HEYHAT MİNNA ZİLLƏH!
N 185
Rabbiyas-Sani ayı - 1426
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
HƏDİS. Acınacaqlı durum haqqında
İmam Həsən Müctəbadan (ə) nəql edirlər: "Ağlı olmayanın ədəbi, iradəsi olmayanın igidliyi, dini olmayanın abır-həyası olmaz".
MÜRACİƏT
İçərişəhər "Cümə" məscidi dini icması, müqəddəs Qurana hörmətsizliklə bağlı müraciət qəbul etmişdir. Müraciətdə deyilir:
"Bismilləhir Rahmənir Rahim!
Allahın salamı olsun Həzrət Peyğəmbərə (s) və onun pak Əhli-beytinə (ə) və onların yolunu gedən bütün vicdanlı və ədalətli insanlara!
2005-ci ilin may ayının 9-da "Newsweek" curnalının növbəti sayında Quantanamo hərbi bazasında Uca Allahın bəşər övladının hidayəti üçün göndərdiyi müqəddəs İslam dininin mübarək kitabına qarşı təhqiramiz rəftar haqqında məqalə dərc edilmişdir.
Bu, bütün dünya üzrə müsəlmanların və ümumiyyətlə, vicdanlı və azad insanların qəti etirazlarına səbəb olmuşdur.
Təəssüflər olsun ki, bu etirazlar zamanı insan tələfatı da baş vermişdir: onlarla insan həlak olmuş və yüzlərlə insan yaralanmışdır. Sonradan rəsmi dairələr bu hadisəylə bağlı obyektiv təhqiqatların aparılmasını və həqiqətən müqəddəs Qurana qarşı hörmətsizliyin olması faktı təsdiqləndiyi təqdirdə, cinayətkarların cəzalandıracaqlarını bəyan etmişlər.
Mayın 15-i "Newsweek" curnalının rəhbərliyi öz yazılarını təkzib edərək, dünya müsəlmanları qarşısında üzr istəmişdir. Lakin, yazının bilavasitə müəllifi Maykl İzikoff təkziblə razılaşmamış, bu sahədə öz təhqiqatlarını nəyin bahasına olursa-olsun aparacağını bildirmiş və rəsmi dairələrin həqiqəti üzə çıxardığını hesab etmədiyini bəyan etmişdir.
Baş verənləri təhlil etdikdə, olayın 2 istiqamətdən kənarda olmadığı nəticəsinə gəlinir:
ya 1) bu vandallıq aktı həqiqətən də baş vermişdir və curnal obyektiv həqiqəti yazmışdır, sonra da təzyiqlər nəticəsində təkzib vermişdir;
və ya 2) jurnal reallıqda baş verməyən bir hadisəni heç bir əsası olmadan dərc etmiş və buna görə də sonradan təkzib vermişdir.
Göstərilən hər iki variantda baş vermiş olay öz eybəcərliyi, vandallığı, vəhşiliyi ilə bir milyarddan çox insanın və ümumiyyətlə, özünə hörmət edən hər bir bəşər övladının müqəddəs hisslərini təhqir etmiş olur. Belə ki, bu hadisənin gerçəkdə olub-olmamasından asılı olmayaraq ictimai rəydə artıq özünə yer alması, dəfələrlə təkrarlanması, müzakirəsi - artıq özü inanclı insanların ən müqəddəs hisslərinin təhqiridir və ümumbəşəri dəyərlər sisteminə qəbul olunmuş qırmızı xətlərin pozulmasıdır.
Bu olay əxlaqa, mənəviyyata, dəyərlərə, vicdan azadlığına, insan haqlarına, insanın şəxsiyyəti və ləyaqəti anlamına, çoxmədəniyyətli dünyaya, demokratiyaya və vətəndaş cəmiyyətinə misli görünməmiş xəyanət və arxadan vurulmuş bir zərbədir. Bunun dünyanın qütbləşməsi, mədəniyyətlərin qarşılıqlı anlaşmaya ehtiyaclı olduğu durumla səciyyələnən ağır və məsuliyyətli bir məqamda baş verməsi vəziyyəti daha da ağırlaşdırır. Ən faciəlisi isə budur ki, digər dinlərin və konfessiyaların nümayəndələri baş vermiş dəhşətli olayın ciddiliyinə varmayaraq, hələlik gözləmə mövqeyinə üstünlük verirlər.
Tam məsuliyyəti ilə bəyan edirik ki, əgər belə bir hal digər dinlərin müqəddəs kitablarına münasibətdə baş versə idi, biz bunu pisləyən və qəzəblə qarşılayanların ön cərgəsində olardıq.
Yekun olaraq, dinindən, dilindən, miiliyətindən asılı olmayaraq dünyanın bütün vicdanlı və ədalət hissini itirməmiş insanlarını bu vandallıq aktını mühakimə etməyə və olayın yaranmasında həqiqi müqəssir olanların adekvat cəzalandırılmasına nail olmağa çağırırıq!
Uca Allahdan bəşər övladına, bu yaranmış böhranlı vəziyyətdən çıxması üçün müdriklik və anlam nəsib etməsini diləyirik!
İçərişəhər "Cümə" məscidinin
imam-camaatı
Hacı İlqar İbrahimoğlu"
ÖTƏN HƏFTƏ
## Avstriyanın aparıcı "DER STANDART" qəzetinin siyasi məsələlər üzrə redaktoru c-b Markus Bernat İHRCS - İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutunun direktoru, "Cümə" məscidinin imam-camaatı İlqar İbrahimoğludan müsahibə almışdır.
"DER STANDART" qəzetinin redaktorunu hər şeydən öncə, Azərbaycanda insan haqları ilə əlaqədar, ələlxüsus da, dini e'tiqad azadlığı sahəsindəki problemlər maraqlandırırdı. "Cümə" məcidinin ətrafında yaranmış vəziyyət, inanclı insanların Konstitusiyada təsbit edilmiş dini etiqad azadlığının pozulması - söhbətin ayrıca mövzusu olaraq, xüsusi müzakirə obyekti idi.
Cənab Bernat, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı proseslərə İ.İbrahimoğlunun verdiyi qiymətlə də çox maraqllanmışdır.
Qadının cəmiyyətdə yeri və rolu barədə suallar müsahibənin ayrıca blokunu təşkil etmişdir. İlqar İbrahimoğlu, İslam dininin qadına verdiyi yüksək status barədə müsuhibə alanı məlumatlandırmış, eyni zamanda, qadının ictimai proseslərdə iştirakı məsələləri ilə bağlı mövcud olan ətalətli təfəkkürün mövcudluğundan təəssüfləndiyini bildirmişdir. Bundan əlavə, inanclı qadınların pasport və şəxsiyyət vəsiqəsi ala bilməməsi ilə əlaqədar əsas mülki və siyasi hüquqlardan məhrum edilməsi probleminə də toxunulmuşdur.
Cənab Markus, islam dininin daşıyıcıları ilə əlaqədar vəziyyətlə bağlı, o cümlədən, yaşlı və gənc nəslə xas dünyagörüşlərin müqayisəli təhlili ilə də maraqlanmışdır. Bununla əlaqədar İ.İbrahimoğlu bildirmişdir ki, informasiya məkanının inkişafı ilə əlaqədar, İslam dininə etiqad bəsləyən gənc nəsil İlahi dəyərlərin daha dərin öyrənilməsinə və anlamına, eləcə də müvafiq praktikaya daha çox meyllilik təzahür edir.
1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün
Rabbiyəs-Sani ayının azan vaxtlarının
CƏDVƏLİ