Həzrət Əlidən (ə) nəql edirlər: "Bir kəs ki, bütün gücünü, müəyyən bir iş üçün toplaya, mütləq istədiyi nailiyyəti əldə edəcəkdir".
Həzrət Əlidən (ə) nəql edirlər: "Bir kəs ardıcıl olaraq bir qapını döysə və istədiyini həyata keçirmək üçün israr etsə, nəticədə, o qapı bu şəxs üçün açılar və bu şəxs istədiyinə qovuşar".
(2406054-1) "Hicaba dəstək və müdafiə Assambleyası"nın təsisı barədə
İyun ayının 24-də DEVAMM - Dini etiqad və vicdan azadlıqlarının müdafiə Mərkəzinin, İçərişəhər "Cümə" məscidi dini icmasının, "Həzrət Fatimə(s.ə)" möminələr heyətinin, "Həzrət Zeynəb(ə)" xanımlar məclisinin, "Möminə tələbələr Birliyi"nin, İHRCS - İnsan haqları və vətəndaş mövqeyi İnstitutunun və İnanclı xanımların hüquqlarının Müdafiə Komitəsinin təşəbbüsü ilə "Hicaba dəstək və müdafiə Assambleyası" təsis edilmişdir.
Assambleyanın təsis olunması zərurətini qeyd edərək, İçərişəhər "Cümə" məscidinin imam-camaatı, hüquq müdafiəçisi İlqar İbrahimoğlu bildirmişdir: "Bəşəriyyət hicabın fundamental insan haqlarından olduğunu mühüm beynəlxalq sənədlərdə təsdiq etmişdir. Lakin, ətalətli düşüncə tərzinə malik insanlar inanclı xanımların bu hüququnun realizə olunmasına əngəl törətməkdədirlər. Yeni yaradılmış "Hicaba dəstək və müdafiə Assambleyası" qarşısına bu hüquqların tam dolğunluqla təmin olunması vəzifəsini qoyur".
Öz növbəsində DEVAMM-ın nümayəndəsi H.Həsənova bildirmişdir ki: "Vicdan azadlığı - müqəddəsdir. İnsan dünyaya azad gəlir və istədiyi əqidəyə də riayət etmək onun ayrılmaz hüququdur. Biz Konstitusiyada və beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş hüquqlarımızı tələb edirik. Və biz mütləq müvəffəqiyyət əldə edəcəyik".
Ondan sonra çıxış edən İnanclı xanımların hüquqlarının Müdafiə Komitəsinin təmsilçisi K.Hüseynova, problemin ağırlığını vurğuladı və eyni zamanda psixoloji faktorlara toxundu: "Kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, insan haqları tanınmalı və ölkəmizdə öz layiqli yerini tutmalıdır".
İHRCS-nin hüquqi eksperti E.Sultanov, problemlərin məmur özbaşınalığının məhsulu olduğunu bildirdi: "Heç bir mövcud qanunda hicabla bağlı heç bir qadağa yoxdur. Söhbət məmur özbaşınalığından, qeyri-konstitusion əməllərdən gedir".
DEVAMM-ın din azadlığı üzrə eksperti Seymur Rəşidov, keçid dövrünü yaşayan ölkələrə xüsusilə xas olan gender problemlərinə toxundu: "Hicaba bu cür münasibət, qeyri-demokratik recimlərə xas, ümumilikdə qadına olan qeyri-mütənasib münasibətin təzahürlərindən biridir. Cəmiyyət mürtəce düşüncə tərzinə qarşı immunitetə malik olmalıdır".
İçərişəhər "Cümə" məscidi dini icmasının təmsilçisi N.Zeynalova məsələni digər rakursdan da işıqlandırdı: "Hicab - dini etiqad azadlığı ilə yanaşı, özünüifadə azadlığının təzahürüdür. Bu - insana doğulduğu gündən verilən və heç kəs tərəfindən alına bilinməyən bir nemətlərdəndir".
Toplantıda Assambleyanın bölgə bürolarını yaratmaq qərara alındı. İlk olaraq, Bakı bürosu yaradıldı. DEVAMM-ın hicab problemi üzrə eksperti H.Həsənova Bakı bürosunun koordinatoru seçildi.
İ.İbrahimoğlu, Assambleyanı təsis edən qurumların geniş beynəlxalq əlaqələrinin mövcudluğunu nəzərə alaraq, problemin qlobal həlli istiqamətində atılmalı olan addımlardan danışdı. Bu kontekstdə qərara alındı ki, ilk növbədə postsoset məkanında olan dövlətlərdə hicaba dəstək və müdafiə işi təşkil edilsin və bu işdə insan haqları müdafiə qurumları ilə əlaqələri dərinləşdirərək, metodoloji, konsultativ və digər mübadilə həyata keçirilsin. O cümlədən, DEVAMM-ın və digər qurumların hicabı müdafiə sahəsində 7-illik təcrübəsindən bu konteksdə geniş istifadə edilsin. Bununla yanaşı, Assambleyanın fəaliyyətinin ana xətti kimi, dünyanın bəzi bölgələrində inkişaf edən islamofobiya təki amillər nəticəsində bəzi hallarda hicaba qarşı törədilən süni maneələri aradan qaldırmağa yönəli iş müəyyən edildi.
(2106053-1) Freedom House "Cümə" məscidi barədə.
Bu günlərdə beynəlxalq insan haqları müdafiə təşkilatı Freedom House nin keçid ölkələrində insan haqlarının vəziyyətinə həsr olunmuş Nation Transit-2005 illik hasabatı işıq üzü görmüşdür. Hesabatın Azərbaycana aid hissəsində "Cümə" məscidinin ətrafında olan vəziyyətə geniş yer ayrılmışdır. O cümlədən, hesabatda bildirilir ki, Azərbaycanda vətəndaş sektorunda olan cüzi irəliləyişə, "Cümə" məscidinin dini icmasına və onun rəhbəri İlqar İbrahimoğluna qarşı təqiblərlə böyük kölgə salınmışdır. Əlamətdardır ki, hesabatda birbaşa göstərilmişdir ki, "Cümə" icmasına qarşı təqiblər ümumən Azərbaycanda vətəndaş cəmiyyəti İndeksinin aşağı düşməsinə səbəb olmuşdur.
Bununla yanaşı, hesabatda qeyd edilir ki, dini sferada nəzarəti həyata keçirmək üçün Dini qurumlarla iş üzrə Dövlət Komitəsi təsis edilmişdir. Hesabatda göstərilir ki, nəzarətin işlək mexanizmləri kimi, dini ədəbiyyata tətbiq edilən senzura və dini icmaların yenidən qeydiyyatı prosesi tətbiq edilir. Bununla yanaşı, hesabatda göstərilmişdir ki: "Lakin, çoxsaylı üzvü olan "Cümə" dini icması 1993-cü il dövlət qeydiyyatının qanuni olmasında israr edərək, yenidən qeydiyyatdan imtina etmişdir. İcma onu da əsas gətirirdi ki, hakimiyyət yenidən qeydiyyatı ibadət, dini ayinlərin icrası prosesinə bir müdaxilə aləti kimi istifadə edir".
2004-cü ilin iyununda inanclı insanlara qarşı tətbiq edilən polis zorakılığı da hesabatda öz əksini tapmışdır. Göstərilmişdir ki, bu zaman periodunda inanclı insanlar məsciddən zorla çıxarılmışlar, onlarla insan həbs edilmiş, döyülməyə məruz qalmışdır. "Bu - istər ölkə daxilində, istərsə də xaricdə insan haqları müdafiəçilərinin böyük etirazına səbəb olmuşdur" - deyə hesabatda bildirilir.
Qeyd edilir ki, icmanın İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayəti artıq qeydiyyat mərhələsini keçmişdir.
Bundan əlavə, "Cümə" məscidinin imam-camaatı İlqar İbrahimoğlunun həbsi və 5-illik azadlıqdan şərti məhrum edilmə cəzasına məruz qalması barədə də hesabatda məlumat verilir. Qeyd edilir ki, azadlığa çızandan sonra, İ.İbrahimoğlu, ATƏT-in tədbirlərində iştirak etmək üçün xaricə getmək imkanından məhrum edilmişdir.
Hesabatın müəllifləri icmanın fəaliyyət üsulları barədə də yazmışlar. Hesabatda bildirilir ki: "QMİ-dən fərqli olaraq, icma dini ayinləri təmənnasız əsasda yerinə yetirir, qanvermə üzrə donorluq mərasimləri keçirir. Bu ona səbəb olur ki, QMİ-də nüvuzun itirilməsi xofunun yaranmasına səbəb olmuşdur".
Freedom House'nin hesabatını şərh edərək, DEVAMM-ın aparıcı koordinatoru, İçərişəhər "Cümə" məscidinin imam-camaatı İlqar İbrahimoğlu bildirmişdir: "Müasir dünya onunla səciyyələnir ki, insan haqları nəzəri baxımdan deyil, real surətdə ayrı-ayrı ölkələrin daxili işi olmaqdan qurtulur. Və Freedom House'nin hesabatına da məhz bu konteksdə - keçid ölkələrini azad və demokratik görmək istəyinin təzahürü kimi - baxmaq lazımdır. Və "Cümə" məscidi dini icmasına qarşı təqiblərin ümumən Azərbaycan üzrə vətəndaş cəmiyyəti İndeksinin aşağı düşməsinə səbəb olması halı - müasir dünyada din azadlığının tutduğu çox önəmli bir məqamın göstəricisidir "