Ey Hüseyn (ə) aşiqləri! Ey öz mübarək əməlləri ilə İlahi kamillik yoluna rövnəq verən şərəfli Əba Əbdillah (ə) əzadarları! Əziz Cümə əhli!
Mart ayının 31-də, cümə axşamı günü, ərbə'in günündə - İmam Hüseynin (ə) öz qəhrəman məsləkdaşları ilə birlikdə Kərbəlada şəhadətə çatmalarının 40-cı günü münasibətilə Allah rizasına xəstə körpələrə bir miqdar öz qanlarınızı hədiyyə etmək üçün gözəl bir fürsətdir!
Mütəal Allah gözəl ehsanlarınızı qəbul etsin, inşəallah!
"ƏSMA - ÜL - HÜSNA" ("Allahın gözəl adları")
1998-ci ildən başlayaraq İçərişəhər "Cümə" məscidi dini icmasının təşəbbüsü ilə, Azərbaycanda ilk dəfə olaraq, məhərrəmlik aylarında, İmam Hüseynin (ə) və onun məsləkdaşlarının Kərbəlada şəhadətə yetişmələri münasibətilə, müsəlman bacı və qardaşlar talassemiya xəstəliyinə düçar olmuş uşaqlara öz qanlarını hədiyyə etmişlər. 2002-ci ilin əvvəlindən e’tibarən isə, problemin daha sistemli həlli üçün, İçərişəhər "Cümə" məscidi dini icması, talassemiyalı xəstə uşaqların valideynlərinin "Savab dünyası" assosiasiyası ilə birlikdə, "Əsma-ül-hüsna" ("Allahın gözəl adları") proqramını təşkil etmişdir. Proqramın ali məqsədi - "qan bacı və qardaşların"dan ibarət qəyyumlar qrupu təşkil edərək, donor qanına möhtac olan mə'sum körpələrin ehtiyacını daimi əsasda həll etməkdir. Bundan sonra tək məhərrəmlik aylarında deyil, əziz İslam Peyğəmbərinin (s), Həzrət Fatimeyi-Zəhranın (s.ə.), mə'sum İmamların (ə) mövlud və şəhadət günləri ilə əlaqədar olaraq da, qanla təchizat prosesi intensivləşdirilmişdir.
Hər il olduğu kimi, bu il də - mart ayının 31-də İçərişəhər "Cümə" məscidi dini icması, İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin ərbə'ininə (40-cı gününə) həsr edilmiş qanvermə mərasimi keçirir. Yığılan qanlar talassemiya xəstəliyinə düçar olmuş uşaqlara hədiyyə ediləcəkdir.
HƏDİS. İlahi lütfün təzahürü haqqında
Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Hər vaxt ki, Allah Təala bəndənin yalvarışlarına xeyir nəzər salar, onda məğrur olmaması üçün bəndənin yaxşılıqlarını onun nəzərindən uzaqlaşdırar və eləcə də bəndənin pisliklərini onun gözünün qarşısına gətirər ki, (bunları unutmasın və özünü islah etməkdən uzaqlaşmasın) və Allahı xatırlamaqdan üz döndərənlərlə oturub-durmaqdan ikrah duydurar".
HAŞİYƏ. Mübarək İslam məntiqinə görə insanın xalis yalvarışları Uca Rəbbin xeyir nəzər salmasına səbəb olar. Və bu İlahi diqqət nəticəsində insanın müsbət əməlləri onun öz nəzərində kiçilər. İlahi lütf nəticəsində, insanı çox zaman məğrur edə bilən, onun özünə arxayın olmasına gətirib çıxaran, həqiqi bəndəçilik durumundan uzaqlaşdıran amillərdən birinin - insanın öz müsbət əməllərini qabartmasının qarşısı alınır. Digər tərəfdən, vücudi özünütənqid, özünüislah durumunun insanda yaranması üçün, insanın mənfi əməlləri onun özü üçün qabardılar, diqqəti bu kimi işlərə cəlb edilər. Və bunlarla yanaşı, insanın xəstə, onu tənəzzülə apara biləcək bir mühitdən qorunması üçün, onda bir immunitet yaradılır.
Necə gözəl bir lütf! İnsan xalis yalvarış edərkən, ona vücudi oyanışı labüd edən bir durum hədiyyə edilir. Həqiqətən də, insan yalnız Allaha tapındıqda, kamillik yolunun yolçusu olmaq istədikdə, Allahın buyurduqlarından başqa hər şeyə "Yox!" deyir. Rəbbi qarşısında dua, münacat, vücudi yalvarış nəsib olan bir ləyaqətdən, Uca Allahın ona xüsusi bir inayət göstərməsindən faydalanaraq, bəndəlik məqamınadək ucala bilir. Həqiqi bəndəlik praqmatizminə yiyələnən insan, müsbətlikləri ilə öyünməz, onların artırılmasının qeydinə qalar, mənfiliklərdən qurtular, qəlbi Allah zikri ilə yaşayanlarla harmonik bir ahəngə qovuşar.
Allahım! Bizə həqiqi bəndələrin tək Sənin qarşında yalvarış və münacat mədəniyyətinə yiyələnməyi nəsib et!
Allahım! Bizləri yaxşı əməlləri ilə öyünməyənlərdən, pisliklərini daim islah edənlərdən qərar ver!
Allahım! Həzrət Mehdinin (ə.f.) həqiqi müntəzirlərindən olmaq səadətini bizə nəsib et! AMİN!
TARİX
Hicri 37-ci il, səfər ayının 18-də (bu il üçün - mart ayının 29-na uyğun gəlir) "Siffeyn" müharibəsində İslam Peyğəmbərinin (s) ən şərəfli ardıcıllarından biri olan Üveys Qərani şəhadətə yetişmişdir.
1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün Səfər ayının azan vaxtlarının CƏDVƏLİ
Səfər ayı
Mart
Sübh azanı
Günəş çıxır
Zöhr
azanı
Şam
azanı
Gecə
yarısı
14
25
5-15
6-36
12-47
19-15
00-14
15
26
5-13
6-34
12-46
19-16
00-13
16
27*
6-11
7-33
13-46
20-17
01-13
17
28
6-09
7-31
13-46
20-18
01-13
18
29
6-07
7-29
13-45
20-19
01-12
19
30
6-06
7-28
13-45
20-20
01-12
20
31
6-04
7-26
13-45
20-21
01-11
DİQQƏT: * - Saatların 1 saat irəli çəkilməsi ilə əlaqədar olaraq, mart ayının 27-dən cədvəldə dəyişikliklər edilmişdir.
ÖTƏN HƏFTƏ
Martın 22-də İRLA - Beynəlxalq Din Azadlığı Assosiasiyası Azərbaycan bölməsinin hesabat-seçki yığıncağı keçirilmişdir. İlqar İbrahimoğlu yenidən İRLA Azərbaycan bölməsinin baş katibi, professor Əli Abbasov isə qurumun prezidenti seçilmişlər.
Beynəlxalq Din Azadlığı Assosiasiyası 1893-cü ildə tə - sis edilmişdir. Assosiasiyanın dünyanın 70-dən çox ölkəsində bölmələri mövcuddur. Assosiasiyanın fəaliyyətinin məqsədi vicdan və din azadlığı prinsiplərinin, dini e'tiqad azadlığının, o cümlədən, hər bir insanın fərdi qaydada və yaxud digərləri ilə birlikdə öz inancına riayət etmək hüququnun, tolerantlığın və konfessiyalararası sülhün yayılmasına yardımçı olmaqdır. İRLA, BMT-nin məsləhətçi üzvüdür.
İRLA Azərbaycan bölməsi 2002-ci il sentyabr ayının 30-da tə'sis edilmişdir. İRLA Azərbaycan bölməsinin DEVAMM-la birgə həyata keçirdiyi sistemli və ardıcıl fəaliyyəti nəticəsində din sahəsində olan vəziyyətin pisləşməsinin qarşısını almağa müvəffəq olunmuşdur. Bölmənin DEVAMM-la birgə keçirdiyi monitorinqlərin, maarifləndirici işin, KİV-lə məhsuldar əməkdaşlığın nəticəsində, Bakı şəhərinin bir sıra orta və ali məktəblərində inanclı tələbələrin, şagirdlərin və müəllimələrin hüquqlarının pozulması halları aradan qaldırılmışdır. Qaraçuxur qəsəbəsində öncədən qadağan edilmiş azanın verilməsi bərpa edilmişdir. Bundan əlavə, dini icmaların qeydiyyatı ilə bağlı vəziyyət bir qədər yaxşılaşmış, dini ədəbiyyata olan senzura bir qədər zəiflləmişdir.
İRLA Azərbaycan bölməsi DEVAMM-la birgə başörtüklü fotoşəkilli pasport almaq hüququ uğrunda mübarizə aparan Rusiyanın inanclı xanımlarına metodik və məsləhət xarakterli yardım etmişdir. 2003-cü ilin may ayının 15-də Rusiya Ali Məhkəməsi müsəlman xanımların başörtüklü fotoşəkilli pasport almaq hüququnu təsdiq etmişdir.
İRLA Azərbaycan bölməsi bundan sonra da din azadlığının, dini etiqad və vicdan azadlığının müdafiəsinə, cəmiyyətdə tolerantlığın və qarşılıqlı hörmətin yayılmasına yönələn fəaliyyətini davam etdirəcəkdir. Bölmənin gələcək planları haqqında danışarkən, İ.İbrahimoğlu ilk növbədə dini icmaların qeydiyyatı problemini, "Cümə" məscidi dini icmasının pozulmuş hüquqlarının bərpasını, inanclı qadınların başörtüyü problemini, dini ədəbiyyata olan senzuranı (bu sahədə vəziyyət elə bir böhran həddə çatmışdı ki. hətta "Nəhcül-bəlağə" kimi kitabları da qadağan etməyə cəhd etmişdilər), ictimada dözümlülük ab-havasının yayılmasını prioritet məqsədlər kimi qeyd etmişdir.