İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İlahi dünyagörüşü
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version

      Mövzu: DÜNYAGÖRÜŞÜNÜN FİTRƏTLƏ UYĞUNLUĞU(2)

      Tarix: 01 may 2004-cü il


      İmam-camaat: Hacı İlqar İbrahimoğlu Allahverdi


      Bismilləhir-Rahmənir-Rahim.
      Vəs-salətu vəs-sələmu alə rasulilləhil-əmin, Muhəmmədin salləl-lahu ələyhi və alihi və səlləm və alihit- tayyibinət - tahirin və lənətul-lahi alə ə-dəihim əcməin minəl-ən ilə qiyəmi yəvmid-din.
       Həmd olsun Allaha ki, silsilə bəhslərimizin ikinci həftəsinə başlayırıq. Bəhsimizin ikinci hissəsidir. Keçən həftə, şənbə günü bəhsimiz İlahi dünyagörüşü ilə bağlı giriş bir hissəyə aid idi. Ona toxunduq ki, dünyagörüşü nədir, İlahi dünyagörüşü nədir, maddi dünyagörüşü nədir, İlahi və maddi dünyagörüşlərinin fərqi nədədir, dünyagörüşü ilə bağlı bəhsin əhəmiyyəti nədədir və dünyagörüşünün insanın həyatında rolu və əhəmiyyəti nədir. Dedik ki, dünyagörüşü çox sadə sözlərdən təşkil olunub: dünya və görüş. Yə’ni, insanın dünyaya aid olan görüşü, insanın dünyaya aid olan baxışı. Dedik ki, bu, haradan gəlmişik, haradayıq və hara gedirik suallarının cavablarından formalaşır. Mümkündür ki, insan özü bu suallar haqqında düşünmədən bir dünyagörüşünə malik olar ki, onlar hərəsi öz yerində haradan gəlib, haradadır və hara gedir suallarını insan üçün cavablandıra. Çox sadə dildə desək, əgər insan deyə Allahdan gəlmişəm, Allahdayam və Allaha doğru gedirəm, onda bu insanın dünyagörüşü olur İlahi dünyagörüşü. Yə’ni, elə-belə yaranmamışam, burada da elə-belə deyiləm, Allaha doğru gedirəm, Allah məni bura bir imtahan üçün göndərib, sonda da Allahın dərgahına gedəcəyəm və hara baxıram İlahi nişanələri görürəm
      . Maddi dünyagörüşü ilə bağlı bildirdik ki, deyir elə maddədənəm, maddədəyəm və maddəyə doğru da gedirəm. Maddi dünyagörüşünə görə aliminiumla insanın arasında fərq yoxdur. Küçədəki qəmbər daşı ilə insan arasında fərq yoxdur. Vicdan, şüur, məhəbbət, eşq, Vətəni sevmək –bunlar hamısı gülməli mə’na verir. Aliminiumun məhəbbəti, sevgisi ola bilər? Yox! Daşın vicdanı ola bilər? Yox! Bu elə-belə söz deyil. Bu çox fundamental bir bəhsdir və sadəcə olaraq, burada onu sadələşdirmişik. Yə’ni, maddi dünyagörüşlü insan vicdandan, sevgidən, məhəbbətdən danışanda, bu – qeyri-ciddidir. Çünki, onun dünyagörüşündə bu cür məsələlərə yer qalmayıb. Misal üçün, “aliminiumun qeyrəti” desək, çox gülünc səslənər. Ona görə bu məsələyə diqqət yetirmək çox mühümdür.
       İnsanın dünyagörüşü onun vəziyyətini müəyyənləşdirir. Ona görə, çox vaxt özlərini maddi dünyagörüşünə aid edən insanlar, özləri də bilmədən heç də maddi dünyagörüşünə aid deyillər. Özlərini çaşdırıblar, elə bilirlər materialistdirlər, amma əslində elə İlahi dünyagörüşündədirlər. Beləliklə, insan bilməlidir ki, burada, bu dünyada təsadüfəndir, ya təsadüfi deyil. Təsadüfidirsə, təsadüf nəticəsindədirsə, gündə müxtəlif problemlərlə rastlaşır, demək, onda nə qədər tez bu dünyadan getsə, bir o qədər yaxşıdır. Canını da qurtarar bu ağrı-acılardan.
      İlahi dünyagörüşü isə deyir ki, sən təsadüfi deyilsən, burada da səmərəli yaşamalısan və necə yaşamağından asılı olaraq bəhrəsini də görəcəksən.
       Elə bu baxımdan bəhsin əhəmiyyəti çox mühümdür. Görək hansı dünyagörüşü insan üçün daha mühümdür. Qeyd etdik ki, həyatımızda bu məslənin rolu çox böyükdür, insanın rəftarına birbaşa tə’sir göstərir. Birbaşa əxlaqına, davranışına, əməlinə tə’sir göstərir.
       Gəldik çıxdıq ona ki, ən yaxşı və ən üstün dünyagörüşünün xüsusiyyətləri hansılardır. Beləsi üç idi: 1) ağıl; 2) fitrət və 3) məs’uliyyət. Demək, burada üç mühüm xüsusiyyət var.
       Birincisi ağılla uyğun gəlməkdir. O dünyagörüşü, o məktəb ki, deyir, ağıl, məntiq, fəlsəfə lazım deyil, bilin ki, orada vəziyyət xarabdır. Dəqiq xarabdır. Beləsi deyir ancaq mən deyən düzdür. Məsələn, bütpərəstdə sual vermək olmaz ki, niyə belədir. O hesab edir ki, ən düzgün yol budur. İslamın gözəlliyi də bundadır ki, deyir bunları şüurlu surətdə əldə etməlisən. Deyir üsuliddin düşüncə ilə əldə edilməlidir. Əsaslı olmalıdır. Çox, ya az, fərqi yoxdur, amma əsaslı olmalıdır. Deməli, birinci, əql çox mühüm məsələdir. Misal üçün, soruşanda ki, bu necə olur ata Allah, oğul Allah, deyir bu barədə fikirləşmə, Allahın işinə qarışma. Amma belə dünyagörüşünü üstün dünyagörüşü saymaq olmaz. Çünki, dünyagörüşü əsaslı olmalıdır və əqllə uyğun gəlməlidir. Əqllə təzadları olmamalıdır.
       İkinci məsələ fitrətdir. Yə’ni, insanın fitrəti ilə uyğun olmalıdır. Bugünkü bəhsimiz fitrətlə bağlı olacaq.
      Üçüncü insana məs’uliyyət verir. İnsana ümid verir və ən əsası, insana məs’uliyyət verir. Biz hamımız nəticələrik və bu nəticələrin səbəbi olmalıdır. Bu boyda harmoniya var, qayda var, düşünən adam üçün Yaradana, Nəzm edənə bir sübutdur. Günəş məsələn, bir gün müəyyən vaxtdan on dəqiqə tez, ya on dəqiqə gec çıxmır. Ulduzlar bir gün elə, bir gün belə olmur. Ay özünü bir gün elə, bir belə aparmır. Yaxud, bizim bədənimizdə molekullar özünü bir gün elə, bir gün belə aparmır. Bütün bu məsələlər göstərir ki, bir nəzm var. Yaxşı, biz bir dənə fotoaparat düzəldəndə deyirik ki, bir ağıl olub, bir şüur olub bunu hazırlayıb. Bunun bir düzəldəni var. Yaxud başqa hər bir özümüz düzəltdiyimiz bir şeyə aid də eləcə. Adicə bir quşun şəklini çəkirik, deyirik nə qəşəng şəkildir, bunu çəkən var ki, bu cür qəşəng şəkil olur! Onda bu quşun da, təbii ki, bu cür gözəl yaradanı da var axı! Bunlar bir bəhslər idi ki, elədik.
