CÜMƏ GÜNÜNÜN SİLSİLƏVİ BƏHSLƏRİNDƏN
İmam-camaat: Hacı İlqar İbrahimoğlu Allahverdi.
Mövzu:
Qiyamət günü və onun adları(3).
Tarix: 30.04.04
Bismilləhir-Rahmənir-Rahim.
Vəs-salətu vəs-sələmu alə rasulilləhil-əmin,
Muhəmmədin salləllahu ələyhi və alihi və səlləm
və alihit- tayyibinət - tahirin və lənətul-lahi alə
ə-dəihim əcməin minəl-ən ilə qiyəmi yəvmid-din.
Allah Təala Öz mübarək kitabında – Qur’ani-Kərimdə,
insana bir gün haqqında xəbərdarlıq edir ki, o gün
əvəz günüdür. O gün, insanların yaxşı
əməllərinin yaxşı əvəzi, pis əməllərinin
pis əvəzi olacaq. Allah insanı bir gün haqqında xəbərdarlıq
edir ki, o gün haqq-hesab günüdür. O gün hər şeyin
sorğu-sualı, haqq-hesabı olacaq. Bir gün haqqında xəbərdarlıq
edir ki, bu – haqq günüdür. Bu günün olmasında şəkk-şübhə
yoxdur deyə, bu yüz faiz olacaq deyə, bunu gerçək gün
də adlandırılır. Başqa bir mə’nada ədalətli
bir gün - hər kəsin öz haqqına çatacağı
bir gün kimi də təqdim edilir.
Lakin, təəsüflər
olsun ki, insan o günü unudur. İnsan elə yaşayır
ki, sanki Qiyamət günü yoxdur, sanki əvəz günü
yoxdur, sanki hər şeyin öz haqqına çatan bir gün
yoxdur. Əziz Rəbbimiz mübarək Qur’anda (76-cı surənin
27-ci ayəsində) buyurur ki, “bunlar bu hələlik (müvəqqəti)
dünyaya ürək bağlayıblar (sevirlər); ağır
və çətin günü (yəni Qiyamət gününü)
qulaq ardına vurublar”. Yə’ni insanın bu hələlik, bu
müvəqqəti, bu keçici, heç kimin özü ilə
apara bilmədiyi bu dünyaya xüsusi bir bağlılığı
var və əsil bir dünyanı unudur. Və unutqanlığı
nəticəsində gündəlik həyatı çox ağrılı
bir hala gəlib çatır.
Allaha həmd olsun, artıq bir neçə
həftədir ki, Qiyamət günü ilə bağlı bu
bəhsimizə başlamışıq və Qiyamət günü
ilə bağlı daha geniş bilgilər və mə’lumatlar
əldə etmək üçün müraciət etmişik
Qiyamət gününün müxtəlif adları ilə bağlı
bəhsə. Artıq bir neçə adla da tanış olmuşuq.
“Yəvməd-din”, “yəvməl-hisab”, “yəvməl-həqq”
kimi. Bu günki bəhs ki, bir miqdar toxunduq, “yəvməl-fəsl”dir.
Yəni ayrılan gün. O gün ki, yaxşı pisdən ayrılacaq;
o gün ki, pak murdardan ayrılacaq; o gün ki, gözəl əxlaq
sahibləri eybəcər durumda olan məxluqlardan ayrılacaq;
o gün ki, düz yaşayanlar əyri yaşayanlardan ayrılacaq
və s.
Mübarək kitabın 78-ci surəsinin 17-ci ayəsində
bu günlə bağlı buyrulur ki, “fəsl günü (o ayrılma
gedən bir gün), şübhəsiz müəyyən olunmuş
bir gündür”. Yə’ni bu mütləq və mütləq
olacaq. Allah Təala bizə çatdırır ki, Qiyamət günü
olacaq və xüsusiyyətini də çatdırır ki, o gün
yaxşı pisdən, pak murdardan, vicdanlı vicdansızdan, ləyaqətli
ləyaqətsizdən, düz yaşayan əyri yaşayandan
ayrılacaq, halal zəhmətlə dolanan rüşvətlə,
sələmlə dolanandan ayrılacaq və.s.
