İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İlahi dünyagörüşü
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version

       Mövzu: DÜNYAGÖRÜŞÜNÜN ƏMƏLLƏRƏ TƏ’SİRİ (3)

       Tarix: 08 may 2004-cü il

      İmam-camaat: Hacı İlqar İbrahimoğlu Allahverdi

      Bismilləhir-Rahmənir-Rahim.
       Vəs-salətu vəs-sələmu alə rasulilləhil-əmin, Muhəmmədin salləl-lahu ələyhi və alihi və səlləm və alihit- tayyibinət - tahirin və lənətul-lahi alə ə-dəihim əcməin minəl-ən ilə qiyəmi yəvmid-din.
      Bəhsimizə bugünkü qəsb günü ilə əlqədar başlamaq istəyirəm. Bu günlər, tariximizdəki acı günlərimizdən biridir. Artıq 12 ilə yaxın bir müddət keçir ki, bizim dar-ul-İslam torpaqları, müqəddəs torpaqlarımız zəbt edilib və təəssüflər olsun ki, hələ qayıtması ilə bağlı çox az ümidlər var. Ən pisi də budur ki, oradakı məscidlərimizlə, ibadət yerlərimizlə bağlı çoxlu mənfiliklər gəlib çatır. Xüsusilə Şuşa məscidi ilə bağlı. Bu baxımdan, inşaallah ki, biz “Cümə” əhli olaraq bundan sonra qəsb günlərinə xüsusi diqqət yetirəcəyik və hesab edirik ki, torpağını unutmuş, dar-ul-İslam torpağını unutmuş müsəlmandan, əslində müsəlman olmaz. Bu birmə’nalıdır və bəhsimizin sonunda bir miqdar əza da saxlayarıq.
       Bəhsimiz İlahi dünyagörüşü ilə bağlıdır və artıq Allahın lütfü ilə, üçüncü həftədir ki, bu mövzu ilə bəhsimizi aparırıq. Allah qismət edib, tofiq əta edib. Allah etsin, bu bəhslərimizi sona qədər aparaq, davam edək və yeni bəhslərə başlayaq, inşəallah.
       Bu günkü bəhsimizə gəldikdə – İlahi dünyagörüşüdür. Başlayaq elə dünyagörüşü sözününün mə’nasını yada salaq. Dünyagörüşü odur ki, insanı digər məxluqatlardan ayırır. Misal üçün, başqa məxluqatların dünyaya baxışına dünyagörüşü deyilsə, bir qədər gülünc səslənər. Niyə? Çünki, insanın ağlı var, şüuru var, təfəkkür etmək qabiliyyəti var, insan daşdan, dəmirdən fərqli olaraq anlayır ki, elə-belə yaranmayıb, onu bir Yaradan var, burada elə-belə deyil, buradan sonra Haqq-hesab günü var.
       Dünyagörüşü, yə’ni dünyaya baxış. İnsanın, haradan gəlmişəm? haradayam? və hara gedirəm? suallarının cavablandırılması. Qeyd etdik ki, bunların müxtəlif növləri var: İlahi dünyagörüşü var, maddi dünyagörüşü var. Bunların ana fərqi də bundan ibarətdir ki, İlahi dünyagörüşü deyir: “Allahdan gəlmişəm, Allahdayam və Allaha doğru gedirəm”, maddi dünyagörüşü isə deyir ki: “maddədən gəlmişəm, maddədəyəm və maddəyə doğru da gedirəm”. Düzdür biz zarafatla, arada dərslərdə deyirik ki, Azərbaycanda yeni növ dünyagörüşü də əmələ gəlib: “puldan gəlmişəm, puldayam və pula doğru gedirəm”. İndi bu, elə-belə müasir dünyagörüşlərindən biri kimidir ki, ötəri toxunmaq lazım idi.
