HEYHAT MİNNA ZİLLƏH!
N 199
Şaban ayı, 1426 (16 sentyabr 2005-ci il)
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
MÖVLUD
Hicri 255-ci il, Şaban ayının 15-i İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) mübarək mövludu günüdür. İçərişəhər "Cümə" məscidinin dini icması bu gözəl bayram münasibətilə mö'min və mö'minələri, bütün Azərbaycan xalqını təbrik edir.
Şabanın orta gecəsi haqqında
Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Mən kamil əxlaqı tamamlamaq üçün məbus oldum".
HƏDİS. Şəban ayının fəziləti haqqında
Qədr gecələrindən sonra, Şabanın orta gecəsi (14-dən 15-nə keçən gecə) ilin ən fəzilətli gecəsidir. Bu gecədə "Kumeyl" duası oxumaq və əhya saxlamaq çox tövsiyə edilmişdir.
HƏDİS. İmam Zaman (ə.f.) haqqında
İslam Peyğəmbərindən (s) nəql edirlər: "Mehdi - mənim övladlarımdan biridir, (Onun) çöhrəsi sanki bir parlaq ulduzdur".
İslam Peyğəmbərindən (s) nəql edirlər: "O vaxt ki, mənim nəslimdən olan Mehdi (ə.f.) qiyam edəcək, İsa ibn Məryəm ona köməklik etmək üçün zühur edəcək, onu irəli buraxacaq və arxasında namaz qılacaq".
Həzrət Əlidən (ə) nəql edirlər: "Mehdi - bizim nəslimizdəndir. Fatimə (ə) övladı olan bir insandır".
İmam Baqirdən (ə) nəql edirlər: "Sanki, Qaimin /İmam Zamanın (ə.f.)/ dostlarını görürəm ki, dünyanın şərqinə və qərbinə sahib-ixtiyardırlar və heç bir şey yoxdur ki, onlara itaət etməmiş olsun".
HƏDİS. İmam Zamanın (ə.f.) intizarı haqqında
Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Ümmətimin ən üstün əməli, Allah tərəfindən fərəcin həyata keçirilməsinin /İmam Zaman ağanın (ə.f.) zühurunun/ intizarında olmaqdır".
İmam Cə'fər Sadiqdən (ə) nəql edirlər: "12-ci İmamın (Mehdi Sahib-əz-zəmanın (ə.f.)) intizarında olan kəs, o şəxsə bənzəyir ki, Allah Elçisinin (s) yolunda qılıncını çıxarmış və o Həzrəti (s) (düşmənlərdən) müdafiə edir".
(16090522 - 1) Milli Məclisə seçkilərdə namizədlərin qeydiyyatı ilə əlaqədar bəzi kateqoriyalı vətəndaşlara qarşı tətbiq edilən diskriminasiya ilə bağlı DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi bəyanat yaymışdır.
DEVAMM 6 noyabr 2005-ci il Milli Məclisə seçkilərlə əlaqədar gedən prosesin monitorinqinin ilkin nəticələri ilə bağlı bəyanat yaymışdır. Bəyanat dini etiqad və vicdan azadlığı müstəvisində aparılan monitorinq nəticəsində müəyyən olunmuş hüquq pozuntularını əhatə etmişdir. Bəyanatda o cümlədən bildirilir: "DEVAMM-ın apardığı monitorinq nəticəsində məlum olmuşdur ki, ayrı-ayrı vətəndaşlar "din xadimi" kateqoriyasına aid edilərək, diskriminasiyaya məruz qalmışlar. Belə ki, bir qrup vətəndaş bu ad altında ümumiyyətlə seçkilərə buraxılmamış, ikinci qrup böyük əngəllərə və süründürməçiliklərə məruz qoyulmuş, üçüncü bir qrup isə namizəd kimi qeydiyyata alındıqdan sonra, qeydiyyatları ləğv edilmişdir. Önəmli cəhət budur ki, diskriminasiyaya məruz qalmış şəxslərdən heç biri özünü "din xadimi" hesab etmir.
Qeyd etmək zəruridir ki, "Seçkilər haqqında" qanunda mövcud olan "din xadimi" müddəasının heç bir hüquqi və digər açılışı verilməmişdir. Və bu da, istənilən şəxsi aydın olmayan motivlər üzündən bu kateqoriyaya aid edərək seçkilərdən kənarlaşdırmaq imkanı yaradır. DEVAMM neçə illərdən bəri bu müddəanın antikonstitusion mahiyyət daşıdığını və qanunçuluğa zidd olduğunu dəfələrlə müvafiq dövlət qurumlarının nəzərinə çatdırsa da, təəssüflər olsun ki, bu məsələdə heç bir irəliləyiş əldə edilməmişdir.
DEVAMM, baş verənləri Konstitusiyamızda təsbit edilmiş fundamental insan haqlarının və azadlıqlarının kobud surətdə pozulması kimi qiymətləndirir, bunu hakimiyyət strukturları tərəfindən ölkə vətəndaşlarına qarşı həyata keçirilən diskriminasiya siyasətinin tərkib hissəsi kimi qəbul etdiyini bəyan edir. Eyni zamanda, bu hallar, insan haqları və azadlıqları sahəsində Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi sənədlərə sayğısızlıq və azad və ədalətli seçki keçirməklə bağlı dövlətin öz üzərinə götürdüyü öhdəliklərə etinasızlıq kimi qiymətləndiriməlidir.
DEVAMM vurğulayır ki, bu kimi məsələlərdə ictimaiyyətin öz diqqətini fərdlərin kimliyi üzərinə deyil, mövcud olan real və təhlükəli tendensiyanın qarşısını almağa yönəltməsi zəruridir. Belə ki, Konstitusiyaya zidd bu kimi presedentlərin meydana çıxması nəticəsində toplumda birinci və ikinci dərəcəli vətəndaşlara bölünmə kimi acınacaqlı bir hal qanuniləşir.
Baş verənlərlə əlaqədar, DEVAMM hakimiyyət strukturlarına müraciət edərək ölkə vətəndaşlarına qarşı dini zəmində ayrı-seçkiliyə son qoymağa və hüquqları pozulmuş insanların haqlarını bərpa etməyə çağırır.
DEVAMM mütərəqqi düşüncəli insanları, vətəndaş cəmiyyətinin strukturlarını, ölkə və beynəlxalq ictimaiyyəti bu məsələdə prinsipiallıq nümayiş etdirməyə, hansısa fraqmental mülahizələrə görə bərabərlik hüququ kimi fundamental insan haqlarının pozulmasına yol verməməyə çağırır".
Bəyanatı şərh edərək, DEVAMM-ın sədri İlqar İbrahimoğlu bildirmişdir: "Ən önəmlisi odur ki, cəmiyyət üzvləri insan haqlarının istisnasız olaraq müdafiəsinin önəmliliyinin fərqində olsunlar. Belə fundamental mövzularda hansısa səbəbdən kiçicik konformizm belə, ümumilikdə toplum üçün demokratiya və insan haqları baxımından çox acınacaqlı nəticələrə gətirib çıxara bilir".