İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İlahi dünyagörüşü
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version

      Mövzu: DÜNYAGÖRÜŞÜ NƏDİR VƏ ONUN ƏHƏMİYYƏTİ(1)

      Tarix: 24 aprel 2004


       İmam-camaat: Hacı İlqar İbrahimoğlu Allahverdi


      Bismilləhir-Rahmənir-Rahim.
      Vəs-salətu vəs-sələmu alə rasulilləhil-əmin, Muhəmmədin salləl-lahu ələyhi və alihi və səlləm və alihit- tayyibinət - tahirin və lənətul-lahi alə ə-dəihim əcməin minəl-ən ilə qiyəmi yəvmid-din.
       Allahın köməkliyi ilə silsilə bəhslərə başlayırıq və şənbə günləri bəhsimiz İlahi dünyagörüşü ilə bağlı olacaq, inşəallah. Bir salavat zikr edək ki, bu dərslərdən Peyğəmbərin(s) və onun Əhli-Beytinin (ə) bəyəndiyi bəhrələri götürək.
       Bizim bugünkü bəhsimiz Allahın köməkliyi ilə giriş olacaq. İnşaallah, şənbə günləri bəhslərimiz İlahi dünyagörüşü ilə bağlı olacaq. Sual çıxır – bu dünyagörüşünün özü nədir? Bəhsimiz nəyi əhatə edəcək?
       Mən dərhal qeyd edirəm ki, bu bizim ən’ənəvi əqaid dərslərindən fərqli bir bəhsdir və o baxımdan da bir miqdar üslubu da fərqlənəcək.
       Bu anlayış 2 sözdən ibarətdir: “dünya” və “görüş”. İnsanın dünyaya görüşü, insanın dünyaya baxışı. Daha doğru dillə desək, insanın varlıq aləminə, mövcudat aləminə baxışı. Lap sadə hala gətirib çıxarsaq, insanın o mövcud olan baxışlarıdır ki, mən kiməm? haradan gəlmişəm? haradayam? hara gedirəm? Sualları ilə əhatə olunur. Yə’ni, mən ümumiyyətlə yaranmışammı, özü-özümə varammı, məni yaradıblarmı, yaratmayıblarmı, Günəş nədir, bu Yer nədir, buradan sonra həyat varmı, yoxmu və s. –bunlar hamısı dünyagörüşünə aid olan məsələlərdir. Dünyagörüşü çox əhəmiyyətli bir məsələdir. İnsanların dünyagörüşü ilə bağlı baxışlarının necə olmasından asılı olaraq, müxtəlif rəftarları, müxtəlif əməlləri meydana gəlir. Lap sadələşdirək.
       Məsələn, insan var ki, deyir mən Allahdan yaranmışam, məni Allah yaradıb, burada yaşayıram, bu dünyanı Allah xəlq edib, bu dünyadan sonra bir cənnət var, cəhənnəm var, yaxşı insan yaxşı yerə düşəcək, pis insan pis yerə düşəcək və s. Bu bir İlahi dünyagörüşüdür. İlahi dünyagörüşü deyir ki, ey insan, sən əbəs yerə yaranmamısan, təsadüf nəticəsində deyilsən burada! Yaranmağında bir məqsəd var! Sən bir insansan, sənin iradən var, şüurun var, məntiqin var, baxmalısan, yaşamalısan, sənin ətrafında olanlar da varlıqlardır, bunlarla münasibətdə də necə olmağı bilməlisən, onların vəziyyətini bilməlisən və s. Bu növ araşdırma insanı gətirir İlahi dünyagörüşünə. İlahi dünyagörüşü bir dünyagörüşüdür ki, insan deyir Allahdanam, Allahdayam və Allaha doğru gedirəm. Hər şeydə Allahı görür və hər şeydə Allahdan vücudalma görür.
       Çox mühüm məsələdir. Bu halda Günəşə baxanda, ona Allahın yaratdığı kimi baxır. İnsana baxanda, Allahın yaratdığı kimi baxır, suya baxanda Allahın yaratdığı kimi baxır. Vaxtına, zamanına, yaşayışına - hər birinə bir İlahi ne’mət kimi baxır.
       Bir də var ki, deyir yox, mən elə təsadüfən gəlmişəm. Misal üçün deyir, heç bir başlanğıc yoxdur, elə deyil ki, kimsə bütün mövcudatı yarada. Bu elə təsadüf nəticəsindədir, cansız təbiətdir, maddədir. Misal üçün, təsadüfən bir maddə digərinin üstünə düşüb və bundan nə isə yeni bir fenomen əmələ gəlib və onlar inkişaf edə-edə gəlib çatıb, məsələn, bitki mərhələsinə, bitkidən sonrakı mərhələlər də elə təsadüfi bir məsələdir. Və heç bir məntiq, bir hikmət yoxdur, nə bir başlanğıc var, nə də son var, nə Yaradan var (nəuzibillah), nə də yaranışda məqsəd var. Belə bir dünyagörüşü də var.
       İndi üçüncü məsələ ki, yeri düşmüşkən dərslərdə də toxunuruq. Elə insan da var ki, deyir hər çox sadədir. Puldan gəlmişəm, puldayam və pula doğru da gedirəm. Bu bizim yaşadığımız mühitdə çox aktual olan bir dünyagörüşüdür. Deyir, hər şey puldur. Puldan yaranmışam, puldayam və pula doğru da gedirəm. Bunun, bizim bəhsimizə aidiyyatı yoxdur, bu elə bəhsimizin sonrakı hissəsinə keçmək üçün bir keçid idi.
      Yaxşı, bu dünyagörüşü bəhsinin nə əhəmiyyəti var? Nə xeyri var? Nə faydası var? Biz oturub bununla bağlı şənbələr bəhs edəcəyik ki, bu bəhsin ümumiyyətlə hansı xeyirləri var.
       Çox dəqiq bir məsələdir ki, insanın dünyagörüşü müəyyənləşməyənə kimi, insanın nə etməli olduğu, necə yaşamalı olduğu müəyyənləşmir. Əgər insanın dünyagörüşü bu cürdür ki, məni Allah yaradıb, yaranış da, hər şey də Allahındır, Allah məni yaradıb, ağıl verib, şüur verib, məntiq verib və mən də təsadüfi deyiləm və mənim də həyatımın bir mə’nası var və öz İlahi missiyamı, öz insanlıq missiyamı həyata keçirməliyəm – onda, həyat çox maraqlılaşır, mə’nalaşır. Yaxud da deyir ki, mənimlə aliminium arasında fərq yoxdur. Mənimlə daşın arasında fərq yoxdur. Mənimlə hansısa betonun arasında fərq yoxdur. Elə belə yaşayırıq, mə’na yoxdur, təsadüf nəticəsindədir. Yaranmışıq, indi birtəhər yaşamaq lazımdır. Bu çox mühüm məsələdir: insanın dünyagörüşünün müəyyənləşməsi və bundan asılı olaraq, insanın həyatında mə’na var, ya yox məsələsinin gəlib ortalığa çıxması.
       Ümumiyyətlə, günümüzdə ən düşündürən məsələlərdən biri məs’uliyyət məsələsidir. Əgər həyatda bir mə’na varsa, məs’uliyyətin də yeri olur. Əgər həyat elə-belədirsə, təsadüfdürsə, bu halda məs’uliyyət də ola bilməz. Aliminiumun məs’uliyyəti ola bilər? Xeyr. Təsadüfdən yaranmış şeylərin nə məs’uliyyəti ola bilər? Heç bir. Bu baxımdan bəhs olunan məsələ çox ciddidir. Ümumiyyətlə, insanın dünyagörüşünün onun rəftarı ilə birbaşa əlaqəsi var. Necə yaşaması ilə, əməli ilə, rəftarı ilə, oturuşu ilə, duruşu ilə, ticarəti necə etməyi ilə əlaqəsi var.
       Çəkidə niyə aldatmasın? Əgər hər şey təsadüfdürsə, bu da çəkidə təsadüfən aldadır. Aldatmamaq üçün müvafiq bir dünyagörüşü olmalıdır. Yaxud, insanın nəyə görə yaşaması sualı çıxır. Belə ki, burada yaşayış başdan ayağa əziyyətdir, əzabdır. Səhərdən axşama kimi özünü ora vurur, bura vurur, nəsə qazanır, yeyir, səhər tezdən yenə gedir. Əgər bu həyat mə’nasız bir şeydirsə və yaranışın bir məqsədi yoxdursa və, nəuzibillah, Allah yoxdursa, cənnət yoxdursa, cəhənnəm yoxdursa, burada da insan eləcə əzab çəkə-çəkə yaşayırsa, onda yaşamağın özünün elə mə’nası olmur. Elə isə bu dünyadan nə qədər tez getsə, bir o qədər yaxşıdır. Əgər insan İlahi dünyagörüşlü olmasa, maddi dünyagörüşlü olsa, bu halda ümumiyyətlə yaşamağın bir mə’nası yoxdur. Nə qədər tez bu əzablardan canını qurtarsa, bir o qədər yaxşı.
      Amma İlahi dünyagörüşü insana deyir: “elə deyil”! Deyir: “mə’na var və sənin özünün bir İlahi missiyan var”. Burada məsələ çıxır ki, yaxşı, biz dünyagörüşü ilə bağlı məsələlərimizi həll etməsək, ümumiyyətlə, necə yaşamağımızı həll edə biləcəyikmi?
       Tutaq ki, biz bir şəhərə gedirik, bir başqa ölkəyə gedirik ki, o ölkədən xəbərimiz yoxdur. Məsələn, Madaqaskarda hava istidir, ya soyuqdur, mən şəxsən bilmirəm. Çoxdur belə ölkələr ki, heç bilmirik nə var, nə yox. Getməkdən qabaq maraqlanırıq ki, orada ümumiyyətlə mühit necədir – istidir, soyuqdur, ab-hava necədir, camaatla necə salamlaşırlar, soyuq vaxtı nə geyinirlər və s. – bütün bu məsələlər mühümdür. Elə-belə gedim, orada baxaram nə edərəm – bu cür alınmır… İnsan adətən belə etmir. Əvvəl baş açmaq istəyir ki, o getdiyi ölkədə nə var, nə yox. Neçə dənə muzeyi var, məscid var, ya yoxdur, kilsə var, ya yoxdur. Misal üçün orada kilsələr muzeydir, ya kilsə kimi fəaliyyət göstərir. Ya misal üçün orada köhnə şəhər var, ya yoxdur, yaxud şəhərin neçə faizindən köhnəlik qalıb qalmayıb, bunlarla adam maraqlanır. Hər şəhərin özünün köhnə hissəsi var. Adam hara düşsə, birinci gedir baxır qədim hissədə nə var, nə yox. Bu bir məsələ.
       Yaxud da başqa bir misal gətirək ki, insan bir yerə də’vət alır, gedir bir konfransda iştirak etməlidir. O konfransda bilmir mövzu nədir, kimlər yığılacaq, yığılanlar akademikdir, tələbələrdir, ya müəllimlərdir. Gedib ora çatan kimi deyirlər: dur, çıxış et. Adam gərək əvvəl orada baxa nə var, nə yox. Ola bilsin elə yer olsun ki, adam orada heç danışmalı deyil. Orada müctəhidlər, əllamələr yığılıb və sən ancaq oturub qulaq asmalısan. Yer də var ki, danışmalısan, çünki sən danışmasan aləm dəyər bir-birinə.
       Adam harada olsa, nə isə etməkdən öncə oranı tanımalıdır, mühitdən baş çıxarmalıdır.
       İndi təsəvvürünüzə gətirin ki, biz bir varlığıq ki, varıq. İstəyirik digər varlıqlarla birgə varlıq aləmində yaşayaq. Burada yaşamaq üçün də bilməliyik ki, mənim su ilə münasibətim necə olmalıdır, donuz əti ilə münasibətim necə olmalıdır. Misal üçün, yatmaqla, durmaqla münasibətim necə olmalıdır, Günəşlə münasibətim necə olmalıdır, Ayla münasibətim necə olmalıdır. Biz elə bil düşmüşük bir şəhərə. Bu aləm özü elə bir şəhərin növüdür. Sadəcə, daha böyükdür. Üstəlik orada bizim kimi başqa varlıqlar da var. Bunların elə hamısı ilə salam-əleyk etməliyik, ya hamısı ilə olmaz, məhrəm var, naməhrəm var və bu varlıqlarla münasibəti necə qurmalıyıq. Balacaları ilə necə qurmalıyıq, böyükləri ilə necə qurmalıyıq? Yaxşıları ilə necə qurmalıyıq, pisləri ilə necə? Yaxşıları hansılardır, pisləri hansılardır?