       Dünyagörüşünun insanın əmllərinə birbaşa tə’siri var. Nə etməli? süalına cavab vermək dünyagörüşsüz mümkün deyil. Yaxşı insan olmalıyıq. Niyə? Vicdanlı olmalı. Niyə? Düz danışmalı. Niyə? İnsanın dəyərlər sistemi var, o ona deyir ki, bu pisdir, bu yaxşıdır. Ona görə dünyagörüşü insanın birbaşa əməllərinə tə’sir edir. İnsanın əməllərində ciddi laxlama varsa, insan dünyagörüşünə bir də nəzər salmalıdır. Ola bilər, insan nəzəri olaraq qəbul etsin dünyagörüşünü, amma hələlik qəlbinə keçməyib. Ona görə də görürsünüz ki, əməldə problem yaranıb. Mö’mindir, amma qorxur: Allahdan yox, başqa nələrdənsə. Bu mümkün olan bir şey deyil. Bunun ya dünyagörüşündə problemi var, ya dünyagörüşünü nəzəri qəbul edib ki, Allah var, hər şey Allahın nəzarəti altındadır, harada olsan Allah səninlədir – burada da, yerin dibində də, göydə də, zindanda da, bayırda da – harada olsa fərqi yoxdur, Allah səninlədir.
       Bir dəfə, mö’minlərdən biri sual verdi ki, bir ümumi düstur, bir formula lazımdır ki, biz bilək harada nə edək. Deyildi, harada olsanız bilin ki, Allah sizinlədir. Sonra hər şey rahat olacaq. Harada olsan bilsən ki, Allah səninlədir və sən Allahın məzhərindəsən və Allah məzhərində olduğun üçün, nə baş verirsə, Onun diqqətindədir, onda hər şey rahat həll olur. Harada olduğından asılı olmayaraq, qalan hər şey həll olur. Qalanı asandır. İnsan onu unudur və dünyagörüşü ona görə mühümdür. İnsan daima dünyagörüşündə diqqətlə araşdırma aparmalıdır, düşünməlidir, işləməlidir və inkişaf etdirməlidir.
       Qur’an gəlib bizim dünyagörüşü ilə bağlı suallarımıza cavab verməyə. Gəlib bizim vücudi suallarımıza cavab verməyə. Biz bilmirik nə üçünük? haradan gəlmişik? haradayıq? hara gedirik? Biz aliminiumuq, daşıq, yoxsa insanıq, xəlifətullahıq? Bu çox mühüm məsələdir.
      Gəldik çıxdıq ki, dünyagörüşlərin arasında ən üstün dünyagörüşünün üç xüsusiyyəti, üç cəhəti olmalıdır. Əqlaniyyət, fitrətlə uyğun gəlməsi, ümid, məs’uliyyət və eşq verən dünyagörüşü. Hər hansı dünyagörüşünün ki, əqlaniyyətlə davası var, o dünyagörüşünün yeri zibil vedrəsidir. O dünyagörüşü deyil, o nağıldır,o söz yığımıdır. Ondan dünyagörüşü çıxmaz. Əqllə zidd olan, əqlə söykənməyən dünyagörüşünün yeri yoxdur, heç vaxt olmayıb, mümkün deyil və heç vaxt da yeri olmayacaq.
       Gəlin görək, Quran nə deyir? Deyir şüurunuz yoxdurmu, ağlınız yoxdurmu, niyə fikirləşmirsiniz, niyə şüur etmirsiniz, niyə təfəkkür etmirsiniz? Quranın işi-gücü elə bizi ayıltmaqdır. Ağlını qoy ortalığa bax nə var, nə yox. Deməli, ağıl və ağıla dəvətdir İslamın ana xətti. İslamın elə ucalığı budur və İslamın elə gözəlliyi də budur.
       Deyir mümkün deyil ki, o biri dünyagörüşlərinin orasını-burasını düzəldələr, deyələr elə orda da bu cürdür. Yox, baxsaq digər dünyagörüşlərində o qədər də vəziyyət yaxşı deyil. Fikirləşmə, təfəkkür etmə, ağlını işlətmə! “Şeytan səni çaşdırır və deyir Allahın işlərinə qarışma”. Belə məsələlərlə din olmaz, İlahi dünyagörüşü olmaz.
