CÜMƏ GÜNÜNÜN SİLSİLƏVİ
BƏHSLƏRİNDƏN
İmam-camaat: Hacı İlqar İbrahimoğlu Allahverdi
Mövzu: Qiyamət günü və onun adları(5).
Tarix: 14.05.04
Bismilləhir-Rahmənir-Rahim.
Vəs-salətu vəs-sələmu alə rasulilləhil-əmin, Muhəmmədin salləl-lahu ələyhi və alihi və səlləm və alihi tayyibinət - tahirin və lənətul-lahi alə ə-dəihim əcməin minəl-ən ilə qiyəmi yəvmid-din.
Keçən həftələrədən bir mübarək bəhsə başlamışıq: “Qiyamət günü və onun adları”. Bu bir bəhsdir ki, insan adət üzrə bu mövzunu unudur və bu bir bəhslərdəndir ki, insanın bu dünyada müvəqqəti olmasını bir miqdar onun yadına salır. Təəsüflər olsun ki, insanların böyük əksəriyyəti bu hələlik, müvəqqəti dünyadan yapışır və Qiyamət gününü unudurlar.
Mübarək Qur’ani-Kərimin 76-cı
surəsinin 27-ci ayəsində bu məsələ xüsusilə
vurğulanır: “bunlar bu hələlik (müvəqqəti)
dünyaya ürək bağlayıblar (sevirlər); ağır
və çətin günü (yəni Qiyamət gününü)
qulaq ardına vurublar”.
Əgər adam Qiyamət gününü
qulaq ardına vurmasa, unutmasa idi, günah edə bilərdimi? Əgər
Qiyaməti yadında saxlasa idi, bu gün İraqda edilən o
alçaq işgəncələri edə bilərdimi? Adam əgər
Qiyaməti yadda saxlasa idi, bu gün bütün dünyada şouya
çevrilməsi üçün, bir insanı yerə yıxıb
başını qoyun kimi kəsib, bütün dünyanın
əlinə fürsət verməyə bir şərait yaradardımı?
Adam əgər Qiyamət gününü unutmasa, işlədiyi
məntəqədə, işlədiyi sahədə Allah evinin
arxasınca böhtan atmaz, şər atmaz və nəticə
e’tibarilə, gündəlik minlərlə, onminlərlə insanın
lə’nətinə səbəb olmazdı!
Bu onu göstərir
ki, təəsüflər olsun və bir daha təəsüflər
olsun ki, insanların başı qarışıb bu müvəqqəti,
bu cılız, bu ötəri, Mə’sumlar tərəfindən
talaq verilmiş, (özü də bir dəfə yox, bir neçə
dəfə ki, geriyə qayıda bilməsin), dəyəri olmayan,
zahiri parıldayan, içi puç olan bir dünyaya! İnsan unudur
o günü ki, hər nə edib, bir gün əvəzini görəcək!
İnsan yəvmid-dini unudur, insan hesab gününü unudur,
insan unudur ki, bir haqq gün var ki, onun olmasında şəkk-şübhə
yoxdur və yüz faiz olacaq! İnsan yəvməl-həqqi unudur.
İnsan unudur o günü ki, insanın əmisi, dayısı,
tayfası, dərisinin rəngi, boyu və s. dərdinə dəyməyəcək.
Tam haqq əsasında nəyə layiqdir, ona da layiq görüləcək.
İnsan unudur yəvməl-fəsli, ayrılan günü. Murdarların
paklardan, çirkinlərin yaxşılardan ayrılan gününü.
İnsan unudur o günü ki, yəvməl-fəsldir və ayrılma
gedəcək və insanlar hərə özünə aid olan
yerə gedib çıxacaq! İnsan unudur o günü ki, bütün
gizlinlər aşkar olacaq. İnsan unudur o günü ki, onun
haqqında deyilib, “sərairlərin (gizlinlərin) açıq-aşkar
olan bir günü!”. Gizlənmiş hər şeyin üzə
çıxdığı bir günün olmasını unudur
insan! İnsan unudur o günü ki, hər şey aşkara çıxacaq
və üzü ağlar və üzü qaralar həmin gün
İlahi dərgahda olacaq. Üzü qaralar İlahi əzabın
içində boğulacaq, üzü ağlar İlahi ne’mətin
və rəhmətin içində olacaqlar!
Keçən bəhsimizdə
Qiyamət gününün “yəvmə tubləs-sərair”
adı ilə bağlı hissəsinə başladıq. Dedik,
Qiyamət günü bir gündür ki, o gün “tubləs-sərair”,
yə’ni bütün gizlilər aşkar olacaq. Burada, bu dünyada
nə var ki! Burada hər şeyi gizlətmək olar. Amma orada
gizlətmək olmayacaq! Həm gizlində edilən yaxşı
əməllər aşkara çıxacaq, həm də edilən
pis əməllər aşkara çıxacaq!
Keçən bəhs
toxunduq üzü qara olanların durumuna ki, onları nə gözləyir.
Bu gün bəhsimizin davamı olaraq, bir daha mübarək ayəyə
nəzər salaq, bu dəfə üzü ağlarla bağlı.
3-cü surənin 107-ci ayəsində buyrulur: “Amma o kəslər
ki, üzləri nurlu və üzləri ağdır, Allahın
hüdudsuz feyz və rəhmətindən bəhrələnirlər
və daimi olaraq orada qalacaqlar”. Bir başqa surəyə nəzər
salaq. 75-ci surənin 22-ci, 23-cü ayələrində görürük
ki, ağ üzlərlə bağlı açıqlama gəlir:
“O gün (Qiyamət günü) bir qrup insanlar məşhur olacaq
bir halda ki, gözəl və parlaq sifətlər var ki, İlahi
rəhmətin intizarındadırlar”. Bu ayənin bəyanında
İmam Rzaya(ə) nisbət verilir ki, buyurur: “Bu qrup Qiyamət
günü parlaq durumda gələcəklər və İlahi
hədiyyə intizarındadırlar”. Biz görürük ki,
həmin o insanların durumuna Qur’an xüsusilə diqqət yetirir:
həm üzü ağların, həm də üzü qaraların.
Misal üçün, 75-ci surənin 24-cü, 25-ci ayələrində
buyrulur: “(Qiyamət səhnəsinə bəzi fərdlər
daxil olacaq ki, üzləri çox tutulmuş və yığılmış
haldadır). Bunlar qaşqabaqlı halda olacaqlar. Onlar bilirlər
ki, o ağır əzab onları tutar”. Bu üzü qaralara aiddir,
o kəslərə ki, onlar özləri ilə buradan mənfiliklər
aparıblar! Bunlar Qiyamət günü qaş-qabaqlı halda
olacaqlar və bunlar bilirlər, bunların tam bilgisi var ki, bu əzab
bunları tutacaq. Başqa bir surədə - 80-cı surənin
38, 39-cu ayələrində buyrulur: (bu artıq üzü ağlara
aid olan ayələrdir) “O gün (Qiyamət günü) üzlər
müşahidə olunacaq ki, nurlu və işıqlıdırlar.
(Bunlar İlahi rəhmət intizarında) gülüb və
sevinərlər”.
Çox maraqlı səhnə və maraqlı
gündür ki, insanların tam fərqli haləti olacaq, onlar
tam fərqli durumda olacaqlar. Kimisi qaş-qabaqlı olacaq, kimisi
sevinc və gülüş içində olacaq. Ayənin davamı
olaraq gəlir, buyrulur: “Üzlər görünəcək ki,
torludur, (kədərli və solğundur). Bunların üzlərinə
zülmət və qaranlıq çöküb.(Zülmət
və qaranlıq onların üzlərini örtüb və
bürüyüb). Bunlar o kəslərdir ki, ömürlərini
bu dünyada küfrdə və günahda, pozğunluqda başa
vurdular”. Çox maraqlıdır. Bu dünyanı küfrlə,
pozğunluqla, günahla başa vuranın üzü Qiyamət
günü tozlu olacaq, onların üzlərini qaranlıq bürüyəcək
və bunların durumundan elə çox acınacaqlı vəziyyət
bəlli olacaq. 55-ci surənin 41-ci ayəsində bir maraqlı
cəhətə də işarə olunur. Buyrulur: “Məşhərdə
mücrimlər, (günahkarların, pozğunların) simalarından
tanınarlar”. Yə’ni onların simalarında günah artıq
təzahür etmişdir. Yə’ni onlar artıq simalarından
tanınacaqlar və insanlar onların zahirini görüb batinlərini
anlayacaqlar. Bu çox maraqlı bir cəhətdir ki, artıq bu
günahkarların, bu mücrimlərin, artıq bu pozğunların,
fəsad əhlinin üzündə bunların durumu yazılacaq.
Bunların üzündən bəlli olacaq ki, bunların içində
nə var və vəziyyət nə yerdədir.
Bu baxımdan
Qiyamət günü bir gündür ki, “sərair”, bir gündür
ki, bütün hər bir gizli üzə çıxacaq. Yaxşının
yaxşı durumu üzə çıxacaq, pisin pis durumu üzə
çıxacaq. Ləyaqətli, şəxsiyyətli, vicdanlının
üzü ağ olacaq, üzü nurlu olacaq. Lakin, vicdansızın,
ləyaqətsizin, şəxsiyyətsizin üzü qara olacaq,
üzü tozlu olacaq, üzü o halda olacaq ki, üzlərindən
bunların daxili və batini bəlli olacaq!
Günümüzə gələk.
Günümüz üçün də bu mövzu xüsusilə
əhəmiyyətlidir. Bu gün müsəlman aləmi, hətta
bütün dünya çox ağır günlər yaşayır.
Dünya bu gün imtahan verir. Dünya bu gün öz çatdığı
dəyərlərin ətrafında imtahani verir. Dünya istəyirdi
can qurtara hoqqabazlıqdan, istəyirdi can qurtara yalançılıqdan,
istəyirdi can qurtara ikiüzlülükdən, istəyirdi can
qurtara insanın alçalmasından! Lakin hadisələr onu göstərir
ki, nəinki can qurtarmır, hələ üstəlik bəşər
daha ağrılı, daha dəhşətli günlərini yaşayır.
İrak müsəlmanlarının, müsəlman bacı və
qardaşlarımızın zindanda başlarına gələn
tükürpədici işgəncələr, çox narahatedici
səhnələr üzə çıxır. Məsələ
bundadır ki, hər hansı bir insana qarşı işgəncə
yolverilməzdir. Bunu din də deyir, bunu Allah da deyir, bunu Peyğəmbər
(s) də deyir. Bunu xristian da deyir, bunu yəhudi də deyir. Dünyada
bir dənə də olsun dəyər sistemi tapmazsınız
ki, deyə işgəncə yaxşıdır. Dəyərlər
sistemi inkişaf etməklə bərabər, bu gün dünya
hüquqi müstəvidə də gəlib çatıb buna ki,
işgəncə olmaz. İşgəncə insan şəxsiyyət
və ləyaqətinin alçaldılmasıdır və yalnız
fiziki işgəncə də işgəncə sayılmır,
elə mə’nəvi işgəncə də işgəncə
xarakterini daşıyır.
Məsələn, hansısa şəxsiyyətsiz
kimsə, “Cümə” məscidi haqqında hansısa hədyan
fikir söyləyirsə, öz vəzifəsini düzgün
yerinə yetirmirsə, İçəri şəhərdə
əmin-amanlıq yaratmaq əvəzinə, utanmaya-utanmaya durub
Allah evinə böhtan atıbsa, bu özü elə inanclı
adam üçün ən böyük işgəncədir. Normal
ölkələrdə olsa idi, onu hər bir mömin məhkəməyə
verə bilərdi ki, “utanmırsan, Allah evinə şər atmısan!”
və kompensasiya da ala bilərdi ki, “mən sənə görə
özümü narahat hiss etmişəm!”. Yə’ni işgəncə
tək fiziki olmur. Hər baxımdan, mə’nəvi də, fiziki
işgəncə də pisdir.
Dərd burasındadır ki, bunlar
bir neçə tərəfdən faciəliyi göstərir.
Bir faciə, insanın faciədir. Görün bəşər
nə gündədir, hələ nələr baş verir. İkinci
faciə müsəlman olaraq yaşanılan bir faciədir. Görün
ümmət nə haldadır, nə vəziyyətdədir ki,
başına nə işlər gəlir. Ümmətin başı
bir-birinə qarışanda belə olur! Elə bilməyək
ki, başqa ölkələrdən danışılır. Əfsus
ki, özümüzdə də elədir. Ağla gələn
və gəlməyən işgəncələr olub və şükürlər
olsun ki, dünya bir durumdadır, bir haldadır, bir vəziyyətdədir
ki, heç müsəlman olmayanlar özləri qaldırıb
bu məsələni. Soruşurlar ki, niyə, nə səbəbə,
nəyə görə bunlarla belə rəftar etməlisiniz?!
Yaxşı haldır bu. İndi burada müsəlmanlar bir qədər
də bu məsələdən yapışıb, bu məsələlərin
elə arxası ilə gedib sona çatmaq əvəzinə, təxribatlar
baş verir. Əlbəttə, yə’qin yoxdur ki, bunları edənlərin
özü müsəlmanlardır. Mə’lum deyildir ki, bunu edənlər
özləri nə durumdadır, bunu edənlər özləri
nə vəziyyətdədir. Amma son üç-dörd gündür
ki, nə vaxt informasiyaya baxılır, elə görünür
ki, güya bir qrup müsəlman yığılıbdır,
birinin başını kəsirlər və dünyaya qəddar
bir müsəlman obrazı təqdim edilir. Çox ağrılı
bir haldır! Bir sual verən yoxdur ki, kimdir bunlar? İkincisi,
bunların nə ixtiyarı var İslam adından, müsəlman
adından danışalar? Üçüncüsü, bu nə
deməkdir, adamı yıxasan yerə, qoyun kimi başını
kəsəsən? Dördüncüsü, məgər haradasa
bir məsihi nə edirsə, bu bütün xristianlığa
aid olur? Amma məsələ budur ki, artıq dünyaya, bütün
ictimai rə’yə bu təqdim olundu. Təqdim olundu ki, baxın
müsəlman budur. Sabah Qarabağdan da söhbət gedəndə,
bədnam qonşular durub deyəcəklər ki, bunlar müsəlmanlardır,
bunlar bu işləri görəcək bizimlə orada! Harada müsəlman
var, bu məsələ onun üçün birmə’nalı olaraq
ziyanlı tamam olacaq. Yə’ni, burada ağılla, müdrikliklə
gedilməli vəziyyət olmalıdır. Başqa yol yoxdur.
Bu saat çox ağır və çox böhranlı bir vəziyyətdir.
Ümumiyyətlə, dünyada son müddət ərzində
bu cür böhran yaşanmayıb. Gəlib çatıb bir vəziyyətə
ki, dünya mədəniyyətləri ya toqquşmaya doğru
gedir, ya danışığa doğru, dialoqa doğru gedir. Həmd
olsun Allaha, dünya müctəhidləri çox gözəl,
müdrik mövqelərdə durublar və inşəallah, Allahdan
istəyimiz budur ki, bu məsələrdə onların, Allah
qoysa, müdrikliyi ilə müsəlman ümməti imtahandan
çıxar! Əlbəttə, bu çox ağrılı bir
məsələdir. Gör vəziyyət nə yerdədir! Nəcəf
və Kərbəla o yerlər deyil ki, bunların ətrafında
döyüşlər gedə! Bu dərddir, bu böyük bəladır!
Böyük dərddir və böyük bir bəladır ki,
Kərbəla və Nəcəf ətrafı döyüş
poliqonu, döyüş meydanı deyil, bura ziyarət yeridir!
Bura qırmızı xəttlərdir, bura toxunulmaz yerlərdir!
Allah belə fitnələrdən saxlasın hamımızı.
Ona görə də çox diqqətli olmaq lazımdır. Çox
ağrılı və çox dəhşətli, pis vəziyyətdir.
Həddən artıq pis vəziyyətdir. Dualarda fikir vermək
lazımdır bu məsələlərə. Çünki, qırmızı
xəttə yaxınlaşıb bu hadisələr. Qırmızı
xəttlər dərəcəsinə kimi gəlib çatıb.
İndi Allah özü güc versin, qüvvət versin, inşaallah,
bu hadisələrədə diqqətli olmaq lazımdır.
Belə
bir sual çıxa bilər ki, bəs yaxşı, biz nə edək?
Biz diqqətli olmalıyıq və hərə öz işində,
gücündə, yerində, ibadətində çalışmalıdır
bu məsələlərə bir vücudi yanaşa. Burada da
biz elə qırmızı xətlərdəyik. Kənarda deyilik,
burada da qırmızı xəttdir. Burada da elə deyirlər
ki, məscidi muzey edək, nə edək və s. Burada da elə
qırmızı xəttdəyik! Bir qırmızı xəttdəyik
ki, bu qırmızı xəttdən o yanası yoxdur. Şükür
olsun Allaha ki, bu neçə aydır verilir bu imtahanlar, bu imtahanları
da ləyaqətlə sona çatdırmaq lazımdır. Yə’ni,
burada xüsusi diqqətli olmaq lazımdır. Xüsusən də
təxribatçılara, hoqqabazlara qarşı diqqətli olmaq
lazımdır. Onlar vaxtaşırı belədirlər. Ya susurlar,
ya bir müddətdən bir dirilirlər, dirçəlirlər.
Hamıya hər şey aydındır. Hamı bu neçə
ayda ə’la bilir vəziyyəti, maşallah, böyük ayıqlıq
gedib. Ona görə də bu məsələlərə çox
diqqətlə yanaşmaq lazımdır.
Bir dənə də
məsələ yekunda istəyirik deyək. Yadınıza gəlirmi,
sökülən bir məscid var idi? Hamının yadındadır.
Gedin baş çəkin görün o torpaqların ətrafında
nə olub! Guya o yer strateji yer idi, məscid də olmazdı tikmək.
Bütün torpaqlar satılıb, evlər tikilib. Bircə məscidin
olduğu yerə heç kim girmir. Maraqlıdır, deyirdilər
ki, ora strateji bir yerdir, məscid tikmək olmaz. Məscid elə
yerdir ki, hamı gedib ibadət edəcək. Nə oldu məscid
olmaz, amma ev tikmək olar? Məscid tərəfə gedən
yoxdur, qorxurlar orada ev tikməyə. Şükürlər olsun,
xalqın qəlbində bir balaca da olsa xof var. Heç olmasa deyir,
o yerdə ev tikərəm düşər-düşməzi
olar. Bu səviyyədə heç olmasa başa düşülür.
Bəli, düşər-düşməzi olar, eləcə adamın
yeddi qatından da keçər! Məscidlə zarafat edənin
yeddi qatından keçər! Tarix boyu da keçəcəkdir.
Elə-belə deyil, dualarınızda mütləq və mütləq
məscidlə bu müddətdə zarafat edənləri yada
salın və dualarınızda onlara xüsusi yer ayırın.
İnşaallah, hidayət olunası deyillərsə, Allah cəzalarını
versin və verəcək də. İnşəallah qız alanda,
qız verəndə hamısını tanıtmaq lazımdır
topluma ki, filankəsin atası, filankəsin əmisi, filankəsin
dayısı filan iş görüb, bu nəslin nəsli-nəcabətində
qarışıq var. Niyə? Bu adam məscidlə nəsə
düz gəlmir. Bu Allah evinə böhtan atan olub. Bu adama qız
almaq, qız vermək və başqa min dənə məsələlər
var, diqqətli olmaq lazımdır. Toplumu tanıtdırmaq lazımdır.
Toplumda əmr be məruf və nəh yəz münkər yaşanmalıdır!
Mütləq və mütləq yaşanmalıdır. Bu ibrət
olmalıdır ki, sabah başqası qələtlər etməsin.
Necə ki, İraqda işkəncələr edənlər mütləq
cəzasına çatmalıdır, cəzasına çatmağa
doğru gedir də. Burada da qırmızı xəttlərdir,
diqqətli olmaq lazımdır. Ağılla da, müdrikliklə
də bu məsələlərdə getmək lazımdır.
Bizim vəziyyətimiz göz qabağındadır. Biz ibadətlə
məşğuluq və Allah qoysa, inşəallah, bu məscid,
məscid olaraq nə etməlidir, Peyğəmbər (s) və
Əhli-Beyt (ə) məktəbində olan məscid, məscid
olaraq nə etməlidir, hamısını etməyə çalışmışıq
və edəcəyik. Məscid məscid olaraq kamil bir duruma gəlib
çatmalıdır.
Allaha şükür, bu on iki ildə bərpa
oluna-oluna gedir ən’ənələr. Etikaf bərpa olunub, digər
məsələlər də bərpa olunub, və inşəallah,
bərpa ola-ola da gedəcək. Uşaqlar üçün bayram
keçirildi keçən həftə. Şükürlər olsun,
yüz nəfər, yüzdən çox mö’min balası gəldi
bayrama! Böyük məsələdir. Yüz nəfər balanın
gəlməsi o deməkdir ki, hələ toplum ölməyib,
hələ valideyn fikirləşir övladı haqqında. Peyğəmbər
(s) mövluduna yüz nəfər uşaq gəlirsə, böyük
məsələdir. Nə çıxsa, bu uşaqlardan çıxacaq.
Millət üçün də, toplum üçün də, dəyərlər
üçün də nə etsə, inşaallah, elə bunlar
edəcəklər! Bu baxımdan mütləq və mütləq
bütün ayıqlığımızla, bütün diqqəttimizlə
baxmalıyıq, qırmızı xətləri də dəqiq
tanımalıyıq və qırmızı xətlərdə
tam ayıqlıqla dayanmalıyıq. Allah eləməsin unutqan
olaq, Allah etməsin bu müvəqqəti dünyaya aldanmış
olaq! Allah etməsin bu müvəqqəti dünyanın bər-bəzəyi
çaşdırmış ola, Allah etməsin bu müvəqqəti
dünyada vaxtımızı aydın olmayan məsələlərə
itirək və axırda bir gün ayılaq ki, hər şey
əldən gedib.
O gün Şuşa ilə bağlı
əzadarlıq keçirdik. Bu gün daha Şuşa məscidində
keçirdə bilmirik. Bu göz qabağındadır ki, bu gün
Şuşa məscidini fransızlara vermək istəyirlər
və onlar da muzey etmək istəyirlər. Çox maraqlı
vəziyyətlərdə yaşayırıq biz. Kimin gücü
çatır, getsin Şuşa məscidi ilə bağlı nəsə
etsin də! Ona görə Allahdan biz müsəlmanlar üçün,
hamımız üçün həqiqi oyanış, həqiqi
dirçəliş, həqiqi vücudi durum, inşəallah arzu
edirik!
Allahım! Bu dünyada və axirətdə bizləri
həzrət Peyğəmbərdən (s) və Əhli-Beytindən
(ə) ayrı salma!
Allahım! İşğal olunmuş müsəlman
torpaqlarının, xüsusilə də Qarabağın tezliklə
azad olunmasını nəsib et!
Allahım! Günahlarımıza
əfv qələmi çək, müşküllərimizi aradan
qaldır!
Allahım! Zəmanə Sahibinin – 12-ci İmamın
(ə.f.) mübarək zühurunu tezləşdir! Bizləri
onun zühurunu tezləşdirənlərdən qərar ver!
AMİN!