Biz, böyük İslam Peyğəmbəri, yaranmışların əşrəfi - Həzrət Muhəmmədin (s) mübarək mövludu günlərini yaşayırıq. Məkanından, millətindən, irqindən, savadından asılı olmayaraq, Rəsulullahın (s) mübarək mövludu bütün müsəlmanlar üçün ən böyük bayramdır.
Lakin, çağdaş dövrümüzdə bəşər övladının yaşadığı dərin vücudi böhran, insana aşılanan yersiz təşvişlər, onun qarşıya çıxan problemlərdən düzgün yol tapa bilməməsi, bu əziz bayramın tam anlanılmasına və ondan lazımınca bəhrələnməyə imkan vermir. Ey, kaş, bizim kiçicik planetimiz dözümsüzlüklə, qarşılıqlı mehribanlıq və səmimiliyin kasadlığı ilə bu cür dolu olmayaydı!
Bəs bu ağır durumdan necə çıxış yolu tapmaq olar, məhvə aparan yoldan necə dönmək olar?
Bəlkə elə bir fürsətdir ki, Həzrət Rəsulullahın (s) əziz mövludu günlərində bir nəzər salaq, görək onun mübarək gəlişi ilə dünyada nələr dəyişmişdir? Bir təhlil edək, anlamağa çalışaq ki, onun GƏLİŞİNİN ümumbəşəri, taleyüklü əhəmiyyəti nədən ibarətdir? Uca Allahın Qur'ani-Kərimdə "peyğəmbərlərin möhürü" adlandırdığı bu misilsiz şəxsiyyətin gəlişi nəticəsində nələr baş vermişdir?
İlahi elçilərdən sonuncusunun bu gəlişi ilə yeni eranın - Qiyamət günündən qabaqkı axırıncı dövrün başlanğıcı qoyulmuşdur. Rəsulullahın (s) gəlişi ilə kamil insan yetişdirmək kimi nəcib bir vəzifə müəyyənləşmişdir. Burada elm nurunun cəhalət zülmətini bilmərrə üstələməsi dövranı başlanmışdır. Burada "Lə İləhə İlləllah" fəlsəfəsi - bütlərə, ədalətsizliyə, ətalətə, vicdansızlığa, xurafata, qaragüruhçuluğa, cəhalətə qətiyyətli "Yox!" deyən bir fəlsəfə bəşəriyyətə çatdırılır. Burada "Muhəmmədun Rəsulullah" hikməti - Həzrət Muhəmmədin (s) Allah Elçisi, nəbilərin sonuncusu, peyğəmbərlərin möhürü olması, bəşəriyyətin vicdanı, iman gətirənlərin örnəyi və ilk növbədə "Əbdullah hikməti" - Allahın həqiqi bəndəsi olması hikməti insanlara aşkar edilir.
Həzrət Muhəmmədin (s) mübarək varlığı, həyatdan yalnızca gözəlliklər əxz etmək istəyən insan üçün həqiqi bir xəzinədir. Əziz Rəsulullahın (s) kəlamlarında bütün vücudi suallarımıza cavab tapa bilirik. Burada insanlara məhəbbət də var: "İmandan sonra ən yaxşı əməl insanlara qarşı sevgidir". Burada İlahi müdriklik də var: "Müdriklik ona bənzəyir ki, mö’min sanki itirdiyi bir şeyini tapır - belə ki, kimdən eşitdiyinə və haradan gəldiyinə əhəmiyyət verməyərək, götürər". Burada cəhalətin qınanması da var: "Ya alim ol, ya tələbə, ya dinləyən ol, ya elmi sevən - amma bu sırada beşinci (yə'ni, cahil) olma - bu uçuruma aparan (bir yoldur)". Burada valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı da var: "Sizin evlərdən ən yaxşısı odur ki, orada yetimin hüququ qorunur". Burada qadına xüsusi münasibət tələbi də var: "Sizləri məxsusən iki kateqoriyaya aid müdafiəsiz insanların: yetimlərin və qadınların hüququnu qorumaq barədə xəbərdar edirəm". Burada ailəyə xüsusi diqqət də var: "O vaxt ki, ər xanımına, xanımı da ərinə (nəvaziş ilə) baxar, uca Allah da onlara xüsusi rəhmətlə nəzər salar". Burada uşaq tərbiyəsinə xüsusi diqqət də var: "Allah Təala sevir ki, siz uşaqlarınız arasında ədalətin gözlənilməsinə xüsusi diqqət yetirəsiniz - hətta onları öpdükdə belə ədalətə riayət edin". Burada elmə və biliyə xüsusi münasibət də var: "Beşikdən qəbrədək elm öyrənin". Burada həqiqi vətənpərvərlik də var: "Vətənə sevgi - imandandır". Burada alimlərin böyük məs'uliyyəti barədə xəbərdarlıq da var: "İnsanlardan ən pisi - pis alimlərdir", "Qiyamət günü elmini tətbiq etməyən alimi insanlar arasında ən ağır cəza gözləyir". Burada insan haqlarına hörmət tələbi və vətəndaş mövqeyinə də'vət də var: "Zəiflərin hüququnu qorumayan milləti Allah Təala təqdir etməz". İbrət götürmək istəyən insan üçün burada hər bir sualın cavabı var.
Düşünürük ki, Əziz Rəsulullahın (s) İlahi missiyasının intəhasızlığını əlavə vurğulamağa ehtiyac yoxdur. Burada Allah Elçisinin (s) müdriklik dəryasından yalnızca bir damcıya işarə etdik. Amma, bu damcı da, əziz Peyğəmbərin (s) həyatverici missiyasını - kamil insan yetişdirmək vəzifəsini çox gözəl surətdə şərh edir. Elə bir kamil insanı yetişdirmək ki, o, digər insanlara məhəbbəti ifazə etsin. Elə bir kamil insanı ki, qurucu olsun, zülmün və dağıdıcılığın əleyhdarı olsun. Elə bir insanı ki, onda bütün müsbət xüsusiyyətlər təmsil edilsin, bir insanı ki, bütün mənfiliklər ona yad olsun. Elə bir insanı ki, ləyaqət və özünəhörmət hissi ona xas olsun, digər insanların haqlarına hörmət edən olsun. Elə bir insanı ki, özü ilə, toplumla, Rəbbi ilə vücudi harmoniya durumunda olsun.
Belə isə, gəlin tənəzzülə və vücudi deqradasiyaya qətiyyətli "yox!" deyək! Gəlin anlamağa çalışaq ki, biz kimik, haradan gəlmişik, haraya gedirik və nə etməliyik...
Gəlin Həzrət Peyğəmbərin (s) mübarək mövluduna bir hədiyyə edək - bir-birini mə’nasız surətdə əvəzləyən günlərin növbələşməsini dayandıraq və düşünək... Öz yüksək missiyamız, vəzifəmiz barədə düşünək. Özümüz, öz vicdanımız, övladlarımız, gələcək nəsillər qarşısında borcumuz barədə düşünək. Biz onlara nəyi qoyub gedirik? Qarşılıqlı nifrət və özü kimisini məhv etmək istəyi ilə dolu olan bir dünyanı, yaxud tərəqqiyə, harmoniyaya can atan bir dünyanı?
Gəlin tənəzzülə və məhvə doğru yuvarlanmanı dayandıraq! Gəlin, Həzrət Peyğəmbərin (s) mübarək tə'limində vücudi bir xilas tapaq!
Ey, Rəhim və Rəhman Allah! İnsanlara tövhidin, Qur'anın İlahi məntiqinin anlanması səadətini, Peyğəmbər (s) və mübarək Əhli-Beyti (ə) tərəfindən çatdırılmış Sənin mübarək tə'liminin qəbul edilməsi xoşbəxtliyini nəsib et!
Allahım! Həzrət Peyğəmbərin (s) canişini - İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurunu tezləşdir! Onun zühuru ilə insanlar qarşısında kamillik və harmoniyanın qapılarını taybatay aç! Bizləri o Həzrətin zühurunu tezləşdirənlərdən qərar ver! AMİN!