       Burada belə nəticəyə gəlirik ki, dünyagörüşü olmasa, adam ümumiyyətlə necə rəftar etməsini və necə yaşamasını müəyyən edə bilməz. Belə də deyil ki, mən orada situasiyaya görə baxıb çarə qılacağam. Tutaq ki, sən misal üçün göbələk yeyirsən. Sən bilmirsən axı hansını olar, hansını olmaz. Təsadüfən zəhərli göbələyi götürdün və yedin. Daha qurtardı. Eksperiment qurtardı. Daha bundan sonra nə etməli idin, bilinmir. Ona görə burada insanın mütləq dünyagörüşü olmalıdır. Dünyagörüşündən bu bilinməlidir ki, insan özü ilə ünsiyyəti necə qurmalıdır, Rəbbi ilə ünsiyyətini necə qurmalıdır, öz ətrafında özü kimiləri ilə ünsiyyəti necə qurmalıdır, yaşadığı mühitdə özü kimi yox, özündən fərqli səviyyəli vücudlarla ünsiyyəti necə qurmalıdır? Bu çox ciddi məsələdir.
       Deməli, “nə etməli?” sualı yalnız “haradan gəlmişəm?”, “haradayam?”, “hara gedirəm?”dən əmələ gəlir və bunlar olmasa, mümkün deyil. Beləliklə, dünyagörüşünün nə qədər əhəmiyyət daşıması məlum olur.
       Yaxşı, nə bilək hansı dünyagörüşü daha üstündür, daha yaxşıdır. Üstün dünyagörüşü, üstün əqidə üçün üç me’yar var.
       Birinci me’yar. Həmin əqidənin, dünyagörüşünün ağılla, məntiqlə, düşüncə ilə uyğun gəlib-gəlməməsi. O təfəkkür, düşüncə ki, deyir: “fikirləşmə!”, deməli, o düşüncənin özündə problemlər var. O düşüncə, o təfəkkür, o dünyagörüşü, o əqidə ki, deyir elə kor-koranə bunu et, deməli, orada nəsə problemlər var. Misal üçün, bir müsəlman ailəsində yox, Allah etməsin, bir ailədə dünyaya gələrdik ki, orada inəyə pərəstiş edirlər. Orada da bizə deyərdilər ki, “bilirsiniz, fikirləşmək olmaz, burada belə qəbul olunub!”. Beləliklə, ömrünün axırına kimi insan inəkpərəst olardı. İndi təsəvvürünüzə gətirin, maraqlı məsələ budur ki, inəkpərəst də elə bilir ki, ən düzgün əqidə ondadır. Ona deyəndə axtarış apar, deyir bilirsən nə var, mən əgər səhv əqidədə, səhv dünyagörüşündə olsaydım, mən də sizin kimi axtarış aparardım. Biz sadəcə olaraq ən düzündəyik ona görə də bu məsələni qurdalamırıq. Mən bir nəfər də olsun, dədə-babadan kor-koranə yaşayan insan görmədim ki, desin mənim dünyagörüşüm səhvdir. Kim hansı dünyagörüşündə qalıb, elə bilir ki, onun dünyagörüşündən yoxdur. İnəkpərəst elə bilir ki, inəkdən o yana daha heç nə yoxdur. Buna deyəndə, deyir niyə olmaz, dədə-baba bunu qəbul edir axı! Amma İslam bunu qəbul etmir. İlahi dünyagörüşünün, və ümumiyyətlə dünyagörüşünün keyfiyyətinin yoxlanılmasının birinci mərhələsi, onun əqlə söykənib-söykənməməsi məsələsidir. Bunun ağılla münasibəti necədir. Əqidə var, deyirsən, necə olur ki, ata Allah, oğul Allah? Deyir Allahın işlərinə qarışma. Ya, nəuzubillah, guya Allah haradasa oturub. Deyirsən axı necə olur, o otura bilməz. Deyir sakit ol, Allahın işinə qarışma. Ya deyir, Allahın əli var, ayağı var və s. Deyəndə ki, bu necə olur, axı ağılla uyğun gəlmir, deyir biz bu işlərə qarışa bilmərik. Deməli, bu növ dünyagörüşü zəifliyini göstərir. Dünyagörüşü ki, əqllə, məntiqlə, şüurla, təfəkkürlə təzadı, düşmənçiliyi yoxdur və ağıla, düşüncəyə, təfəkkürə, fəlsəfəyə hörmətlə yanaşır, deməli, o düşüncədə, o təfəkkürdə üstünlük var.
       İkinci me’yar. İnsanın fitrəti ilə uyğun gəlməsi. Bu çox ciddi məsələdir. İnsanın fitrəti ilə uyuşması. Bu özü bir geniş məsələdir.
       Üçüncü də o dünyagörüşü ki, insana ümid verir və insanı İlahi vücudi məs’uliyyətə də’vət edir. Yə’ni insana “nə etməli?” sualında məsləhətlər verir. Bu da çox mühüm məsələlərdir. Deməli, burada üç me’yarlarımız oldu:
  1. ağılla normal ünsiyyətlərin olması;
  2. insanın fitrəti ilə normal ünsiyyətlərin olması
(misal üçün, insanın fitrəti bunu tələb edir ki, arada Rəbbi ilə göz yaşı axıtsın və danışsın. Bu fitrətinə rahatlıq verən hallardan biridir. İndi bir dənə dünyagörüşü durub deyir ki, yox, belə şey olmaz. İnsan həmişə gərək quru ola. Bu deməli fitrətlə uyuşmur. Misal üçün insanın fitrəti deyir ki, insanın valideyni, ya balası rəhmətə gedəndə qəmlənər. Bu təbiidir. İndi birdən bir dünyagörüşü çıxa ortalığa, deyə ki, yox əksinə sevinmək lazımdır, bayram keçirtmək lazımdır. Alınmır axı! İnsanın fitrəti qəmlənməyə də’vət edir. Bax bu fitrətlə bağlı olan bəhslərdən geniş danışacağıq);
      Birinci dünyagörüşünün fundamental məsələlərindən biri – Tövhiddir – təkallahlılıqdır. İlahi dünyagörüşünün əsas fundamenti budur. Hamının bu barədə kifayət qədər mə’lumatı var, xəbəri var bu mövzulardan. Belə ümumi bir miqdar yada salacağıq bə’zi məsələləri. Burada belə bir məsələ var ki, ağıl deyir, hər bir nəticənin bir səbəbi var. Ağıl bunu qəbul edir. Misal üçün, balaca körpə uşağın üzünə üfürürsən. Gözünü açır axtarır ki, haradan gəlir o hava. Nəticəni hiss edir, səbəbini axtarır. Uşağın hələ ağlı heç nə kəsmir, amma artıq səbəb axtarır. Ümumiyyətlə, bu bir qəbul olunmuş məsələdir ki, hər bir nəticənin səbəbi var. Hər bir nəticənin bir tə’sir edəni var. Və bir neçə sadə misal ilə bu məsləyə toxunmaq olar.
       Əlbəttə, sadə misallara keçməzdən qabaq yaxşı olar bilək ki, ümumən insan görürmü ki, elə özü ehtiyaclıdır, özü nəticədir, ətrafa baxıb görürmü ki, hər şey nəticədir? Və düşünürmü ki, bəs bütün bu nəticələrin bir səbəbi olmalıdır, bir ilkin mənbəyi olmalıdır? Ağıl bunu deyir ki, ilkin mənbəsiz bunlar yarana bilməz! Və yaxud, insan baxır və çox sadə məntiqlə görür ki, tutaq ki, adicə bir şəkildir, məsələn quş şəklidir. Buna baxanda fikirləşirikmi bunu kimsə çəkib ki, bu şəkil əmələ gəlib? Bu tərəfdən belə başa düşür ki, deməli bülbülün özünü də yaradan var. İnsan fotoaparata baxır görür ki, bu qəşəng çəkir. Düşünürmü ki, əgər bu fotoaparatı yaradan olmalıdırsa, ortalığa çıxaran olmalıdırsa, insanın gözünü də gərək ortalığa çıxaran olsun? Bunu da gərək bir yaradan olsun?
       İndi insan baxanda, bu boyda aləmdə nəzmi, harmoniyanı görəndə anlayır ki, bu harmoniyanı verən, bu harmoniyanı hifz edən sözsüz ki, Yaradan var və burada elə ağıl özü insana deyir ki, mümkün deyil ki, Yaradan olmasın. Bütün nəticələrin bir səbəbi var və bütün bu nəzmin Nəzmverəni var və bütün bu varlıqların, bu məxluqatların bir Xaliqi var və görürük ki, Tövhid məsələsi və bütün bu varlıqların, yaranışların, Yaradanın olması ağılla tam uyğun gələn bir məsələdir.
       İndi ikinci bir məsələ bu nə dərəcədə fitrətlə uyğun gəlir və ya gəlmir? Allah qoysa, bu bizim gələn şənbədəki mövzumuz olacaq.
       Allahım! Bizləri düzgün əqidəli insanlardan qərar ver!
       AMİN!
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi