HEYHAT MİNNA ZİLLƏH!
N 194
Cəmaduyəs-sani- Rəcəb ayı - 1426 (05 avqust 2005 - ci il)
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
HƏDİS. Rəcəb ayı haqqında
Həzrət Rəsulullahdan (s) nəql edilir: "Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə /sonlandırsa/, Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar".
Rəcəb ayının əməllərindən:
Rəcəbin 15-nin gecəsində (14-dən 15-nə keçən gecə) 12 rük'ət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq;
Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək - bəyənilmiş əməllərdəndir.
Zikr. Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən:
"Əstəğfirullahə və əs-əluhut-təvbə"
(05080518 - 1) İlqar İbrahimoğlunun parlament seçkilərində iştirakı məsələsi haqqında.
İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutunun direktoru, filosof-teoloq İlqar İbrahimoğlu, blokun vahid namizədi qismində irəli sürülməsi məsələsini çıxarmaq barədə "Azadlıq" blokuna müraciət etmişdir. İbrahimoğlu bu addımını onunla əsaslandırmışdır ki, hakimiyyət dairələri onun üzərindən məhkumluğun götürülməsi məsələsini süni surətdə uzadırlar və namizədlərin irəli sürülməsi prosesinin sonuna nisbətən az vaxtın qalması nəzərə alınsa, seçkilərdə iştirakla bağlı məsələyə müəyyənlik gətirilməsini zəruri olur.
Müraciəti şərh edərək, İlqar İbrahimoğlu bildirmişdir: "Bir müddət öncə "Azadlıq" bloku, qarşıdan gələn parlament seçkilərində vahid namizəd qismində iştirak etməyimlə bağlı təkliflə bizə müraciət etmişdir. Biz bu təklifi çox müsbət qarşıladıq və bunu, blok tərəfindən insan haqlarının müdafiəsi və maarifçilik fəaliyyəti kimi vətəndaş cəmiyyətinin çox mühüm laylarına olan önəmli münasibətin təzahürü kimi qiymətləndirdik.
Lakin, mənə qarşı qeyri-qanuni məhkəmə hökmünün nəticəsi olan məhkumluq faktoru, daha doğrusu, hakimiyyət dairələri tərəfindən üzərimdən məhkumluğun götürülməsinin süni surətdə uzadılması amili, namizədliyimizlə bağlı məsələyə müəyyənliyin gətirilməsini zəruri edir. Əlbəttə ki, məhkəmənin məhkumluqla bağlı çıxardığı qərarı gözləyib, sonra seçkilərlə bağlı mövqeyi dəqiqləşdirmək olardı. Amma bu addımla - mövqeyi öncədən müəyyənləşdirməklə - biz, mandatların bölüşdürülməsi ətrafında yaranmağa başlayan aciotacın aradan götürülməsinə öz töhfəmizi vermək və ictimaiyyətin nəzərini demokratik, azad, ədalətli seçkilərin keçirilməsinə nail olmaq, habelə, səyləri bu istiqamətdə cəmləşdirmək zərurətinə cəlb etmək istəyirik".
(08080519 - 1) Son dövrdə "dini ekstremizm" məsələsi ətrafında süni surətdə yaradılan ajiotaj haqqında.
İHRCS - İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutu və DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi ictimaiyyəti son dövrdə "dini ekstremizm" məsələsi ətrafında suni surətdə yaradılan aciotacla bağlı xəbərdar edən birgə bəyanatla çıxış etmişlər. Bəyanatda bildirilir ki, "bu mövzu ətrafında yaradılan süni aciotac - ekstremizmlə mübarizə şüarı altında ölkədə ümumi vəziyyətin sərtləşdirilməsi istiqamətində müəyyən planların mövcudluğundan xəbər verir. Bu, öz növbəsində, ölkədə seçkiöncəsi dövrdə onsuz da acınacaqlı olan durumu bir qədər də ağırlaşdıracaqdır. Sözsüz ki, belə vəziyyət seçki prosesinə öz mənfi təsirini mütləq göstərəcəkdir".
Bəyanatı şərh edərək, İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutunun direktoru, DEVAMM-ın rəhbəri İlqar İbrahimoğlu qeyd etmişdir: "Son zamanlar biz KİV vasitəsilə dini ekstremizm təhlükəsinin guya ki, güclənməsi barədə məlumatların ictimaiyyətə məqsədyönlü surətdə "ötürülməsini" müşahidə etməkdəyik. İctimaiyyətə təlqin etməyə çalışılır ki, guya yaxın vaxtlarda din adına çıxış edən radikal qruplar aktiv fəaliyyətə keçməyə başlayacaqlar. Təəssüflər olsun ki, "əndicansayağı" ssenarinin konturları sezilməkdədir. Bir çox ekspertlər artıq neçə illərdir ölkədə müəyyən ifrat qrupların mövcudluğu barədə həyəcanlarını bildirirlər. Buna rəğmən, hakimiyyət dairələri belə məlumatlara etinasızlıq nümayiş etdirir və son zamanlaradək din məmurları vasitəsilə bu sahədə vəziyyətin tam nəzarət altında olduğunu bildirirdilər. Bu azmış kimi, hər hansı ekstremist qruplarının mövcud belə olmadığını bəyan edirdilər. Amma indi birdən-birə hər gün hansısa gizli qruplar, ekstremist cəhdlər, terror aktları təhlükəsi barədə məlumatlar eşidilir. Sadə təhlil belə, bu "fəallaşmanı" seçkiöncəsi dövr ilə əlaqələndirməyə vadar edir.
Bununla yanaşı, onu qeyd etmək lazımdır ki, din sahəsində həyata keçirilən naşı siyasət, müxtəlif radikal cərəyanların meydana gəlməsini labüd edir. Vətəndaş mövqeyi olan icmaları təqib edərək, və eyni zamanda, ifrat, radikal cərəyanların fəaliyyətini stimullaşdıraraq, hakimiyyət dairələri bunların uğurlu işlərinə, əslində rəvac vermiş olmuşlar.
Cəmiyyətin bu cür indoktrinasiyalara qarşı immuniteti olmalıdır. Bu problemin və bu qəbildən olan digər problemlərin həlli həqiqi vətəndaş cəmiyyətinin quruculuğundan keçir. Əslində, bu problemləri həll etmək üçün, demokratiya və insan haqlarının olmaması kimi, ekstremizmin meydana gəlməsi üçün münbit olan şəraiti aradan aparmaq zəruridir".