Həzrət Peyğəmbərdən (s) nəql edirlər:
"Allah-təala, Hüseyni sevən şəxsi sevir".
HƏDİS. Dəyərlər haqqında
İmam Hüseyndən (ə) nəql edirlər:
"Ölüm, ar içində yaşamaqdan üstündür".
HƏDİS. Əhli - Beytə (ə) məhəbbət haqqında
Rəsuli-Əkrəmdən (ə) nəql edirlər:
"Hər kim qəlbində ali-Mühəmməd (ə) /Əhli-Beyt/ eşqilə ölsə, şəhid kimi dünyadan getmişdir".
SOYQIRIM
26 fevral 1992-ci il Xocalı soyqırımı günüdür. İçərişəhər "Cümə" məscidinin dini icması bu faciəli tarixlə əlaqədar bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, Uca Allahdan xalqımız üçün səbr və təvəkkül diləyir.
AKTUAL
Fevral ayının 25-də Beynəlxalq Mətbuat Mərkəzində şəhidlər sərvəri İmam Hüseynin (ə) şəhadətinin 7-ci günü münasibətilə İçərişəhər "Cümə" məscidinin dini icmasının təşəbbüsü ilə elmi konfrans keçirilmişdir.
"Kərbəla: vətəndaş mövqeyi və azadlıq idealları" mövzusunda keçirilən bu konfransda ölkənin görkəmli ziyalıları, ictimai xadimləri, media nümayəndələri iştirak etmişdilər.
Tədbirdə öncə Xocalı faciəsində və eləcə də müqəddəs torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsi yad edildi, ruhlarına dua oxundu.
Konfransı giriş sözü ilə açan İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu bildirmişdir ki, əsrlərdən bəri azadlıqsevər insanların nümunəsi olan İmam Hüseyn (ə), əslində öz idealları uğrunda qeyri-zorakı mübarizə məktəbinin banisidir. Natiq qeyd etmişdir ki, Kərbəla vaqeəsinin mahiyyəti İmam Hüseynin (ə) "Toplumda ədalətsizlik və zülm yayan Yezidə mən heç zaman baş əyməyəcəyəm" - düsturu ilə ifadə olunan şüarında öz əksini tapmışdır. Mədinədən Kərbəlayadək davam edən bütün yol ərzində İmam Hüseyn (ə) zülm və istibdada qarşı qiyamının mahiyyətinin yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirmək kimi İlahi missiyadan qaynaqlandığını bəyan etmişdir. İmamın (ə) bəşəriyyətə mesacı "Heyhat minna zilləh" ("Zillət bizdən uzaqdır"), "Şərəfli ölüm, şərəfsiz həyatdan üstündür" kimi mübarək mövqedə əks olunan azadlıq və mərdlik dərsində təcəssüm olunur.
Daha sonra Hacı İlqar qeyd etmişdir ki, Kərbəla məktəbinin mühüm dərslərindən biri Xanım Zeynəbin (s.ə.) timsalında təzahür olunan İslamda kamil qadın obrazıdır. Qadının ictimada yüksəlişini, şüurlarda inqilabı simvolizə edən Xanım Zeynəb (s.ə.), "Mə raeytu illə cəmilə" ("Biz Kərbəlada gözəllikdən başqa bir şey görmədik!") bəyanı ilə estetikada yeni bir müstəvi kəşf etmişdir.
Çıxışının sonunda Hacı İlqar ziyalılara müraciətlə bəyan etdi ki, əsrlərə yönəlik bir passionarlıq nümunəsi olan Aşura məktəbini yaşatmaq üçün toplumda maarifçilik işi aparmaq günümüzün tələbidir.
Ölkənin görkəmli ziyalılarından olan Mürşüd Məmmədli klassik ədəbiyyatımızda Kərbəla dərslərini əks etdirən məqamlara toxundu, İmam Hüseyn (ə) qiyamının haqq və ədalət uğrunda mübarizə simvolu olduğunu qeyd etdi.
Tanınmış sənət ustadı Akif İslamzadə Kərbəla müsibətini şəhidliyin ən yüksək zirvəsi adlandırdı və bu müqəddəs anlayışın təhrif edilməsi cəhdlərini qətiyyətlə pislədi.
Politoloq Zərdüşt Əlizadə öz çıxışında bildirdi ki, çağdaş dövrümüzdə İmam Hüseynin (ə) uğrunda həyatını qurban verdiyi ideallar xüsusilə mühüm əhəmiyyət kəsb edir. O, "şəhidlərin nümunəsi - ümmət üçün gözəl bir örnək olmalıdır" - fikrini konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra çıxış edən S.Əkbər İslam maarifçiliyinin əhəmiyyətindən danışdı və bu kontekstdə keçirilən tədbirin çox mühüm olduğunu vuprğuladı.
Tarixçi Altay Göyüşov qeyd etdi ki, Həzrət Peyğəmbər (s) İmam Hüseyni (ə) sevməyi ümmətə vacib buyurmuşdur. Natiq bəyan etdi ki, bu sevgi İmam Hüseynin (ə) amallarına riayət etməkdə təzahür olunmalıdır.
Tanınmış hüquqşünas İsaxan Aşurov "Cümə" məscidi dini icmasında təmsil olunmuş insanların dövrümüzdə İmam Hüseyn (ə) ideallarını yaşadan bir cəm olduğunu bildirmiş və qeyd etmişdir ki, icma həmin idealları forma və məzmunca gözəl bir surətdə topluma çatdırmağa müvəffəq olur.
Tanınmış yazar Z.Hacı saflıq, ədalət, mübarizlik kimi dəyərlərin ictimada yaşanmasının zəruriliyi haqqında danışdı.
Adil Hüseynov öz çıxışında İmam Hüseynin (ə) "Mən yaxşılığa dəvət etmək, pisliklərdən çəkindirmək və Rəsulullahın (s) dinini yaşatmaq üçün qiyam etdim" bəyanının bu mübarək inqilabın ana xətti olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırdı. Natiq qeyd etdi ki, İmam Hüseyn (ə) şəhadət şərbətini içərək zülmə, ədalətsizliyə, rəzilliyə "Yox!" - dedi. Öz şəhadəti ilə düşmənləri məğlubiyyətə uğratdı.
Tarixçi, millət vəkili Cəmil Həsənli öz çıxışında bildirdi ki, insanın faciəsi onun haqqdan uzaq düşməsindən başlayır və haqq uğrunda mübarizənin ən parlaq nümunəsi kimi İmam Hüseyn (ə) hərəkatını təqdim etdi. O, tarixən İmam Hüseyn (ə) tə'ziyyəsinin ən çox yaşanan yerlərdən birinin məhz Azərbaycan olmasının da mühüm bir fakt olduğunu vurğuladı.
A.Nərimanoğlu: "İmam Hüseyn (ə) Kərbəla çölündə mərdlik və şücaətə bir abidə ucaldaraq, bəşəriyyətə qəhrəmanlıq dərsi miras qoydu" - deyə bildirdi. O, həmçinin qeyd etdi ki, İmam Hüseyn (ə) məktəbinin yaşadılması məsələsində əzadarlıq məclisləri xüsusi əhəmiyyət kəsb edir.
Görkəmli politoloq Hikmət Hacızadə "Cümə" məscidinin dini icması ətrafında toplanan cəmin həqiqi islami dəyərlərin daşıyıcıları olduğu barədə fikir səsləndirdi. Kərbəla vaqeəsinə toxunaraq, H.Hacızadə bildirdi ki, İmam Hüseyn (ə) bəşərə nicat gətirən böyük şəxsiyyətlərdəndir.
Hacı Namiq Aşura məktəbinin həm fərdi, həm ictimai müstəvidə qarşılıqlı surətdə həqiqi bağlılığını təhlil etdi və hər zaman İmam Hüseyn (ə) təhrif etmək cəhdlərinin puçluğunu bəyan etdi.
N.Allahverdiyev "Hər gün Aşuradır, hər yer Kərbəla" mübarək kəlamının dərin fəlsəfəsini konfrans iştirakçılarının diqqətinə çatdırdı. O, gündəlik həyatda həqiqi vətəndaş mövqeyinin təzahür edilməsinin vacibliyini xüsusilə vurğuladı.
Hacı Fuad ictimada Aşura məktəbinin yaşanmasının, ümumilikdə toplumda İlahi dəyərlərin yaşanması üçün taleyüklü bir əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Konfransın sonunda çıxış edən tanınmış hüquq müdafiəçisi Arzu Abdullayeva bu mövzuların vətəndaş cəmiyyətinin inkişafı üçün təkanverici bir amillərdən olduğunu bildirdi.
Sonda tədbir iştirakçılarına üzərində Aşura səhnələrindən birini əks etdirən miniatür rəsm olan xatirə təqvimləri hədiyyə edildi.
ÖTƏN HƏFTƏ
İçərişəhər "Cümə" məscidi dini icmasının təşəbbüsü ilə "Hər gün Aşuradır, hər yer Kərbəla" mövzusunda elmi konfrans keçirimişdir. 30-dan artır müsəlman təşkilatının qatıldığı bu forumda Aşura gününün yaxınlaşması ilə əlaqədar ölkə ictimaiyyətinə müraciət qəbul edilmişdir.
Aşura günü münasibətilə "Cümə" məscidi dini icması tərəfindən çoxsaylı insanların iştirakı ilə tə'ziyyə məclisi təşkil edilmiş, sonra isə yüzlərlə icma üzvü Şəhidlər Xiyabanı ziyarət etmişdir.
"Əsma-ul-Hüsna" ("Allahın gözəl adları") proqramının koordinatoru Hacı İlqar İbrahimoğlunun təşəbbüsü ilə Aşura günü qanvermə mərasimi keçirilmişdir. Proqram çərçivəsində Ərbə'in (İmam Hüseyn (ə) və onun silahdaşlarının şəhadətinin 40-cı günü) münasibətilə geniş qanvermə kampaniyasının keçirilməsi qərara alınmışdır.
Məhərrəm ayı başlanandan bəri ölkənin aparıcı qəzetlərində Hacı İlqar İbrahimoğlunun müəllifliyi ilə İmam Hüseyn (ə) qiyamının fəlsəfəsini açıqlayan silsilə maarifçilik yazıları dərc edilmişdir.
Məhərrəm ayının əvvəlindən başlayaraq "Cümə" məscidi dini icması əzadarlıq məclisləri təşkil etmiş, məscidin imam-camaatı Hacı İlqar İbrahimoğlu tərəfindən Kərbəla qəhrəmanlıq salnaməsinin fəlsəfəsini açıqlayan mövzularda silsilə xütbələr oxunmuşdur.
"Avropa" hotelinin konfrans zalında tanınmış tədqiqatçı Arif Yunusovun "Azərbaycanda İslam" kitabının prezentasiyası keçirilmişdir. Bu sahədə ciddi elmi mənbə olan həmin kitabda İçərişəhər "Cümə" məscidi dini icmasının fəaliyyəti geniş əksini tapmışdır.