İSLAMDA AİLƏ
Mövzu: GİRİŞ: AİLƏDƏ TƏRBİYƏNİN MAHİYYƏTİ VƏ ÇAĞRILMA.
Tarix: 25 aprel 2004-cü il
İmam-camaat: Hacı İlqar İbrahimoğlu Allahverdi
Bismilləhir-Rahmənir-Rahim.
Vəs-salətu vəs-sələmu alə rasulilləhil-əmin, Muhəmmədin salləl-lahu ələyhi və alihi və səlləm və alihi tayyibinət - tahirin və lənətul-lahi alə ə-dəihim əcməin minəl-ən ilə qiyəmi yəvmid-din.
Bu gün bəhsimiz – İslamda ailədir. Bu gün, giriş bəhsimiz olacaq və çalışaq bəhsimizin birinci hissəsinə də toxunaq. Ailə və nə etməli? məsələsi.
Bə’zi məsələlər var ki, biz dedik dünyagörüşünə aiddir, bu barədə dünənki bəhsimizdə danışdıq. İnsan deyir: haradan gəlmişəm? haradayam? və hara gedirəm? Yaradanım var, ya yoxdur? Hadisələr təsadüfən baş verir, yaxud bir hikmət var? Bu həyatdan sonra bir həyat var, ya yoxdur? Bunlar hamısı mühüm məsələlərdir və bunlar insanın dünyagörüşünə aid olan məsələlərdir. Amma insanın dünyagörüşü ilə yanaşı, eyni əhəmiyyət daşıyan və insanın həyatını müəyyənləşdirən məsələ – “nə etməli?” məsələsidir.
İnsan mümükün-əl-vücuddur, ehtiyaclıdır, yaranmışdır, başdan ayağa ehtiyac içindədir və dünyagörüşü buna müəyyən məsələləri anladır. Deyir, sən yaranmısan, sənin Allahın var, peyğəmbərlər(ə) gəlib, İmamlar(ə) gəlib sənə necə yaşamağı öyrədiblər və sən bir varlıqsan ki, sənin özünün özünlə, sənin Allahınla, sənin başqa insalarla, sənin təbiətlə münasibətin olmalıdır. Bu sadalananlardan birisi də insanın insanlarla münasibətidir. Yə’ni, özü kimi iradəyə malik olan, şüura malik olan, təfəkkürə malik olan insanlarla münasibətidir. Bu insanlararası münasibəti də iki cür bölmək olar:
- Biri budur ki, insanın daha çox ünsiyyətdə olduğu insanlar, və
- daha az ünsiyyətdə olduğu insanlar.
İslam dini insanın daha çox ünsiyyətdə olduğu insanlarla münasibətinə təbii ki, çox əhəmiyyət verir və ailə mövzusu bu baxımdan həddən artıq əhəmiyyət daşıyır. İslamda ailə, yə’ni İslamda insanın ailəsindəki münasibətləri. Bura həyat yoldaşları arasında münasibətlər daxildir, bura valideyn-övlad münasibətləri daxildir, bura övladların bir-biri ilə münasibətləri daxildir, bura övladın valideynə münasibəti daxildir. Ailə və onun daxilindəki münasibətlər ən mühüm və ən əhəmiyyətli məsələdir. Toplum bunun üzərində qurulub. Ev tərbiyəsi görənlə ev tərbiyəsi görməyənin arasında böyük fərq var. Ömrünün axırına qədər də o hiss olunur. Görürsünüz ki, bu insandır, heç namaz da qılmır, amma adam balasıdır, bə’zi yaxşı xüsusiyyətləri var. Deməli ev tərbiyəsi görüb.
Çox tə’sirlidir ev tərbiyəsi məsələsi. Bir insandır, ev tərbiyəsi məsələlərində problemləri olub, namaz da qılır, amma ömrünün axırına qədər axsayır. Çox böyük işlər görməlidir o ki, problemlərini düzəldə. Bunu hamı başa düşür: namaz qılan da, namaz qılmayan da. Hamı bunu anlayır ki, ev hər şeyin başlanğıcıdır. Ev özəkdir. Orada necədir, ondan sonra da o cür davam edir. Bu baxımdan bu bəhs həddən artıq əhəmiyyətlidir.
Bizim bugünkü bəhsimiz ən sadə məsələdən başlayacaq. Bu günkü bəhsimizin mövzusu bundan ibarətdir – müraciət. Evdir, burada insanların bir-birinə müraciəti necə olmalıdır. Bir-birlərini necə səsləməlidirlər, necə çağırmalıdırlar. Çox sadə məsələdir. Ola bilər ki, bir kəs desin ki, burada nə problem var, necə istəyir o cür də çağırsın. Necə istəyir o cür çağırmaqla deyil. İslam bununla da bağlı resept verir. Yaxşı, bu resept nədir?
Burada İslamın ümumi bir me’yarı var. Bir mübarək hədisə nəzər salsaq, “Üsuli Kafi”nin 2-ci cildi, 643-cü səhifəsində görürük mə’sumlardan (ə) nəql olunur ki:
“Üç şey var ki, bir müsəlmanın digər müsəlmana dostluğunu, məhəbbətini saflaşdırar və paklaşdırar: 1) Onunla görüşən zaman gülərüzlü halda olmaq; 2) Onun yanında əyləşmək istəyən zaman ona yer vermək; 3) Onun bəyəndiyi ən yaxşı adla ona müraciət etmək”.
Üçü də çox mühüm məsələdir. Birincisi mühüm məsələdir ki, insan insanla, müsəlman müsəlmanla görüşəndə gərək üzü gülə. Üzü gülsə çox yaxşıdır. İslam deyir ki, insanların, müsəlmanların görüşən zaman üzlərinin gülməsi, onların arasındakı münasibətə birbaşa tə’sir göstərir. Münasibətlər toplumda pisdirsə, deməli bunu düzəltmək lazımdır. Toplumda münasibətlərin düzəlməsinin yollarını İslam göstərir, deyir: “İnsanlar, üzünüz gülsün!”
Amma bu gün bəhsimiz bu deyil. İkinci məsələ budur ki, deyir tutaq ki, biri gəlib sənin yanında əyləşmək istəyir. Sən fikirləşməyəsən ki, necə edim bu çıxıb getsin. Sən gərək yer verəsən ona. Ədəb-ərkan öyrədir bizə İslam. Amma bu da bizim bəhsimiz deyil bu gün.
Bizi maraqlandıran üçüncü hissədir. Üçüncüsü budur ki, onun bəyəndiyi ən yaxşı adla ona müraciət edəsən. Yə’ni, bir insan başqa insanı çağırır, deyə bilər “ədə”, deyə bilər filankəs və bundan pis müraciətlərlə də çağıra bilər. Toplumda da, təəsüflər olsun, bu hal yaranır, inkişaf edir. Bəhs budur ki, müraciət adi cür baxılsa da, adi halda görünsə də, toplumda ən əhəmiyyətli məsələlərdən biridir. İnsanlar bir-birlərini necə çağırır? Necə müraciət edir? Necə səsləyir? Burada İslam çox sadə bir resept verir. Aydınlaşdırır ki, ümumiyyətlə insanlar arasında məhəbbətin artması üçün müraciət çox böyük rol oynayır, çağırılma çox böyük rol oynayır. Gözəl səsləyərsən, yaxşı səsləyərsən, yaxşı da nəticə verər. Burada ümumi bir formul da var. Formul ondan ibarətdir ki, insanın bəyəndiyi, insanın xoşu gəldiyi kimi onu çağırmaq. Ümumi formuldur. Ola bilər kimsə xoşlayır adı ilə çağırasan. Ola bilər kimsə xoşlayır onu məzhəbi adı ilə çağırasan. Deyəsən məşhədi, deyəsən hacı, deyəsən kərbəlayi. Adam var professordur, istəyir bunu elə professor çağıralar. Evdə də professor çağıralar, küçədə də professor çağıralar. Ondan aşağı çağırsan, çox narahat olar. Bu da insalardan asılıdır. Hərənin öz məsələsi var.