       Təəssüflər olsun, İslam mədəniyyətinə, İslam sivilizasiyasına orta əsrlərdən sonra bu mikrob, bu virus daxil olandan sonra, biz də bədbəxt olmağa başlamışıq. Sual verilir: “niyə İslam mədəniyyəti tənəzzülə getdi, niyə İslam sivilizasiyası o ucalıqdan aşağı gəldi?”. Çox-çox başqa səbəbləri var. Həzrət Əlidən (ə) ayrı düşdük, Əhli-Beytdən (ə) ayrı düşdük, İmam Həsənlə (ə) bu cür etdik, İmam Hüseynlə (ə) bu cür etdik – bunlar öz yerində. Amma onlardan ayrı düşməyimizin nəticəsində bu günə qaldıq. Onlar olsa idi, qoymayacaqdılar bu cür mikrobların yaşamasına. İmam zindanda olanda, İmam şəhid olanda, İmam zəhərlənəndə toplum o qədər həddini aşır ki, toplum bunları qoyur kənara, başlayır özbaşına iş görməyə. Onda elə viruslar, elə mikroblar gəlir ki, toplum oradan baş çıxarda bilmir. Ora mikrob düşür, bura virus düşür. Fikirləşmə, düşünmə, əqlini işlətmə, üsuliddinində müqəllid ol.
      Allah niyə var? Deyir, çünki elədir. Necə belədir? Peyğəmbər(s) niyə var? Deyir, belədir! Necə belədir? Bununla olmur axı! Deyirsən Allah niyə var? Deyir, Quranda var. Soruşursan Quran niyə var? Deyir, çünki Allah göndərib. Belə alınmır. Üsuliddində müqəllid etdilər.
       İslam aləmində “fikirləşmə!” və s. kimi şeylər yayılır və nəticə e’tibarılə o boyda İmam Sadiq (ə)elm okeanı, o boyda elm qaldı bir yana, əhkam məsələləri gəldi yekunlaşdı ancaq ölü məsələləri ilə. İslam dini ölü məsələlərindən ibarət olan bir şey kimi qaldı. Bütün o biri məsələlər İslamda qoyuldu kənara, donduruldu, yavaşıdıldı. O İslam ki, dünyaya öyrədirdi hər şeyi, gigiyenasından tutmuş, oturuş-duruşundan tutmuş, ailəsindən tutmuş, uşağa süd verməkdən tutmuş bir çox məsələlərdə dərs keçən İslam mədəniyyəti gəlib çıxdı belə vəziyyətə.
       Ona görə çox ciddi məsələdir İlahi dünyagörüşünün əqllə düşmənçiliyinin olmaması, təzadlı olmaması. İkincisi: fitrət. Fitrətsiz, eşqsiz, sevgisiz, qəlbsiz, hüzursuz, duasız, münacatsız dünyagörüşü – dünyagörüşü deyi! Bu, adamdan robot düzəldər. Biz də hələ robot olma mərəhələsindəyik, amma belə şeylər adamdan əməlli-başlı robot düzəldər.
       Bir balaca ayağınızı basın Azərbaycandan kənara. O yerlərdə ki, işsiz olmaq dəhşətli bir məsələdir və artıq tam bu məsələlər formalaşıb, orada insan bənzəyir qarışqaya. Səhərdən axşama kimi iş, iş, iş, deyir mə’nəviyyat sonra. Mə’nəviyyat - cümə günü, əxlaq - cümə günü, ailə - cümə günü, vicdan - cümə günü, və yaxud şənbə günü və yaxud bazar günü. Bir gün ayırmışıq həftədə - cümə günü ki, gedib baş çəkəcəm məscidə. Qalan vaxtı birtəhər burada dolanım. Dolan, amma hara çıxacaqsan axı? Bir gün qapı döyüləcək, deyəcəklər şələ-küləni yığışdır, deyəcəksən qoy bir az da yaşayım, amma bir az da yaşamaq olmayacaq.
       Hafizin bir yaxşı beyti var, elə birbaşa tərcüməsini deyək. Deyir bu dünyada nə eyş-işrət var, bir halda ki, hər an karvanın o zəngi çalına bilər: durun yığışdırın şey-şüyünüzü, karvanın hərəkət vaxtıdır. Nə oturmaq, nə uzun-uzadı planlar qurmaq olur burada, hər vaxt bizdən asılı olmayaraq, deyəcəklər: getmək vaxtıdır. Heç kimdən də soruşmadan və icazə almadan gəlirlər və də’vət edirlər ki, bu dünyan qurtardı, gedək görək nə var, nə yox.
      Bu fitrətlə olan bir məsələ idi ki, bu mikroblar, bu viruslar İslam mədəniyyətinə, İslam sivilizasiyasına salınıb. Mərsiyə lazım deyil, əza lazım deyil, Hüseyn (ə) üçün ağlamaq lazım deyil. Bəlkə bizə başqa şeyləri də öyrədələr? Bəlkə üzr istəyirəm, çox üzr istəyirəm, bizə başa salalar ki, gigiyenamızda da sudan və başqa şeylərdən istifadə etməyək? Bəlkə bir az da irəli gedələr, deyələr ki, namazı neyləyirsiniz, virtual halda qılın! Məscid nəyə lazımdır? Biz bilərik, lazımdır bu əzadarlıq, ya lazım deyil, mərsiyə lazımdır, ya lazım deyil.
       Əgər dünənə, srağagünə kimi bu ilin müəyyən vaxtlarında yer alırdısa, bu gün hər nə vaxt imkanınız varsa, bir neçə dəqiqə ayırın özünüz üçün. Həftədə heç olmasa bir dəfə mərsiyəyə vaxt ayırmaq lazımdır. Niyə? Çünki, bu dəyəri aradan aparmaq istəyirlər. Bu dəyərin aradan getməməsi üçün əzanı, mərsiyəni tam saxlamaq lazımdır.
      Ayda bir dəfə hərə evində, qonşusunda, məhəlləsində yığışsın, beş - on nəfərlə əza saxlasın. Hüseyni (ə) yada salsın! Hüseynlə (ə) zarafat etmək istəyirlərmi!?
       Sən demə, sinə vurmaq omaz!? Sən demə, camaat 14 əsr idi səhv edirmiş, indi başa düşüblər ki, olmaz. Utanmırlar, qanverməni də bura qatmaq istəyirlər, deyirlər qan veririk də, bu bəsdir!
       Qanverməni kim başlayıb, həmin müsəlmanlar başlayıb! Həmin Hüseyn (ə) üçün göz yaşı axıdanlar başlayıb! Həmin əza saxlayanlar başlayıb! Əza saxlayıb, sonra gedib qan veriblər! Gedib haradan bacarırlar qan yığsınlar. Görüm Hüseyn (ə) aşiqi olmayan, görüm Hüseyn (ə) eşqi ilə yanmayan adamdan nə qədər qan yığa bilərlər?!
      Əlimizdə statistika var ki, dünyaya hay-küy salınır, nə var - nə var, 31 nəfər qan verib. Burada 400 adam növbəyə düzülür Aşura günü! Bir il yox, iki il yox, altı ildir ki, hər il bu baş verir! 6 il bundan qabaq başlandı qanvermə, o vaxt ki, camaat bunu bilmirdi. O vaxt ki, camaat burada eşqlə əzasını saxlayırdı 400 adam növbəyə düzülürdü, deyirdik: bəsdir 100 nəfər! Dava gedirdi ki, mən qan verməliyəm, mənim niyyətim var! Hüseyn(ə) eşqi olmayan yerdə donor olar?
       Artıq adi məsələ olubdur, dünən mö’minlər yığıldılar, bir təvəssül duası oxudular, 50 nəfərə qan var lazım idi, 50 nəfər verdi. Qalanlarına da deyildi ki, çox sağ olun, növbəti vaxt, inşaallah, verərsiniz! Bu çox adiləşir.
       Utanmırlar bə’ziləri, qanverməni də əzaya qarşı qoymaq istəyirlər ki, bunu edirsiniz bəsdir, bəs əza nəyə lazımdır! Qanvermə axı elə buradan əmələ gəlir! Bu eşqdən, göz yaşından, sinə vurmaqdan, əzadarlıqdan, mərsiyədən, Hüseyn (ə) eşqindən qaynaqlanır! Bu olmayan yerdə, televizor da, radio da, qəzet də əllərində olsa, qan yığa bilməzlər!
       E’lan edin camaat gəlib qan versin! Vermir. Niyə? Çünki, bu eşqəl olan işdir! O cümlədən də, o biri məsələlərdə xüsusi diqqətli olmaq lazımdır.
       Üçüncü məsələ dedik o dünyagörüşü ki, insana ümid verər. Nəyin ümidini verər? İnsan günahkardır, günah edir. Təbii şeylərdir, insan bilmir, anlamır, günah edir. Ümid var İlahi dünyagörüşündə. Deyir gəl döy qapını. Nə vaxt döyüm? Gecə döy. Nə vaxt döyüm? Gündüz də döy. Nə vaxt döyüm? İstəyirsən məsciddə döy, istəyirsən işdə döy, istəyirsən maşınla gedəndə döy, istəyirsən gəmidə üzəndə döy. Nə vaxt döyüm? Nə vaxt istəyirsən döy qapını! Buruda ümid var. Bağışlanma ümidi var burada, Allah dərgahında dirilmə ümidi var, məs’uliyyət ümidi var burada! Çox ciddi məs’uliyyət var.
       Bir var bir adam iş görür və yaxud, məktəbdə dərs oxuyur, deyir: “mənə burada fikir verən yoxdur, oxuyuram ya oxumuram”. Bir də var deyirlər sənə ki, oxuduğun məktəbdə nə edirsənsə, hamısı hesaba alınır. İmtahandan imtahana deyil, axırda on gün necə hazırlaşırsan. Bugünkü tələbələr heç hazırlaşmırlar, əvvəl on-onbeş gün qabaq imtahanlara hazırlaşırdılar. Burada belədir ki, axrıncı on günə, beş günə baxmırlar, burada bütün ömrün boyu nə etmisən, necə etmisən, necə oturmusan, necə durmusan – hamısına nəzər salınır.
      Əsas məsələ də bu İlahi dünyagörüşüdür ki, sevgi verər adama, eşq verər adama. İlahi eşq verir, dirildir adamı, eşqli olmağı öyrədir adama.
       Bu bəhsləri təqribən etmişdik, amma bu gün nəzər saldıq. Gəldik çıxdıq ki, tövhid bəhsində əql deyir ki, bu mütləq olmalıdır. Nəticə varsa, nəticənin səbəbi mütləq olmalıdır. Nəticə olan yerdə səbəb olmalıdır. Səbəb olmasa, nəticə olmaz. Elə bir səbəb olmalıdır ki, onun heç nəyə ehtiyacı olmasın. Bunu ağıl deyir. Dedik, körpə uşağın da üzünə üfüründə, səbəbini arayır. Axtarır ki, kim üfürdü. Hər bir nəticənin bir səbəbi var. Yaxşı mən asılıyam, mən ehtiyaclıyam, o ehtiyaclıdır, filankəs də ehtiyaclıdır, daş da ehtiyaclıdır, hər şey ehtiyaclıdır, bunların hamısını tə’min edən bir dənə ehtiyacsız olmalıdır axı! Bunu əql deyir.
       İkincisi, nəzm məsələsidir. Bu boyda nəzm var, harmoniya var, biz bir dənə nəzmli nəsə edirik və hər dəfə də fikir veririk ki, bu nəzm aradan getməsin, amma yenə də aradan gedir.
       Bu boyda nəzmi gecə, gündüz, axşamı, günortanı saxlayan bir Allah var. Bir dəfə baxıb görmürsən ki, öz-özünə oksigen azaldı havada, nəfəs alanda çətinlik çəkək. Bir dəfə qan dövranımızda görməmişik ki, belə yox, əksinə başlasın getməyə.
      Bizim əlimizdə olsa idi, oksigenin evinin çoxdan yıxmışdıq, qan dövranını başlamışdıq əksinə işlətməyə. Məsələn, əlimizdə olanların ki, evini yıxırıq. Təbiətin başına min dənə oyun açmışıq. Yaxşı ki, hər şey əlimizdə deyil. Sudur və ya oksigendir və s. tam əlimizdə deyil, yoxsa eksperimentlər qoyardıq, bir də ayılardıq ki, oksigeni satmışıq, oksigendən heç nə qalmayıb. Misal üçün, özümüzə oksigen qalmayıb. Sudur, olmasa insan susuz yaşaya bilməz. Yaxşı ki, Allah Təala hər şeyi biz insanların əlinə verməyib. İnsan eksperiment qoya-qoya aləmi qarışdırardı bir-birinə.
       Təqribən keçək fitrət məsələsinə. Keçən dəfə fitrətlə bəhsimiz bu oldu ki, insanın fitrəti var, daxili var, daxilində bəzi şeylər var ki, öyrənməklə-filanla deyil. İnsanda bir hiss var, anlayır ki, asılıdır. Hiss edir ki, asılıdır, möhtacdır. Birdən birisi, üzr istəyirəm, özünü ağılsızlığa vursa ki, mən asılı deyiləm, ibn Sinanın müasir metodikaları var, bu adama sadəcə olaraq balaca hiss etdirmək lazımdır ki, nəfəs alma. Adam özü-özülə də təcrübə edə bilər, misal üçün, torba keçirtsin, bağlasın torbanı, bir müddətdən sonra başa düşəcək ki, nəfəs almaq üçün oksigen lazımdır. Başa düşəcək ki, asılıdır. Oksigen olmasa, su olmasa, asılılığını başa düşəcək. Öz-özünə insan müstəqil varlıq deyil.
       Böyük müctəhidlərin birinə yaxınlaşıb deyiblər ki, bilirsiniz, bu Allah deyirsiniz var və s. bu məsələləri mənə bir sadə üsulla bir başa salın, görüm. İstəyirəm ki, başa düşəm, vaxtım da çox azdır. Görünür həddən artıq vaxtı az olan adam olub, çox dərin biliklərə malik olan adam olub. Bunun çox yolları var izahı üçün. Buna təqribən çox sadə yolla izah edilib ki, elə insanın ehtiyaclığı yolu ilə. Yə’ni, sən o insansan ki, arada elə bir ekstremal vəziyyətlərə düşürsən ki, ehtiyac içində boğulursan. Bir az yeməyin gecikəndə hay-küy düşür. Bir az susuz qalanda aləmi qatarsan bir birinə. Yediyiyn və içdiyin getməli olduğu istiqamətdə bir az gec gedəndə, aləmi qatırsan bir-birinə. Sən acizin birisən, sən bir kəssən ki, bir az öyrəşdiyin rejimdən fərqli duruma düşəndə aləm qarışır bir-birinə.
       İnsan ehtiyac içindədir, asılıdır və bu baxımdan da həmin bu təqdim olunan İlahi dünyagörüşündə deyilir ki, bəs bu Yaradan var, Allah var, bir Rəbb var və bütün ehtiyacları ödəyir və sənin ehtiyacların oradan ödənir. Maddə məsələsi insanın fitrətinə yapışmır. Deyir maddə mənim ehtiyaclarımı nə cür ödəyə bilər axı? Axı deyir nədir bu təbiət? Bu təbiət özü nədir - tərkib varsa, hissələri də var, demək maddədir və o da ehtiyaclıdır, asılıdır. Bunların dərin hissələri əqaid dərsində keçilər, inşaallah.
       Gəlib çıxaq bir bəhsə ki, keçən dəfə də dedik. Peyğəmbərlərin işi insanın azadlığını məhdudlaşdırırmı? Peyğəmbərlər gəlib deyiblər ki, belə yaşama, belə yaşa. Bu bizim azadlığımızı məhdudlaşdırır, yoxsa yox? Azadlıq özü çox qəliz bir məsələdir. Bunun iki yüz, üç yüz tə’rifi var. Ümumiyyətlə, azadlıq nədir? Hələ də qəti söz deyən olmayıb. Hərə istədiyi kimi bu sözü interpritasiya edir. Mənə elə gəlir ki, bir çox alimlərin dediyi kimi, bu fitri, bədihi məsələlərdəndir. Hərə başa düşür azadlıq nədir.
       Bəzi şeylər var ki, onlara tə’rif vermək çox çətindir. Məsələn gözəllik nədir? Bəşər binayi-qədimdən çalışıb gözəlliyə tə’rif versin. Amma verə bilmir. Çox çətindir. Binayi-qədimdən çalışıb tə’rif versin ki, nəzm nədir. Çətindir nəzmə tə’rif vermək. Dilə gətirmək mümkün deyil. İndi gözəllik də o cür.
       Həzrəti Zeynəb (ə) zirvəsi insana Kərbəla kimi ağır və dəhşətli, şirin və acılı vücudi bir məktəbi, bir cümlə ilə başa saldı. Həzrəti Zeynəb (ə) zirvəsi deyir: “mən Kərbəlada gözəllikdən başqa, heç nə görmədim!”. Bu həzrəti Zeynəb(ə) zirvəsidir ki, bütün baş verənləri fəsahəi və bəlağətlə dolu bir cümlə ilə, lokanik bir cümlə ilə təqdim edir. Rəsul(s) nəvəsidir,Əli (ə) qızıdır, hiss olunur ki, Əli (ə) qızıdır. Əli (ə) bəlağəti və Əli (ə) fəsahəti var. Üstəlik Hüseyn (ə) bacısıdır, Həsən (ə) bacısıdır. Zəhra (s.ə.) qızıdır, Rəsulallah (s) nəvəsidir! Bunların işləri-gücləri insana necə yaşamağı öyrətməkdir və özü də nəzəri olaraq yox. Nəzəri olaraq, bu cür olmadı ki, İmam Hüseyn (ə) desin ki, dostlarım gedin Kufəyə, mən də gəlirəm. Özü getdi Əhli-beytini də apardı və çox maraqlı səhnə odur ki, nəzəri olmadı bütün dediyi məsələlər. Əməldə göstərdi ki, biz zillətə baş əyən deyilik!
       O cümlədən də azadlıq sözünün müxtəlif mə’naları var. Misal üçün “hürr” sözünə nə qədər yaxındır, yaxın deyil, üstəlik dildən-dilə tərcümə olunanda çox çətinlik yaranır. Amma biz elə adi qaydada, məhdudiyyətin əksi mənasında qəbul olunmaş bu azadlıq prizmasından baxaq görək, bizə məhdudiyyət yaradırmı peyğəmbərlər? Xeyr. Sadə cavabı odur ki, yaratmır.
       Bir qədər aydınlaşdıraq, görək məsələ necədir. İnsanda tapınma hissi var, insanda ibadət hissi var, insan o ehtiyacını ödəmək üçün yer axtarır, ona tapına. Ehtiyacı ödəmək mənbəyi kimi nəsə axtarır ki, ona tapına. Allahla tanış olmasa, çaşıb gedib insanlara tapınacaq. Elə biləcək ordandır bunun hər şeyi. Gedib bütə tapınacaq. Büt olmayacaq, gedtb başqa nəyəsə tapınacaq. Elə biləcək elə bütün xoşbəxtliyi, səadəti ondandır. Bu körpə uşaq kimidir ki, süd yemək istəyir. Buna süd də vermək olar, buna ana südünün əvəzləyicilərini də vermək olar. Buna ümumiyyətlə ola bilər ki, heç nə verilməsin. Buna ola bilər ki, ümumiyyətlə sün’i nəsə verilsin və uşaq elə bilsin ki, nəsə içir. Lakin, ortalıqda heç nə olmayıb, bu da mümkündür. O cümlədən, insanın da o fitri duyğularını ödəmək. Mümkündür sadiq ödəmlər ola, düz ödəmələr ola, həqiqi ödəmələr, onun yeyilməsi üçün lazım olan nələrsə ola. Mümkündür yalançı ödəmələr ora tökələr. Mümkündür, ümumiyyətlə heç nə tökməyələr. Elə uşağın başını aldatmaq olar soska ilə, amma aclıq hissi bununla ödənməz.
       O cümlədən də, insanın hissi ki var, eşq hissi, kamal axtarma hissi, tapınmaq hissi, ibadət hissi, ehtiyaclılığı ödəmə hissi. Bu hissi gedib başqa yalançı yerlərə ödəməmək üçün, peyğəmbərlərin missiyası var. Peyğəmbərlər gəliblər deyiblər, ey insan, ayıq ol! Özünü çaşdırma! Bax gör səni aldatmasınlar, özünə bənzərlərə tapınma ha! Yalançı bütlərə tapınma ha! Müvəqqəti şeylərə tapınma ha! Peyğəmbərlər bunu deyirlər. İndi bu bizim azadlığımızı pozur ya yox? Xeyr, pozmur. Əksinə, bizə tam azad olmağa imkan yaradır ki, biz şüurlu surətdə mə’lumata malik olaq və sonra seçim edə bilək. Əslində onu görürük ki, peyğəmbərlərin bizi ayıldıcı və xəbər verici funksiyaları, missiyaları bizi nə edir? Əksinə daha azad edir və daha azad və daha dəqiq seçim etməyə imkan yaradır!
      Bu gün biz planlaşdırmışdıq bir neçə bəhsə də toxunaq. Misal üçün, İlahi dünyagörüşünə aid olan məsələlərdəndir ki, neçə cür iman var, İlahi dünyagörüşünü neçə cür qəbul etmə var, bunlardan hansı yaxşıdır. Birisi var, işi çətinə düşəndə “ya Allah!” qışqırır, iş asana düşəndə Allah yada düşmür. Birisi var, misal üçün deyir, mən bu əqidədəyəm ona görə ki, mənim ata-babam, əcdadım bu əqidədə olub. Birisi var inanır, amma iman qəlbə keçməyib. Biri var imanı var, amma əməl etmir. Şeytan lənətlik kimi. Şeytan lənətləik çox əla bilirdi, Allah da var, hər şeyi də yaxşı başa düşürdü. Çox yaxşı başa düşürdü. Amma əməl məsələsində problem yarandı.
       Gəlir axırıncı məsələ ki, yaxşı, bunlar hamısı öz yerində, bunların, bu nümunələrin, inşaallah, gələn həftə bəhsini edəcəyik. Bəs bunlardan fərqli birisi varmı ki, Quran təqdir edə. Bəli, Qurani-Kərimin “Ali-İmran” surəsinin 190-cı ayəsində kamil insan obrazının xüsusiyyətlərindən birini verir. “Təfəkkür edərlər göylərin və yerin xəlqi haqqında, yaradılışı haqqında”. Təfəkkür edib dayanmırlar ha, demirlər qəlbimiz təmizdir. Arxası çox mühümdür. Deyərlər: “Allahım! Sən bu şeyləri, bu varlığı, bu mövcudatı boş yerə, əbəs yerə, elə- belə yaratmamısan!”. Mən elə-belə yaranmamışam, ətrafım elə-belə yaranmayıb və.s.
       Bu haqda gələn həftə, inşəallah, bəhslərimizi edərik.
       Allahım! Bizləri Eşq əhlindən, Sənə tapınanlardan, düzgün yolda olanlardan qərar ver!              
      AMİN!
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi