(19070513-1) İlqar İbrahimoğlunun üzərindən məhkumluğun götürülməsindən imtina ilə bağlı Yasamal rayon məhkəməsinin qərarı barədə.
İyulun 19-da Yasamal rayon məhkəməsində İnsan haqları və vətəndaş mövqeyi İnstitutunun direktoru İlqar İbrahimoğlunun, üzərindən məhkumluğun götürülməsi ilə bağlı müraciətinə baxılmışdır.
Bundan öncə Yasamal rayon məhkəməsi müxtəlif bəhanələrlə işi icraata qəbul etməkdən imtina edirdi. Lakin, təkrar müraciətlərdən sonra iş, nəhayət icraata götürülmüş və mahiyyətcə baxılmaq üçün iclas iyul ayının 19-na təyin edilmişdir.
Hakim İ.İsmayılovun sədrliyi ilə keçirilən iclasda, məhkəmə İ.İbrahimoğlunun üzərindən məhkumluğu götürməkdən imtina etdi.
Məhkəmə qərarını şərh edərək, İ.İbrahimoğlu bildirmişdir: "Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, keçirilmiş məhkəmə iclası Azərbaycanda müstəqil məhkəmə sisteminin olmadığını bir daha sübuta yetirmişdir. Ağrılıdır ki, məhkəmə prosesi ədalət mühakiməsindən daha çox, bir tamaşaya bənzəyirdi. Çox əlamətdardır ki, ittiham tərəfi mənim "islah olunmamağımın" göstəricisi kimi dəfələrlə beynəlxalq forumlarda: Cenevrədə keçirilən BMT İnsan Haqları Komissiyasının iclasında, Varşavada keçirilən ATƏT-in insan haqları üzrə konfransında və digər yerlərdə iştirak etmək niyyətimə istinad etmişdir. Absurd bir durumdur ki, məmurların rəyinə görə, insan haqlarının müdafiəsi ilə məşğul olmaq - "islah olunmamağın" göstəricisiymiş! Belə bir halı şərh etmək belə çətindir! Yaxın müddətdə bizim hüquqşünaslar Apellyasiya məhkəməsinə şikayəti hazırlayacaqlar".
(22070515-1) "Cümə" məscidi dini icmasının, konqresmen Tom Tankredonun dediklərini pisləyən bəyanatı haqqında.
Məlum olduğu kimi, bu günlərdə konqresmen Tom Tankredonun, ekstremistlərin nüvə silahından istifadə edərək yeni terror aktları həyata keçirəcəyi təqdirdə, buna cavab olaraq, "Məkkəni və İslam dininin digər müqəddəs yerlərini bombalamaq"la hədə-qorxu gəlməsi KİV vasitəsilə yayılmışdır. Bununla əlaqədar olaraq, "Cümə" məscidinin dini icması bəyanat qəbul etmişdir. Bəyanatda belə çıxışlar qəti şəkildə pislənərək, "mədəniyyətlərin dialoquna, tolerantlığa, müxtəlif əqidələrə qarşı hörmətə əsaslanan çoxmədəniyyətli dünyanın yaradılmasına vurulan həddən ziyadə böyük, çox çətinliklə aradan aparıla bilən bir zərər" kimi qiymətləndirilmişdir. Bəyanatda bildirilmişdir ki, ekstremistləri dinlə əlaqələndirmək cəhdləri öz mahiyyəti etibarilə absurd bir işdir və müqəddəs yerləri bombalamaqla hədə-qorxu gəlmək - insanların dini hisslərinin çox ağır şəkildə təhqir olunması deməkdir.
"Cümə" məscidinin imam-camaatı, İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutunun direktoru İlqar İbrahimoğlu, bəyanatı şərh edərək qeyd etmişdir ki, "Konqresmen Tom Tankredonun bəyanatı planetimizin bütün mütərəqqi insanları tərəfindən pislənir. Çox əfsuslar olsun ki, tankredonsayağı insanlar bu kimi bəyanatlarla məhz o kəslərin dəyirmanına su tökürlər ki, hansılara qarşı guya ki, belə bəyanatlar səslənir. Belə ki, müxtəlif növ radikal, ekstremist düşüncəli ünsürlər bu tipli məsuliyyətsiz çıxışlara istinad edərək, demokratik dünyanın guya müsəlmanlara qarşı düşmən mövqedə durduğunu sübut etməyə əsas əldə edirlər və bunun nəticəsində insanlara müxtəlif tənəzzül xarakterli modelləri sırımaq imkanı əldə edirlər. Və böyük bir fərqi yoxdur ki, belə çıxışlar nəyin nəticəsində meydana gəlmişdir - hisslərin nəzarətdən çıxdığı üçünmü, yaxud sensasiya üçün, və yaxud da özünə diqqəti cəlb etmək üçünmü - mahiyyət bundan dəyişmir. Müxtəlif mədəniyyətlərin və dünyagörüşlərinin təmsilçilərinin baxışlırının yaxınlaşması prosesinə, dözümlülük və qarşılıqlı hörmətə növbəti dəfə "arxadan zərbə" vurulmuşdur".
(22070516-2) Bakı İnsan Haqları Məktəbi tərəfindən təşkil edilmiş I Yay insan haqları məktəbi haqqında.
Bu gün İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutu yanında I Yay insan haqları məktəbi öz işinə başlamışdır. Yay məktəbinin iştirakçıları "Hicaba dəstək və müdafiə Assosiasiyası"nın fəallarından ibarətdir. Tədris iyul ayının 27-dək davam edəcəkdir. Təhsil proqramına "İnsan haqlarının fəlsəfəsi və nəzəriyyəsi", "Azərbaycan qanunvericiliyində və beynəlxalq hüquqi sənədlərdə insan haqlarının müdafiə mexanizmləri", "İnsan haqlarının müdafiəsi məsələsində yerli hüquq müdafiə təşkilatlarının təcrübəsi" və s. kimi fənnlər daxil edilmişdir. Proqramda iştirak etmək üçün 58 nəfər qəbul edilmişdir.
Qeyd etmək lazımdır ki, İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutu yanında Bakı İnsan Haqları Məktəbi, 2004-cü ilin 9-12 dekabrında həmçinin I Qış insan haqları məktəbini də təşkil etmişdir ki, bu məktəbin 30-dan çox məzunu olmuşdu.
İnsan haqları və vətəndaş mövqeyi İnstitutunun direktoru, filosof-teoloq İlqar İbrahimoğlu diplomatik korpusun nümayəndəlri ilə bir sıra görüşlər keçirmişdir.
Görüşlər zamanı Azərbaycanda mövcud olan seçkiqabağı durum, demokratik təsisatların inkişafı prosesi, vətəndaş cəmiyyətinin bərqərar olunması perspektivləri, ölkədə insan haqlarına riayət edilməsi ilə bağlı vəziyyət müzakirə edilmişdir.
Görüşlərdə Londonda baş vermiş sonuncu terror aktı da müzakirə edilmişdir. Terror aktlarını dini faktorla əlaqələndirmək cəhdlərinə toxunaraq, İ.İbrahimoğlu qeyd etmişdir: "Terroru dinlə, terrorçuları isə inanclı insanlarla əlaqələndirmək cəhdləri uğursuzluğa məhkumdur. İslam - insanlara məhəbbəti təlqin edən və zorakılığı qəti şəkildə inkar edən bir dindir. Dünyada getdikcə daha çox insan bu terror aktlarının təxribat mahiyyəti daşıdığını və bu aktların təşkilatçılarının İslamı ləkələmək məqsədi güddüklərini başa düşməkdədir".
Görüşlərdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin müzakirəsinə geniş yer ayrılmışdır. Tərəflər, həmçinin, ölkədə mövcud olan seçkiqabağı vəziyyət barədə fikir mübadiləsi aparmış, insan haqlarının prioritet mövqe tutması, hüququn və qanunçuluğun aliliyi məsələlərinə toxunmuşlar. İ.İbrahimoğlu ədalətli, demokratik və azad seçkilərin keçirilməsinin mühümlüyünü vurğulayaraq qeyd etmişdir ki, "azad seçkilərin keçirilməsi - vətəndaş cəmiyyəti quruculuğunun institutusional əsaslarından biridir".
Görüşlər zamanı İ.İbrahimoğlunun ölkədən kənara çıxmasına qoyulan qadağa ilə əlaqədar da narahatlıq təzahür edilmişdir. Qeyd edilmişdir ki, İ.İbrahimoğlunun hərəkət azadlığı hüququnu pozan bu qadağa nəticəsində, onun beynəlxalq səviyyədə hüquq müdafiəsi fəaliyyətinin həyata keçirilməsi imkanları da məhdudlaşdırılmışdır.
Söhbətlərin gedişatında həmçinin, "seçki məhbusları"ndan məhkumluğun götürülməsi ilə bağlı məhkəmələr tərəfindən yaradılan süni maneələr probleminə də toxunulmuşdur. Eyni zamanda, 19 iyul tarixində keçirilmiş məhkəmə prosesində Yasamal rayon məhkəməsinin İ.İbrahimoğlunun üzərindən məhkumluğun götürülməsindən imtina etməsi xüsusi olaraq qeyd edilmişdir. Yaxın günlərdə İ.İbrahimoğlunun vəkilləri apellyasiya şikayəti hazırlayacaqlar.