HEYHAT MİNNA ZİLLƏH!
N 187
Rabbiyas-Sani - C əmaduyəl-Əvvəl-1426
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
HƏDİS. Yanlış yolda olanlar haqqında
İmam Əlidən (ə) nəql edirlər: "Heç mümkündürmü ki, özünü azdıraraq, zəlalətə aparan şəxs, başqalarına yol göstərə bilsin?".
HƏDİS. Mö'minin xislətləri haqqında
İmam Mühəmməd Baqirdən (ə) nəql edirlər: "Atam /İmam Zeynəlabidin (ə)/ dedi: "4 xislət var ki, hər kim onlara malik olsa, İslamı kamil, günahı bağışlanmış olar və ölüm halında Allah ondan razı qalar:
1) İnsanlarla əhd bağladıqda, Allaha xatir, əhdinə vəfalı olar; 2) Dili düz olar; 3) O iş ki, Allah yanında və insanların nəzərində pisdir, onu (etməyə) utanar; 4) Həyat yoldaşı və uşaqları ilə əxlaqı xoş olar"".
DEVAMM - Dini E'tiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin verdiyi xəbərə görə, Sumqayıt şəhər məhkəməsində öz predmetinə görə misilsiz bir proses - dini e'tiqadına görə işdən çıxarılmış litsey müəlliməsinin iddiası üzrə məhkəmə prosesi başlamışdır.
DEVAMM-ın verdiyi xəbərdə bildirilir ki, "Sumqayıt şəhəri "İstedad" litseyinin biologiya müəlliməsi Əliyeva Şəhla İsmayıl qızı bu il martın 30-da işdən çıxarılmışdır. İşdən çıxarılmanın səbəbi o olmuşdur ki, dini etiqadına əsasən, Əliyeva Ş. başını yaylıqla bağlayırdı. Litseyin müdriyyəti bildirmişdir ki, müəllimə şagirdlərə Darvinin təkamül nəzəriyyəsini öyrətməli olduğuna görə, başörtüyünü açmalıdr. "Bundan əlavə, bizim litseyə xaricdən, o cümlədən, Avropa Şurasından qonaqlar gəlir. Səni başörtülü görsələr, bizə nə deyərlər?" - deyə litsey müdirəsi soruşurdu. Əliyeva Şəhla bildirdi ki, başını dini etiqadına əsasən örtür və irəli sürülən tələbləri qeyri-qanuni, onun Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların pozulması kimi qiymətləndirir və öz vicdan azadlığına qarşı çıxmağa etiraz edir. "Elə Avropa Şurasında üzvlüyün özü insan haqlarına hörmətlə yanaşmağı tələb edir" - deyə Əliyeva Ş. bildirmişdir. Bundan əlavə, o, bildirmişdir ki, istər Darvinin, istərsə də hər hansı digər nəzəriyyənin tədris edilməsi onun üçün heç bir problem deyildir, çünki, elmdə müxtəlif nəzəri baxışların plüralizminin olması fikrindədir.
Lakin, "İstedad" litseyinin müdriyyəti ölkə qanunvericiliyini pozaraq, Əliyeva Şəhlanı işdən çıxartmışdır. Aprelin 28-də Əliyeva Ş. iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Bir neçə təxirəsalmalardan sonra, işin ilk dinlənilməsi mayın 30-da keçirildi. Növbəti məhkəmə iclası bu günə - iyun ayının 1-nə təyin edilmişdir.
Vəziyyəti şərh edərək, DEVAMM-ın aparıcı koordinatoru, İRLA Azərbaycan bölməsinin baş katibi İlqar İbrahimoğlu bunu insan haqlarının kobudcasına pozulması və Konstitusiyada (maddə 47), eləcə də BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktında (maddə 18), BMT-nin İnsan Haqları Ümumi Bəyannaməsində (maddə 18), İnsan Haqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasında (maddə 9) təsbit edilmiş prinsiplərin, habelə ATƏT-in insan haqları sahəsində standarlarının tapdanması kimi qiymətləndirmişdir".
Əliyeva Şəhlanın vəkili - DEVAMM-ın hüquqi məsələlər üzrə eksperti E.Sultanov "Dəyərlər"ə verdiyi müsahibədə bildirmişhdir ki, litsey müdirəsinin əməlləri tamamilə qeyri-qanunidir və mahiyyət etibarilə xidməti mövqedən sui-istifadə etməklə vicdan azadlığının pozulması deməkdir. "Belə hərəkətlərsə, qüvvədə olan Cinayət Məcəlləsinə görə, hüquqazidd əməl kimi qiymətləndirilir" - deyə o, bildirmişdir.
İRLA Azərbaycan bölməsini şura üzvü H.Həsənova, litsey müdirəsinin Avropa Şurasına istinadlarından təəccübləndiyini təzahür etdi. "Bu - ən azı baş verən proseslər barədə tam məlumatsızlığın göstəricisidir. Avtoritar düşüncə tərzinin bu cür təzahürü böyük təəssüf hissi oyadır. Hicab - inanclı qadınların vicdan azadlığı məsələsidir və heç bir inzibati üsullarla bu hüququ məhdudlaşdırmaq yolverilməzdir".
DEVAMM-ın din azadlığı üzrə eksperti Seymur Rəşidov baş verənləri "əsl biabırçılıq və inanclı qadınların hüqüqlarının kobud surətdə pozulması" - kimi qiymətləndirmişdir. "Belə düşüncə tərzi ilə ictimai fikirdə real müsbət dəyişikliklərə nail olmaq çox müşkül bir məsələdir. Artıq başa düşmək lazımdır ki, vicdan azadlığı - fundamental insan haqarındandır" - deyə o, əlavə etmişdir.
İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutunun (IHRCS) ofisində İnstitutun direktoru İlqar İbrahimoğlunun İsveçin Sodertorns universitetinin elmi tədqiqatçısı Sofie Bedfordla görüşü keçirilmişdir. Görüşün mövzusu İslam dininin vətəndaş cəmiyyəti quruculuğuna münasibətinə, ictimai proseslərdə inanclı insanın rolu və yeri məsləsinə həsr edilmişdir. Görüşü yekunlaşdıraraq İ.İbrahimoğlu bildirmişdir ki, həqiqi inanclı insan cəmiyyətdə gedən proseslərə laqeyd ola bilməz. "Aktiv vətəndaş mövqeyi - inanclı insan tərəfindən qəbul edilmiş dəyərlər sisteminin təbii nəticəsidir və belə olan təqdirdə, ictimai həyatda müsbət dəyişikliklər üçün çalışmanı şərtləndirir" - deyə o, qeyd etmişdir.
1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün
Rabbiyəs-Sani ayının azan vaxtlarının
CƏDVƏLİ