HEYHAT MİNNA ZİLLƏH!
N 191
Cəmaduyəs-Sani ayı-1426
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
HƏDİS. Nicat tapanlar haqqında
Böyük İslam Peyğəmbərindən (s) nəql edirlər: "4 sifət var ki, hər kimdə olsa, Allah nurunda qərq olmuşdur: 1) Allaha və Rəsulallaha iman gətirdiyindən, günahdan çəkinsin; 2) Müsibətlər üz verəndə, "İnna lilləh və inna ileyhi raciun" (Hamımız Allahdanıq və Ona doğru qayıdacayıq) desin; 3) Bir yaxşılıq və xeyirlə rastlaşanda, "Əlhəmdulilləhi rabbil aləmin" (Aləmlərin rəbbi olan Allaha şükürlər olsun) desin; 4) Günah etdiyi təqdirdə "Əstəğfirullahə rabbi və ətubu iləyh" (Rəbbim olan Allahdan bağışlanmaq diləyirəm və Onun qarşısında tövbə edirəm) desin".
(0807058-1) Londonda baş vermiş terror aktlarının pislənməsi barədə.
Kütləvi informasiya vasitələri artıq xəbər vermişlər ki, iyulun 7-də Böyük Britaniyanın paytaxtı London şəhərində bir sıra terror aktları baş vermişdir. Bu terror aktlarının nəticəsində onlarla dinc sakin həlak olmuş, yüzlərlə insan yaralanmışdır.
Baş vermiş faciə ilə əlaqədar İçərişəhər "Cümə" məscidinin dini icması bəyanatla çıxış etmişdir. Bu bəyanatda icma, baş vermiş hadisəni qəti şəkildə pisləmişdir.
"Cümə" məscidinin imam-camaatı İlqar İbrahimoğlu bəyanatı şərh edərək, bəyan etmişdir ki: "Baş vermiş faciə bütün dünya üzrə xoş məramlı insanları dəhşətə gətirmişdir. Günahsız insanların qətlə yetirilməsinə heç nə ilə bəraət qazandırmaq olmaz. Və belə cinayətləri heç bir bəhanələrlə, heç bir ideologiya ilə ört-basdır etmək mümkün deyildir. Cinayətkarların nə milliyyəti, nə də ki, dini mənsubiyyətləri olur. Və hansı şüar altında - ya Londonda və Nyu-Yorkda olduğu kimi, guya islam şüarı altında, ya da bu yaxınlarda İranda baş vermiş terror aktları kimi, guya demokratiya pərdəsi altında - nə ilə pərdələnməsindən asılı olmayaraq, bəşəriyyətə qarşı yönəldilmiş bütün cinayətlər qeyd-şərtsiz ittiham olunmalıdırlar. Lakin, belə cinayətlərin İslam adı altında keçirilməsi ikiqat acıdır. İslam - sülh və insanlara məhəbbət dinidir. Və belə vəhşiliklərin müəlliflərinin İslam dininə zatən heç bir aidiyyəti ola bilməz. Və bu vandalların ümumiyyətlə bəşəri dəyərlərə əsla aidiyyətləri yoxdur. Necə ki, Quantanamoda müqəddəs Qurana qarşı törədilmiş vəhşiliyin nə xristianlıqla, nə də ki, ümumiyyətlə hər hansı bir bəşəri dəyərlə heç bir əlaqəsi yoxdur. Biz həlak olan insanlar üçün kədər hissi keçirir və onların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk".
(0707057-1) İlqar İbrahimoğlunun Massaçusets və Notr-Dam universitetlərinin professorları ilə görüşü barədə.
IHRCS - İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutunun ofisində, IHRCS direktoru, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu Massaçusets Universitetinin tarix kafedrasının müdiri, professor Odri Aldzdatla görüşmüşdür.
Xanım O.Aldzdat Azərbaycan üzrə tanınmış tədqiqatçılardandır. Və bu səbəbdən, onu maraqlandıran suallar dairəsi Azərbaycanda hazırda mövcud olan durumu və gələcəyə aid proqnozları ehtiva edirdi. Sualların müəyyən sayı inanclı insanın ictimai proseslərdə yeri və roluna aid idi. İ.İbrahimoğlu bildirdi ki, İslam dini inanclı insana cəmiyyətin həyatında aktiv iştirak etməyi tövsiyə edir və müşahidəçilik mövqeyinə nisbətdə mənfi münasibət göstərir. İslam dini sözsüz o modelə üstünlük verir ki, burada ictimai durumu formalaşdırmağa aid məsələlərdə, fərd ən fəal surətdə iştirak etmiş olur.