Çox maraqlı
bir məsələdir. Qiyamət günü insanlar bir-birlərindən
ayrılacaq və fərdi cavabdehlik daşıyacaq. Bu dünyadakindən
fərqlidir. Bu dünyada biz görürük insanın həyatı
iki hissədən ibarətdir. Fərdi və ictimai. İnsanın
həyatında bə’zi məsələlər var ki, onun özündən
asılıdır. Misal üçün, toplumun necə olmasından
asılı olmayaraq, insan bə’zi fərdi məsələlərində
özü cavabdehlik, məs’uliyyət daşıyır. Edə
bilər yaxşı olsun, edə bilər pis olsun. Məsələn,
sağlamlığını qorumaqda, öz daxili potensial imkanlarını
üzə çıxarmaqda, öz daxilində olan kamalları
üzə çıxarmaqda. Özünü günahlardan çəkindirməkdə
və s. Lakin, insan nə qədər fərdi çalışsa
da, yaşadığımız bu hələlik dünyada insan
istəsə də, istəməsə də toplumun bir hissəsidir
.
Mühitin insana tə’siri var, istəsə də, istəməsə
də. İnsan yaşadığı toplumun, yaşadığı
mühitin bir hissəciyidir. İnsanın kamilləşməsi
üçün, insanın tərəqqisi üçün, insanın
inkişafı üçün mühitin və toplumun kifayət
qədər tə’siri var. İnsanın xoşbəxt və
ya bədbəxt olmasına, müvəffəqiyyətlərə
çatmasına və ya məhrumiyyətlərə getməsinə,
insanın inkişaf etməsinə və ya tənəzzülə
yuvarlanmasına toplumun tə’siri var. Burada bir fərd kimi insanın
görə biləcək işlərindən başqa, mühitdən
də asılacağı var. Əgər toplumun, mühitin böyük
əksəriyyəti məs’uliyyətli, vicdanlı olsa, başqalarının
haqlarına riayət edən, ədalətli insanlar olsa; əgər
mühitin, insanların əksəriyyəti abır-həyalı
olsa, qırmızı xətləri qoruyub saxlayan olsa, eqoist olaraq
yaşamasa, toplumun zəiflərinə əl tutmağa çalışsa,
xəstələrinə, yetimlərinə can yandırsa – bu
nə gözəl toplum olardı! Əgər bu toplumda olan fərd
istəsə kamala çatsın, inkişaf etsin, irəli getsin,
xoşbəxt olsun, səadətə çatsın - bunun üçün
çox-çox rahat bir şərait var. Hətta bir insan ki, tək
olacağı təqdirdə, bunları edə bilməzdi, toplum
salamat, yaxşı olanda, bu insan da düşür axara, inkişafa
doğru gedir. Lakin, əgər toplumun, mühitin əksəriyyətinin
dəyərləri murdarlıq, çirkinlik, eybəcərlik,
fəsad, qeybət, yalan, fitnə, şaiyə olsa, əgər
toplumun, mühitin əksəriyyətinin dəyəri rüşvət,
sələm, insanları incitmə olsa, bu halda azlıqda olan
yaxşı insanların, düz insanların vəziyyəti
çox ağır olar. Burada vəziyyət Qiyamət günündəki
kimi deyil ki, insan murdarlardan, eybəcərlərdən, napaklardan,
şəxsiyyətsizlərdən ayrıla! Bu dünyanın
imtahanı elə budur ki, bu mühitdə olmalısan. Mühitin
tə’siri var insana. Gözəl mühit daha çox rahatlıq
gətirir, daha çox gözəllikdən bəhrələnməyə
imkan yaradır. Axmaq mühit, pis mühit insan üçün
həmin o mühitin üfunətini də gətirir. Belə
bir haldır ki, əksəriyyəti pislərdən ibarət
mühitdə, bu əksəriyyətə yönələn əzabları
həmin o azlıqda olan insanlar da çəkir. Onlara yönələn
cəzaları bunlar da çəkir.
Bununla bağlı mübarək
Qur’ani-Kərimin 8-ci surəsinin 25-ci ayəsində buyrulub ki,
“fitnə və bəladan çəkinin. Çünki, əgər
nazil olsa, yalnız zalımları əhatə etməyəcək.
(Hətta quru və yaş, yaxşı və pisi də bir yerdə
götürəcək və hamıya əzab veriləcək)”.
Bu dünyanın xüsusiyyətlərindən biri budur ki, əgər
fitnə başlasa, bəla gəlsə, hətta azlıqda olan
yaxşılar da onun əzabından çəkərlər. Lakin,
Qiyamət günü “yəvmil-fəsl”dir. Qiyamət günü
bir gündür ki, orada belə bir məsələ yoxdur. Bu
baxımdan insan gərək sə’y göstərə, çalışa
ki, mühitində islahat apara, dəyişikliklər edə.
Əgər insan çalışmasa ki, mühiti düzəltsin,
həmin mühit çalışar onu məhv etsin.
İnsan yaşadığı
mühitdən tam ayrıca qala bilməz. İnsan digər inanlarla
ünsiyyətdə olmadan yaşaya bilməz. İslam özü
də insanlarla ünsiyyətdə olaraq yaşamağı öyrədən
bir dindir. Buna bir misal çəkək. Bir gün bir kəs gəlir
İmam Baqirin (ə) hüzurunda dua edir. Deyir: “Allahım! Məni
bütün xəlqindən ehtyacsız et! (Məni bütün
insanlardan ehtiyacsız et!)”. İmam Baqir(ə) üzünü
ona tutur və deyir. “Bu cür dua etmə! Lakin, dua et ki, “Allahım,
bizi şər xəlqindən, pis insanlardan ehtiyacsız et!”.
Yə’ni, “Allahım, bizi pis insanlara ehtiyaclı etmə!”. Yə’ni
bu cür dua etmə ki, “Allahım, məni bütün insanlardan
ehtiyacsız et”. Bu - mümkün olan bir iş deyil. Deyir bu cür
dua etmə! İmam (ə) öyrədir ki, insanlara tamamilə
möhtac olmamaq mümkün deyil. Yə’ni, insan dua edəndə
gərək desin ki, “Allahım, məni pis, şər, ləyaqətsiz,
vicdansız insanlara möhtac etmə!”. Bu çox mühüm
məsələdir İmam (ə) bunu öyrədir ki, bizi şər
xəlqindən ehtiyacsız et. Çünki, mö’min öz mö’min
qardaşından ehtiyacsız ola bilməz. Elə gözəllik
bundadır ki, mö’min mö’minə ehtiyaclı ola. Ehtiyac –
geniş anlamdır, həm mə’nəvidir, həm də maddidir.
Yə’ni, burada yalnız maddidən söhbət getmir.
İmam
Sadiqin (ə) dostlarından biri Həzrətin hüzuruna çatır
və İmama (ə) öz durumundan bir qədər ərz edir.
İmam Sadiq(ə) ona buyurur: “Allah Təala ruzi bölgüsünü
belə edib ki, birilərinin ruzisini digərlərinin əlində
qərar verib. (Nəzm belədir. Birilərinin ruzisi digərlərinin
əllərindədir). Bu baxımdan Allahdan dilə ki, Allahdan
istə ki, zəruri ehtiyaclarında səni pis insanlara möhtac
etməsin”. Bu çox mühüm məsələdir. İnsan
ruzi məsələsində deyə bilməz ki, “Allahım!
Mən elə ancaq Sənə möhtac olum!”. Mütləq nəzm
ayrı cür qurulub. İnsan Allahdan istəyə bilər ki,
“Allahım, zəruri ehtiyaclarımın, o ehtyaclarımın
ki, onlar mütləq ödənməlidir, onların ödənilməsində
məni şər insanlara, pis insanlara, layiqsiz insanlara, alçaq
insanlara möhtac etmə!”.
İmam Sadiqdən (ə) nəql
oluna başqa hədisdə maraqlı məqama toxunulur. Çox
şirin hədisdir. Buyrulur: “Mö’min mö’minin qardaşıdır.
Bir bədən kimidir ki, onun bir üzvü xəstələnəndə,
onun ağrısı başqa üzvdə də hiss olunur”. Mə’lumdur
ki, insanın bədəninin bir yeri ağrıyanda, başqa
yerinə də tə’sir buraxır. Elə olmur ki, insanın
gözü, qulağı, əli ağraya, amma bu ağrı
digər üzvlərə tə’sirsiz ola. Bir yer ağrayanda mütləq
digər üzvlərə də tə’sir edir. İmam Sadiq (ə)
bizə öyrədir ki, mö’min olmağın dərəcəsi
budur, mö’min digər mö’minin qardaşıdır və
başına bir iş gəlsə, bunu hiss etməlidir, özü
də sözdə yox, həqiqətdə.
Bax! Eşq budur, mö’minin
mö’minə münasibəti budur!
Fəxr olunası bir haldır
ki, bu gün “Cümə” əhli belə bir durumadır və
bütün topluma bir örnəkdir. Topluma dərs verir ki, insan
insanla ünsiyyətini necə saxlamalıdır və mö’minin
başına bir iş gələndə bu, sanki hamının
başına gələn bir məsələdir. Bu baxımdan
bu toplumun ən’ənəsində olan fərdiyyəçilik,
eqoistlik, eqosentriklik, yalnız özünü düşünmək
kimi mənfilikləri aradan aparmaq üçün gözəl
bir nümunədir.
Allah Təala bütün millətə qismət
etsin ki, Peyğəmbər (s) və onun Əhli-Beyt (ə) məktəbindən
bu dərsi öyrənsin və xalqımız bir-birinə münasibətdə
bax beləcə eşqlə, məhəbbətlə olsun, inşəallah!
Deməli, dünya bu cürdür ki, insan toplumda yaşayarkən
mühitə bağlıdır. İnsan deyə bilməz ki,
“mənə heç nə aid deyil!”. Həm yaxşı olanda,
həm pis olanda ona qayıdır. Toplumda yaxşılıq olanda
bu insan da bəhrələnir. Toplumda pis durum olanda, əzab ona
da qayıdır.
Lakin, Qiyamət günü elə deyil. Qiyamət
günü “yəvmil-fəsl”dir. O gündür ki, yaxşılar
pislərdən ayrılacaq, günahkar öz cəzasına çatacaq,
salehlər öz savabına çatacaq. Heç kəs heç kimin
günahını daşımayacaq. Hərə öz məs’uliyyətini,
öz imtahınını verəcək. Bu dünya ilə Qiyamətin
fərqlərindən biri də budur.
19-cu surənin 95-ci ayəsində
buyrulur: “Qiyamət günü bütün insanlar ki, məşhur
olacaq, həşrə çəkiləcək, bütün o
insanlar İlahi dərgahda təklikdə hazır olacaqlar”. Bir-bir
hazır olacaq... Orada əmilər, dayılar, qohum-əqraba,
tayfa, pul və başqa-başqa məsələlər insanın
dərdinə yetişməyəcək! Orada insan fərd olaraq
cavab verəcək. İt şəklindəmi məşhur olacaq,
donuz şəklindəmi məşhur olacaq, hansı eybəcər
şəkillərdə məşhur olacaq və ya insan şəklində
məşhur olacaq – məlum deyil. Elə halda olacaq ki, onun üfunətindən
camaat bezəcək, ya bir halda olacaq ki, camaat onun təravətindən
sevinəcək?
Çox mühüm məsələdir. İnsan
düşünə, insan unutmaya, insan anlaya ki, belə bir gün
gələcək və o gün var və o gundə mütləq
cavab veriləcək! O günü insan unutmaya!
Qiyamət günü
üçün adlardan biri “yəvmə tubləs-sərair”dir.
Qiyamət günü bir gündür ki, gizli sirrlər aşkar
olacaq, niyyətlər aşkar olacaq. Bu dünyada çox asandır
ki, adam mələk qiyafəsində hoqqabazlıq edə! Özü
üçün çox rahat, çox yaxşı bir durum ala, altda
isə elə işlər görə ki, heç adam ağlına
gətirməyə! Amma Qiyamət günü bir gündür
ki, bunlar üzə çıxacaq!
Lap sadəsini deyək ki, bir-iki
nəfər nanəcim ki var, Allah evinə pis niyyət ilə
gəlirdi, üzə çıxacaq ki, bunlar kim idi!. Hansı
nanəcimlər idi ki, gəlib burada mö’minlərin ab-havasına
zəhər qatırdı! Bu elə ən sadə misal! Yaxşı
yerdir ki, dua edək.
Allahım! Hidayət et bu cür insanları!
Gələn cümə günü, inşəallah, bəhsimiz
o gün haqdadır ki, gizli sirrlər aşkar olacaq.
Keçək
günümüzlə bağlı məsələyə. Mö’minlər,
mö’minələr! Qarşıdan bir neçə mühüm
hadisə gəlir, “vəhdət həftəsi” başlayır.
Bir həftə başlayır ki, əziz Rəsulallahımızın
(s) mövludu ətrafında, Rəsul (s) eşqi ətrafında
məzhəbindən, firqəsindən asılı olmayaraq, müsəlmanların
birləşmə həftəsi başlayır.
Allah rəhmət
etsin o məracelərə, o alimlərə, o üləmalara
ki, vəhdət üçün çalışdılar və
bu gün dünya səthində belə bir əmanəti qoyub
getdilər.
Vəhdət həftəsi münasibətilə
bütün mö’min və mö’minələri təbrik edirik!
Həm məzhəbdaxili vəhdət çox mühümdür,
həm dindaxili vəhdət çox mühümdür, həm
ümumiyyətlə, insani dəyərlər ətrafındakı
vəhdət çox-çox mühümdür! Allah Təala insanlara
bu cür vəhdəti anlayıb yaşatmağı nəsib
etsin!
İkinci mühüm məsələ: Mövlud Günü
yaxınlaşır. Bir kəsin mövludu gəlir ki, hər
şey ona görə xəlq olunub. Gələn cümə günü,
mayın 7-də, inşəallah, əziz Peyğəmbərimizin
(s) mövludu olacaq. Həmin gün nə yaxşılıq edə
bilirsiniz, edin. Bu gün bayram kimi nə təsəvvür edə
bilirsiniz, həmin gün elə bayram edin. Bu gün nə Allah
üçün yaxşı işlər görmək imkanınız
var, həmin gün edin.
Yaşatmaq lazımdır Peyğəmbərin
mövludunu!
Yaşatmaq lazımdır Peyğəmbərin ad
gününü!
Bu gün nə görürük? Toplumda nə
mə’nasız günlər var, qeyd edilir, üzü Valentin günündən
tutmuş bu yana. Amma toplum Peyğəmbərinin (s) ad gününü
tanımır. Niyə? Bunun günahının bir qismi də
bizim üzərimizə düşür. Çatdırmaq lazımdır
bu günü topluma. Tanıdığınız bütün
insanları təbrik edin. Bayram ruhiyyəli olmaq lazımdır.
Bayram keçirmək lazımdır, tam genişqəlbliliklə
bayram keçirmək lazımdır. Bərpa etmək lazımdır
bu İlahi ən’ənəni!
Gəlin düşünək,
görək kimin bayramıdır bu! Rəsulallah (s) hər baxımdan,
hər bir digər məsələlərdən qat-qat üstündür.
Hər nəyimiz var – Rəsuldandır, hər kimimiz var – Rəsuldandır
(s)!
Əlimiz (ə) varsa, Rəsuldandır!
Zəhramız (s.ə)
varsa, Rəsuldandır!
Həsənimiz, Hüseynimiz varsa, Rəsuldandır!
Əbazərimiz varsa, Rəsuldandır!
Alnıaçıq yaşayışımız
varsa, Rəsuldandır! Dönməzliyimiz varsa, Rəsuldandır!
“Heyhat minnə zillə”miz varsa, Rəsuldandır!
Nə müsbət
şey varsa - o Rəsulallah (s) məktəbindəndir!
Əhli-Beyt
yolçusu – yə’ni Rəsul yolçusu. Əli(ə) yolçusu
– yə’ni Rəsul yolçusu! Bə’zi vaxtlar olur insanın evdə
bir neçə övladı olur, onlardan biri bir qədər tez-tez
naxoş olur. İnsan o səbəbdən həmin övlada daha
çox diqqət edir. Tarixən də belə alınıb ki,
həmişə Aşuraya, Məhərrəmə daha çox
basqılar olduğu üçün, buna daha çox diqqət
yetirilib.
Lakin, bu belə deyil ki, biz Peyğəmbər (s) mövludunu
adiləşdirək. Bütün mövludlar bərpa olunmalıdır.
Bütün şəhadətlər bərpa olunmalıdır.
Bu mövludların tacı və zirvəsi Rəsulallahın
(s) mövludu olmalıdır.
İnşəallah, Allah Təala
bizə qismət etsin, elə bu ildən bu dediyimiz sözləri
canlı surətdə həyata keçirənlərdən olaq!
Allahım! Bütün dünya müsəlmanlarını və
o cümlədən, bu cəmi Peyğəmbər (s) və Əhli-Beyti
(ə) ilə məşhur et!
Allahım! Bizlərə, bütün
müsəlmanlara həqiqi vəhdəti anlayıb, əməl
etməyi nəsib et!
Allahım! Bizi Rəsulullahı (s) anlayanlardan
və onun yolunu gedənlərdən qərar ver!
AMİN!