Burada maraqlısı budur ki, mübarək İslam dini konkret demir belə et. Ümumi formul verir, ümumi qayda verir. Deyir zamanın, şəraitin, adətin, ən’ənən fərqli ola bilər. Ola bilər, bir mədəniyyətdə bir cür çağırış yaxşı olar, amma həmin çağırış başqa mədəniyyətdə pis sayılar. İslam o işə qarışmır. İslam bizə çox sadə bir resept verir. Deyir o cür çağır ki, insanın o çağırışdan xoşu gələ.
Ola bilər bir mühitdə insanı adı ilə çağırmaq təhqirdir, ola bilər başqa mühitdə adı ilə çağırmaq yaxşıdır. İslamın işi yoxdur baxa ki, xüsusi olaraq Bakı üçün nə edin, tutaq ki, Dəməşqdə nə edin və s. İslam bizə ümumi surətdə təqdim edir. Yə’ni sadə, insanın xoşladığı nə cürdürsə, o cür də çağır.
Bu gəlir ailə məsələsində də öz təsdiqini tapır. Ailə üzvləri arasında da çox əhəmiyyət daşıyır. Ailə üzvləri arasında da, dediyimiz kimi, həyat yoldaşları bir-birlərini çağıranda, valideyn övladı çağıranda, övlad valideyni çağıranda, övladlar bir-birini çağıranda çox böyük tə’siri var bu məsələnin.
İslam deyir həddən artıq diqqətli olun və bunun birbaşa ailədəki münasibətlərə, ailədəki ünsiyyətə, ailədəki ab-havaya tə’siri var. Yenə də burada biz misallara toxuna bilərik. Misal üçün, işarə olunur ki, ariflər, İlahi bəndələr ailədə o ab-havanı yaratmaq üçün xüsusi çağırışlardan da istifadə ediblər. Hədisdə də gedib ki, həyat yoldaşı Allahın əmanətidir. Deyir müraciət edəndə də çağır “ey Allahın əmanəti!”.
Burada deyir çox böyük psixoloji tə’siri var bunun. İki tərəfə də. Çağıran başa düşür, bu Allahın əmanətidir və münasibətinə görə cavab verəcək. Çağırılan da başa düşəcək ki, o Allahın əmanətidir və özünü Allahın əmanəti kimi aparsın. Deməli, burada hər iki tərəfə tə’sir var.
Çağıran hər dəfə bunu dilinə gətirəndə başa düşür ki, bu Allahın əmanətidir və buna görə də əmanətlə necə rəftar edib, cavab verəcək. İkinci tərəf ki, həmin Allahın əmanətidir, bu da öz rəftarında, öz hərəkətlərində Allahın əmanəti səviyyəsinə qalxmağa çalışacaq. Çox sadə bir misaldır.
Ya uşaqların özünü çağıranda, övladları çağıranda. Niyə qız uşağı böyüyür və yaxud oğlan uşağı böyüyür, bir müddətdən sonra valideynin üzünə ağ çıxır. Səbəbi nədir? Səbəbi odur ki, bu uşaq evdə sevgi-məhəbbət görməyib. Sabah bunun üzünə başqa yerdə yüngülvari güləndə bu həmin o istiliyi həmin o məhəbbəti başqa yerdə axtarır. Bu evdə görməyəndə bunun ehtiyacı var buna, bu ödənməlidir, evdə verilməsə, başqa yerdə ödənilməsini axtaracaq. Başqa yerdə isə heç də həmişə düzgün verilmir. Nəticə pis olur.
Deməli, əgər istəyiriksə bu uşaq sabah böyüyəndə valideynin üzünə ağ olmasın, bu gündən bu uşaqla danışığımız, rəftarımız, uşağa müraciətimiz dəqiq olmalıdır. Uşağı təhqir edə-edə böyütsən, onu təhqiramiz ünvanlarla çağırsan, uşaq da özünü o cür saxlayacaq və elə o cür də olacaq.
Bir uşağı çağırsan bu cür ki, ay mö’min, ay şücaətli, ay pəhləvan, ay Zəhranın (ə) davamçısı, ay elə, ay belə, bunlar tə’sir edir uşağa. Sonra uşaq oturub fikirləşir ki, Zəhra (ə) kimdir ki, mən onun davamçısıyam. Uşaq oturub fikirləşir ki, aha, mən pəhləvanam.
Mö’minlər də bu hadisələrdən çox danışıblar. Tutaq ki, məscidlə bağlı bu hadisələrdə valideyn gedir, uşaq da deyir ki, bəs nə var, nə yox, hara gedirsən. Deyir, gedirəm bəs belə, elə. Uşağa deyir sən də pəhlivan olarsan, şücaətli olarsan, böyüyəndə sən də Allah evlərini qoruyarsan. Uşaq uşaqlıqdan özündə missiya hiss edir. Allah evini qorumaq lazımdır, mərd böyümək lazımdır.
Amma, uşağa uşaqlıqdan desən ki, sən axmağın birisən, uşaq elə axmaq böyüyəcək. Uşağa elə uşaqlıqdan desən ki, sən elə gicbəsərsən, sən əbləhsən, uşaq elə doğrudan elə olacaq. Uşağın standartlarını qaldırmaq lazımdır. Uşağa demək lazımdır ki, sənin başın çox yaxşı işləyir. Başı zəif də işləsə, başı başlayacaq yaxşı işləməyə. Bu hər baxımdan elədir.
Toplumda da insanlar arasında münasibət elədir və hər şey də də elədir. Məscidin qonşuları çoxdur da burada. Qonşunu görəndə bir var deyəsən ki, sən nə xoşbəxt adamsan, sən Allah evinin qonşususan. Bir də var ki, deyəsən bunlar kafirdirlər, bunlar namaz-zad qılmırlar. İki dənə müxtəlif müraciətdir. Allah evinin qonşusu ünvanı, bu insanı ona uyğun bir əxlaqa aparıb çıxarar. Yox elə desən ki, bunlar qanmır namaz nədir, sabah elə buna uyğun rəftar edəcək. Mö’min çalışmalıdır ki, standartları qaldırsın yuxarı.
Bir məsələyə qayıdaq ki, bir daha burada İslamın ana xətti gedir. Bütün bunlar qayıdır o məsələyə. İnsanın şəxsiyyət və ləyaqəti toxunulmazdır. İnsan o cür çağırılmalıdır ki, onun şəxsiyyət və ləyaqətinə uyğun olsun. Təhqirlə çağırış onun hər dəfə şəxsiyyət və ləyaqətini aşağı endirir. Peyğəmbərimizin (s) və Əhli-Beytin (ə) həyatında bunu təsdiq edən misallar çoxdur.
Sadə bir misalla yekunlaşdıraq bəhsi ki, Peyğəmbər (s) öz zövcələrindən birini “Həmira” çağırarmış. Bunu bir misal üçün deyirik. Peyğəmbərimiz (s) o əzəməti ilə, o sadəliyi ilə, hər şeyin öz yerində yerinə yetirilməsinin gözəl nümunəsidir. Yə’ni, həmən sözün mə’nası “qızılgülcüyüm” deməkdir. Bizim dilə bu çox çətin tərcümə olunur. Ola bilər ki, bizim dildə bu bir az şit çıxar, amma ərəb dilində bu həddən artıq çox lətif və gözəl səslənən məsələdir. Və buradan görünür ki, bu elə Əhli-Beyt (ə) həyatıdır və həyatımızda da, hər bir məsələdə də diqqətli olmalıyıq və inşəallah ki, ikinci burada mühüm amillərdən biri salam vermək məsələsidir. Salam vermək zahirdə çox sadə məsələdir. Ailə üzvlərinin bir-birinə salam verməsi. Hamı deyir ki, verilir də, burada nə var ki. Burada o qədər də sadəlik deyil. Burada da geniş məsələlər var və bu da, inşaallah, gələn bəhsimizin mövzusudur.
Allahım! Bizləri insanlarla Əziz Rəsulallah (ə) və Əhli-Beytinə (ə) uyğun rəftar etməyə müvəffəq et! AMİN!