İslama görə qadının ictimai proseslərdə yerinə aid araşdırmalar da xanım Aldzdatın tədqiqatlarında ayrıca yer tuturlar. İ.İbrahimoğlu, İslamın qadının roluna aid konsepsiyasının ayrı-ayrı müddəalarını tədqiqatçı professorun nəzərinə çatdırdı. Bu müddəalara əsasən, qadın üçün ən yüksək şəxsiyyət statusu müəyyən edilir. İ.İbrahimoğlu qeyd etdi ki, İslam tarixində kifayət qədər nümunələr var ki, qadınlar nəinki ictimai proseslərdə fəal rola malik olmuşlar, hətta onların tutduğu dəqiq mövqe sayəsində bütün İslam ümməti üçün düzgün davranış konsepsiyası belə formalaşmışdır. Bu sırada bariz nümunələr kimi, xanım Fatimə binti Muhəmmədin (s.ə.), xanım Zeynəb binti Əlinin (s.ə.) İslam toplumu üçün taleyüklü məqamlarda tutduqları mövqeləri göstərmək olar. "Əfsuslar olsun ki, cahillərin və qaraguruhçuların "zəhməti" sayəsində bu sahədə çox da gözəl olmayan bir mənzərə yarana bilmişdir, amma ümid edirik ki, müsəlman cəminin mütərəqqi təmsilçilərinin səyi nəticəsində, guya ki, İslamın qadına aşağı status müəyyən etməsi barədə uydurmanın da sonu yetişəcəkdir" - deyə İbrahimoğlu bildirmişdir.
Xanım Aldzdat, cəmiyyətdə dözümsüzlüyün və ekstremizmin meydana gəlməsinin səbəbləri barədə İ.İbrahimoğlunun təhlilləri ilə də maraqlanmışdır. İ.İbrahimoğlu, bu cür tendensiyaların meydana gəlməsi ilə dövlət reciminin avtoritar xarakteri arasında düz mütənasibliyin mövcudluğunu əsaslandıraraq, xanım Aldzdatın nəzərinə çatdırmışdır. İ.İbrahimoğlu qeyd etmişdir ki, "Avtoritarizmin hökm sürdüyü cəmiyyətlərdə dözümsüzlüyün ifrat formalarının və ekstremizmin meydana gəlməsi - əvvəl-axır baş verən bir məsələdir. Bunlara və digər eybəgər hallara qarşı olan ən effektiv mexanizm - şəxsiyyətin hüquqlarına hörmət, qanunçuluğa riayət olunması, cəmiyyətin bütün üzvlərinə özünüifadə üçün real imkanların yaradılması, və eləcə də, müstəqil və güclü məhkəmə hakimiyyətinin mövcudluğudur. Dövlətin ən başlıca vəzifəsi - cəmiyyətdə elə bir durumun bərqərar olunmasıdır ki, burada hər bir fərdin öz daxili aləminə malik olmaq hüququna hörmətlə yanaşılsın".
Daha sonra tərəflər vətəndaş cəmiyyəti quruculuğunun müxtəlif yönlərinə aid fikir mübadiləsi aparmışlar. İ.İbrahimoğlu qeyd etdi ki: "Cəmiyyətin üzvlərinin passionarlığı - ictimai proseslərin müsbətə doğru inkişafını labüd edən başlıca amillərdən biridir. Bu da, öz növbəsində, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermiş olur".
Görüşün maraqlı hissəsi insan hüquq və azadlıqlarına dair müxtəlif konsepsiyaların müzakirəsi olmuşdur. İ.İbrahimoğlu qeyd etmişdir ki, bütün mövcud konsepsiyaların ana xətti - insanın şəxsiyyəti və ləyaqəti üzərindədəir. "Bu - insan haqlarına aid müxtəlif baxışların bərqərar olunduğu bir möhtəşəm bazisdir" - deyə İbrahimoğlu bildirmişdir.
Bundan öncə İ.İbrahimoğlu Notr-Dam Universitetinin siyasi elmlər kafedrasının professoru xanım Ketlin Kolinzlə görüşmüşdür. Görüşün əsas mövzusu, Azərbaycanda insan haqları, ələlxüsus, dini etiqad azadlığı sahəsində mövcud olan durum olmuşdur. Qeyd edilmişdir ki, əqidələrinə uyğun olaraq, başörtüklü fotoşəkilli sənəd almaq imkanından məhrum edilmiş inanclı xanımların hüquqlarının pozulması - mahiyyət etibarilə misli görünməmiş bir haldır. "Söhbət əsas mülki və siyasi hüquqlarından məhrum edilmiş onminlərlə inanclı qadından gedir" - deyə İbrahimoğlu bildirmişdir. "Cümə" məscidinin ətrafında yaranmış vəziyyət də xanım K.Kollinzin böyük narahatlığına səbəb olmuşdur. Qeyd edilmişdir ki, minlərlə inanclı insannın cəmlə ibadət etmək imkanından məhrum edilməsi - insan haqlarının ən kobud surətdə pozulması deməkdir.