       Bugünkü bəhsimiz fitrətlə bağlı olan bir bəhsdir. Görək tövhid bəhsinin insanın fitrəti ilə nə qədər uyuşması var, ya yoxdur. Qeyd etmişik ki, fitrət özü xilqət sözü ilə həm eyni vəzndədir və həm də eyni mə’nadadır. Eyni vəzndədir, yə’ni fitrət elə xilqət kimi oxunmalıdır. Fitrət necə ki, xilqət. Mə’nası da çox yaxındır. Fitrət sözü haqqında çox danışmaq olar. Amma belə bir təqribi mə’na vermək olar ki, hər bir duyğu, hər bir hiss, hər bir dərk, hər bir anlam ki, insanda mövcuddur və əmələ gəlməsində müəllimə, dərsə, öyrənməyə, məşqə, tə’limə ehtiyac yoxdur və o duyğu, o dərk və o hiss insanda daimi, həmişəlikdirsə, və bunlar bütün insanlarda, bütün məkan və zamanlarda sabit olarsa, bunlara fitri deyirlər. Buna uyğun gələn xüsusiyyətlər insanın fitrətinə aiddir. Misal üçün, ananın uşağa sevgisi, ananın uşaqla olan əlaqəsi, ananın uşaqla olan münasibəti – bu fitrətdə olan bir məsələdir. İstəyir bu Bakıda yaşasın, istəyir bu Fransada yaşasın, istəyir bu Afrikada yaşasın. Harada ana var, o, övladına qarşı çox diqqətlidir. İstəyir bu gün yaşaya, istəyir beş-on əsr bundan qabaq yaşasın, istəyir beş-on əsr bundan sonra yaşasın. İstəyir şəhərdə yaşasın, istəyir kənddə yaşasın. Ana və övladın arasında münasibət dəqiqdir. Deməli, buradan aydın olur ki, o məsələlər ki, insanın təbiətində var, bunlar insanın fitrətində var. Bunlar bütün bu parametrlərə malik olurlar. Özü də məşqlə, öyrənməklə, müəllimlə, dərslə-filanla əmələ gələn məsələ deyil. Belə deyil ki, anaya dərs keçirlər, sonra o başlayır uşağına məhəbbətdə olmağa. Bu bir təbii haldır ki, ananın uşağına, körpəsinə sevgisi olar.
       İnsanın Allahı tanıması nə qədər fitridir? Nə qədər fitrətlə uyğun gəlir? Nə qədər insanın fitrəti ilə bunun uyğunluğu var? Hər hansı insandan soruşsaq, şəhərdə yaşayandan da, kənddə yaşayandan da, dövlətli də, kasıb da, Azərbaycanda yaşayan da, xaricdə yaşayan da – fərqi yoxdur, cavan da qoca da, əgər ona bu sualı versək ki, sən özünü müstəqil, ehtiyacsız bir varlıq bilirsən ya yox, deyəcək yox. Mən özümü asılı, ehtiyaclı bir varlıq bilirəm. Birdən biri tapılsa ki, desə yox, mən elə ehtiyacsızam, onun çarəsini dərsdə demişik, nə etmək lazımdır. Misal üçün bu bir neçə dəqiqə nəfəs almasa, qışqırığı aləmi basar. Ayıq adam hamı bilir ki, ehtiyaclıdır. İbni Sinanın metodları lazım olanda istifadə etmək üçün yaxşıdır. Söhbət gedir normal insandan. Normal insanlar hamılıqla qəbul edirlər ki, ehtiyaclı və asılıdırlar. Bu hiss insanda var. Bunu insan ali riyaziyyat keçmədən də başa düşür, çoxlu dil bilməsə də başa düşür. Hər bir insan bilir ki, asılıdır, ehtiyaclıdır. Özü üçün bu duyğusu var ki, asılıdır, ehtiyaclıdır. Bu birmə’nalıdır.
       Məsələ çıxır ki, yaxşı, insanda bu duyğu var, bəs bu duyğu nə ilə ödənilir? Bu hissi insan nə ilə ödəyir? Nə ilə doyuzdurur? Deməli, insanın o duyğularını doyuzdurmaq iki cür olur: 1) həqiqi doyuzdurma; 2) yalançı doyuzdurma. Misal üçün uşaq acdır, ağlayır. Uşağın aclığı realdır. Acdır və ağlayır. Uşağa yemək də vermək olar, yemək verəndə uşaq həqiqətən doyuzdurulur. Bu hiss ki, var bunda – acıyıb uşaq. Acıyır və ağlayır. Bildirir ki, mən acımışam. Zarafat da etmir. Ağlayır, buna gərək yemək verəsən. Buna yemək versən, onda doğrudan ödəyirsən onun istəyini. Bunun əvəzində yalandan da ödəyə bilərsən onun o hissini. Ona soska vermək olar və uşaq sorur və sün’i surətdə aclıq duyğusunu aradan aparır. Yə’ni yemək də vermək olar və sün’i ödəmə də etmək olar. Hər iki hal mümkündür. İndi insanın bu cür də duyğusu var ki, o asılıdır və ehtiyaclıdır. Bu asılılığı ilə bağlı nəyə asılıdır, nəyə bağlıdır, nəyə ehtyaclıdır – bununla bağlı insanın bir söykənəcəyi olmalıdır. İnsan anlamalıdır ki, bu haradan başlayır.
