istisna olmadı. Eləcə də, bu sahədə hökm sürən inhisarçılıq, paralel surətdə ziyarəti təşkil etmək istəyən təşkilatlara sün'i surətdə yaradılan maneələr də bu mətnin mövzusu deyil. Biz onun da üstündə dayanmaq istəmirik ki, din sahəsinin mə'murları arasında yer almiış nəfsani intriqalara görə bu il yüzlərlə zəvvarın Kə'bə evini ziyarət etmək arzusu ürəklərində qaldı. Bir arzu ki, onun reallaşması üçün zavallı zəvvarlar illərlə, qəpiyi qəpik üstünə qoyub vəsait toplayıblar. Bundan əlavə, zəvvarlara qulluq etməli olan, işdə isə onlarla hüquqsuz xahişçilər kimi davranan səfirlik işçilərinin izaholunmaz, anlaşılmaz təkəbbürünün əsl səbəblərinə də varmaq fikrimiz yoxdur. Biz 2001-ci illə də paralel aparmaq istəmirik, hansı ki, bəzi din mə'murlarının "hədiyyələri" nəticəsində, yüzlərlə zəvvarrımız İordaniyanın Səudiyyə Ərəbistanı ilə sərhədində saxlanılıb, həcc ziyarətini yerinə yetirməkdən məhrum edilmişdi.
Biz hətta din adından mə'murluq edənlərin KİV-də mütəmadi sözgüləşdirmələrinin də üzərində dayanmaq istəmirik. Zira, həcc öncəki mərhələdə din mə'murlarının bu sözgüləşdirmələri o mərtəbəyə çatdı ki, bir-birilərinin region mənsubiyyətlərini qabartmağa, hətta - nə qədər ikrahedici və iyrəncdir bu - yağı düşmənin tapdağı altında olan müqəddəs Vətən torpaqlarından imtina etməyə qədər gedib çatdılar.
Biz çalışacağıq ki, burada həccin yalnızca maarifləndirici tərəfinə bir qədər nəzər salaq. Nə üçünsə, məsələnin bu tərəfi çox vaxt unudulur. Axı həcc, bə'zilərinin düşündüyünə rəğmən, ekskursiya deyil, hansısa ad almaq üçün gedilən yer deyil, ən başlıcası isə - gəlir mənbəyi olmalı deyil. Lakin, əfsuslar olsun ki, Azərbaycan reallığında bunun əksini müşahidə edirik.
Əslində isə, həcc - mə'nəvi paklanma və kamilliyə yetişmə üçün bir ruhi akademiyadır. Bu akademiyaya daxil olan hər bir kəs qəlbini hər bir ətalətdən, vəsvəsəli narahatçılıqdan təmizləməlidir. O, vücudunu əsir edən, bu akademiyanın həqiqi dinləyicisinə çevrilməyə ona maneçilik törədən bütün səddləri qəlbindən təmizləməlidir.
Bütün işlərində Uca Rəbbə təvəkkül etməli və Ona sığınmalıdır zəvvar. Həcc yoluna qədəm qoyan şəxs, bu yolun çətinliklərini qəbul etməli və taleyin bütün gözlənilməz eniş-yoxuşlarına hazır olmalıdır. Zəvvar, iradəsini əsir edən bütün dünyəvi asılılıqlardan, digər insanlara ehtiyacını ödəyəcək bir qüvvə kimi baxmaqdan özünü xilas etməlidir.
Həccə hazırlaşarkən, zəvvar ətrafdakı insanlara qarşı olan öhdəliklərinin yerinə yetirilməsinə xüsusi diqqət yetirməlidir. Müqəddəs Kə'bəni ziyarət etmək üçün yola düşən zəvvar, öz gücünə, qüvvəsinə, var-dövlətinə bel bağlamamalıdır. O, yol azuqəsinin və səfər üçün istifadə etdiyi nəqliyyatın yüksək səviyyədə hazırlığı ilə özünü arxayın etməməlidir. Belə ki, arxalandığı ünsürlər onun üçün sınaq və məşəqqətlər mənbəyi ola bilər. O, nəzərlərini Rəbbinə yönəltməli və hər bir işində Ona təvəkkül etməlidir. Zəvvarın güvənliyi, onu bu vücudi kamillik yürüşünə Də'vət Edənin mütləq qüdrətinə söykənməlidir...
Ariflər söyləyirlər ki, Kə'bə zəvvarı özünü dünyapərəstlikdən o qədər uzaq tutmalıdır ki, sanki o, bu yürüşdən geri qayıtmayacaqdır. Zira, əgər zəvvar, şəxsiyyətinin islahatını apara bilməsə, öz həqiqi fitrətinə qayıdış edə bilməsə, İlahi məğfirətin təsəvvürəgəlməz dühasında özünü daxili və xarici bütlərdən təmizləyə bilməsə - demək öz şərəfli vəzifəsini yerinə yetirməmiş olur o.
Həcc yolunda olan zəvvar təqva və nəzakət təcəssümü olmalıdır. O, öz şəxsi keyfiyyətləri, mənəvi-əxlaqi durumu, səxavət və mərhəməti ilə bir nur kimi ətrafını işıqlandırmalıdır.
Rəbbi qarşısında tövbə edir, çirkinliklərdən təmizlənir, vücudi və cismani paklığın harmoniyasını əks etdirən ağ libaslarla ehramlanır zəvvar. İlahi zikr və ibadətdən onu uzaqlaşdıra biləcək hər hansı bir şeydən qoruyur özünü Kə'bə yolçusu. "Ləbbeyk!" - deyə fəryad edir o - "Ya Rəbbim! Ey Ulu Yaradanım! Sənin də'vətinlə hüzura doğru gəlmişəm!". Və İlahi də'vətə qovuşmaq üçün, İlahi ipdən möhkəm yapışaraq irəliyə can atır bəndə...
Və qədəm qoyur o müqəddəs torpağa. Və təvafa başlayır o - bütün mövcudatla bir yerdə, gözəl bir harmoniyada bulunaraq dövr edir o müqəddəs Kə'bənin ətrafında.
Minada mənfur İblisə daş atarkən, bütün vücudu ilə rəzilliklərə və alçaqlıqlara "YOX!" - deyir o. Bütün qəlbi ilə həm öz daxilində, həm xarici aləmdə yuva salmış zülmə qarşı e'tiraz edir zəvvar. Qurban kəsərkən, o, Allah yolunda ehsan etməyin mədəniyyətinə varmağa çalışır. Saçını qırxarkən, qəlbini hörümçək tək tora bürümüş natamamlıq və çirkablardan təmizləyir sanki zəvvar.
Biz burada həccin yalnız bir neçə elementini açıqlamağa çalışdıq. İslamın əsas sütunlarından biri olan, insanın öz həqiqi fitrətinə qayıdışına təkan verən bir ibadət olan həccin fəlsəfəsinə bir qədər nəzər salmaq istədik burada.
Əlbəttə ki, yuxarıdakıları oxuyarkən, oxucu sual edə bilər ki, "Bəs hanı bu mübarək insanlar ki, öz ətrafına nur səpməlidirlər?! Bəs nə üçün biz reallıqda çox vaxt bunun əksini müşahidə edirik?! Bəs nə səbəbə həqiqətdə ziyarət edənlər həyatda bu qədər azdır?!"
Heyhat! Düz buyuracaqlar! Yüz dəfə düz buyuracaqlar! Ancaq nəzərə almaq lazımdır ki, Məkkə və Mədinəyə sadəcə səfər etməklə bu dəyərlər insana avtomatik olaraq aşılanmır. Açıq-aşkar bəllidir ki, ancaq İlahi qarşısında mənəvi məs'uliyyətin dərinliyənə varan, bu İlahi harmoniyaya qovuşmaq amalı ilə alovlanan insan, bu dəyərləri dərk edə, hiss edə, canına hopdura, onlarla yaşaya, və ən başlıcası isə - həyatını bu DƏYƏRLƏRƏ uyğun qura bilər...
Allahım! Bizlərə həqiqi insan missiyasının anım və qavrama şirinliyini, Həzrət Reyğəmbər (s), 12 İmam (ə) və Xanım Fatimənin (s.ə.) keçdiyi, mübarək qərar verdiyin yolun yolçularından olmaq şirinliyini nəsib et! AMİN!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof, İçərişəhər "Cümə" məscidinin imam-camaatı.
|