"Dəyərlər" informasiya-analitik portalı artıq xəbər vermişdir ki, (məlumat 1-010605) Sumqayıt şəhəri "İstedad" litseyinin biologiya müəlliməsi Əliyeva Şəhla İsmayıl qızı martın 30-da işdən çıxarılmışdır. İşdən çıxarılmanın səbəbi o olmuşdur ki, dini etiqadına əsasən, Ş.Əliyeva başını yaylıqla bağlayırdı. Litseyin müdriyyəti bildirmişdir ki, müəllimə şagirdlərə Darvinin təkamül nəzəriyyəsini tədris etməli olduğuna görə, başörtüyünü açmalıdr. Əliyeva Şəhla bildirmişdir ki, başını dini etiqadına əsasən örtür və irəli sürülən tələbləri qeyri-qanuni, onun Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirir. Lakin, bu etiraz heç bir nəticə verməmişdir. "Bundan əlavə, istər Darvinin, istərsə də hər hansı digər nəzəriyyənin tədris edilməsi mənim üçün heç bir problem deyildir və hesab edirəm ki, elmdə müxtəlif nəzəri baxışların plüralizmi mövcuddur" - deyə Əliyeva Şəhla bildirmişdir.
Lakin, "İstedad" litseyinin müdriyyəti başörtüyünün çıxarılması barədə tələbində israrlı idi. Əliyeva Şəhla buna etiraz etdikdə, onu işdən çıxardılar. Belə olduqda, Əliyeva Şəhla hüququ yardım etmək xahişi ilə DEVAMM-a müraciət etdi. Aprelin 28-də Əliyeva Şəhlanın adından məhkəməyə iddia ərizəsi verildi. Mayın 30-da başlamış məhkəmə iclası, iyun ayının 8-də, Əliyeva Şəhlanın işə bərpa olunması və buraxılmış aylara görə ona kompensasiyanın ödənilməsi barədə hakim Qafil Baxışovun çıxarıdığı qərarla nəticələndi.
Vəziyyəti şərh edərək, DEVAMM-ın aparıcı koordinatoru, İRLA - Beynəlxalq Din Azadlığı Assosiasiyası Azərbaycan bölməsinin baş katibi İlqar İbrahimoğlu qeyd etdi ki, baş verən hadisə dini etiqad azadlığının müdafiəsi sahəsində əsaslı bir müvəffəqiyyətdir. "Bu - çox əlamətdar bir hadisədir. Məhkəmənin hansı motivləri rəhbər tutmasından asılı olmayayaraq, bir o məsələ ki, insan haqları məhkəmə qaydasında öz təsdiqini və müdafiəsini tapmışdır - bu özü böyük bir tərəqqidir" - deyə İ.İbrahimoğlu "Dəyərlər" portalına bildirmişdir.
İRLA Azərbaycan bölməsinin şura üzvü H.Həsənova, məhkəmə qərarından razılığını bildirərək, əlavə etmişdir ki, bu - inanclı qadınların başörtüyü ilə əlaqədar problemlərin həllində ancaq birinci addımdır. "İrəlidə bizi böyük və səy tələb edən bir iş gözləyir. Axı hicablı fotoşəkilli sənəd almaq imkanından məhrum olduqlarına görə, minlərlə inanclı qadın əsas mülki və siyasi hüquqlarından məhrumdurlar. Düşünürük ki, əvvəl-axır ədalət və qanunçuluq bu məsələdə də təntənə çalacaqdır" - deyə o, bildirmişdir.
"Litsey müdirəsinin vəkilləri məhkəmədə bildirmişlər ki, müdirə başörtüyünün çıxarılmasını tələb deyil, tövsiyə etmişdir. Amma təfavütü yoxdur - bu əməlləri necə adlandırırsan-adlandır, bu - insan haqlarının kobud surətdə pozulması deməkdir. Nəticə etibarilə Ş. Əliyevanı nəinki dini etiqadına görə təqib ediblər, eləcə də onu işdən çıxarmaqla, əmək hüquqlarını da pozmuşlar" - bu sözləri Əliyeva Şəhlanın vəkili - DEVAMM-ın hüquqi məsələlər üzrə eksperti Eldar Sultanov "Dəyərlər"ə verdiyi müsahibədə bildirmişdir.
DEVAMM monitorinq qrupunun təmsilçisi Pərviz Hacıyev qeyd etmişdir ki, yüzlərlə inanclı insanın məhkəmə binasının yanında, o cümlədən, bir qisminin bilavasitə məhkəmə zalında toplaşması, insanların bu məhkəmə prosesinə verdikləri yüksək qiymətin təzahürüdür. "Qızmar havaya baxmayaraq, yüzlərlə insan məhkəmə önündə saatlarla dayanmışlar. Onlar bununla öz narahatçılıqlarını bildirir və dəstəklərini nümayiş etdirirdilər" - deyərək o, "Dəyərlər"ə bildirmişdir.
DEVAMM-ın din azadlığı üzrə eksperti Seymur Rəşidov isə "Dəyərlər"ə bildirmişdir: "İctimada mövcud olan konfliktlərin, xüsusən də insan haqlarının müdafiəsi sahəsində olan konfliktlərin öz həllini məhkəmə zallarında tapması - çox önəmli bir məsələdir. Ölkəmizdə məhkəmə hakimiyyətinin nüfuzunun həddən ziyadə aşağı olması, ictimai problemlərin və təzadların həlli prosesinə mənfi təsir göstəməkdədir".
Məhkəmə prosesində iştirak edən İçərişəhər "Cümə" məscidi dini icmasının nümayəndəsi N.Zeynalova isə məsələyə belə münasibət bildirmişdir: "Hicab - bizim üçün müqəddəs bir anlayışdır. İman gətirmiş qadınlar üçün bu - bir İlahi tövsiyədir. Hicab bizim daxili aləmimizin, bizim dünyagörüşümüzün bir təzahürüdür. Və biz bu dünyagörüşündə, öz əqidəmizə uyğun zahiri görünüşə malik olmaq hüququmuzda israrlıyıq".