      Burada da iki cür olması mümkündür insanda. Mümkündür ki, insan bu duyğusunu 2 cür həll edə: 1) bir deyə Allah var və Rəbbim ödəyir mənim ehtiyacımı. Həm yaradıb, həm yaşamaq vaxtı mənim ehtiyaclarımı ödəyir; 2) bir də deyə, misal üçün, təbiət yaradıb məni. Burada dərhal sual çıxır ortalığa. Bəs təbiətin özü nədir? Təbiətin özü ehtiyaclıdır ya ehtiyacsızdır? Bir qədər dərinə gedəndə belə çıxır ki, təbiət özü də ehtiyaclıdır. Təbiətin özünə də bu ehtiyacı ödəyən lazımdır. Və beləliklə, silsilə ilə. Nəticə e’tibarilə gəlib çıxır ki, insan bu duyğusunu iki cür ödəyə bilər: 1) bir sadiq ödəmə, həqiqi ödəmə ki, gəlib çıxır ki, məni Allah yaradıb. Bu qane edir bunu. 2) sün’i ödəmə, yalançı ödəmə. Özünü nə iləsə rahatlayır. Deyir təbiət mənim bu ehtiyacımı ödəyir.
       Bir dənə də xüsusiyyəti var fitri məsələlərin. İnsan fitri duyğuları ödənəndə, gözəl ödənəndə fəxr hissi keçirir, qürur hissi keçirir. Ana uşağını bağrına basanda fəxr edir. Sevinir, qürur hissi keçirir. Bu bütün fitri dərklərin və bütün fitri xüsusiyyətlərin bir əlamətidir. O cümlədən də Allah tanımada da Tövhid tanımada da bu məsələyə diqqət yetirmək olar.
       İndi peyğəmbərlərin əsas işi nədir? Əsas funksiyası nədir? Peyğəmbərlərin əsas funksiyası, əsas işi budur ki, qoymasınlar insanların bu lətif və düzgün duyğularını, düzgün bu fitri dərklərini sün’i, yalançı nələrləsə ödəyələr və aldadalar. Deməli, peyğəmbərlərin funksiyası bənzəyir ananın funksiyasına ki, uşaq acıyanda və uşaq yemək istəyəndə necə ana çalışır ki, yemək istəyini ödəmək üçün buna uyğun yemək verilsin. Ananın ürəyi dözməz ona ki, uşaq ac ola və uşağın başını nə iləsə aldada. O cür də peyğəmbərlərin funksiyası var ki, həmən o yalançı və sün’i ödəmələri kənara qoysunlar və doğru, həmən o fitrət üçün doğru olan ödəmələri təqdim etsinlər.
       Buradan belə bir məsələ çıxır ki, yaxşı, insan tapınmalıdır Allaha, insan tapımalıdır Rəbbin varlığına. Tövhid buna gətirib çıxarır ki, insan anlayır, mənim Allahım var, mənim peyğəmbərim var. Bu, insanı bəndə olmağa gətirib çıxarır. Bu, insanın Allahın bəndəsi olmasına gətirib çıxarır.
       Sual çıxır ki, insanın Allahın qulu olması, bu insan üçün, insanın azadlığı üçün, insanın hürriyyəti üçün bir maneçilik törədir, ya yox? Bu sualı da yə’qin ki, az eşitməmisiniz: mən indi Allaha tapınsam, mənim azadlığım aradan gedir axı. Bu isə, inşaallah, bizim növbəti şənbənin bəhsidir.
       Allahım! Bizləri Sənə tapınanlardan, Əziz Peyğəmbər (s) və Əhli-Beytinin (ə) davamçılarından qərar ver!
       AMİN!
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi